Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib

 

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb

 

- Sədaqət xanım, bugünlər bütün dünyada qadınların bayramı qeyd olunur. Azərbaycan qadınları bu bayramı hansı əhval-ruhiyyədə qarşılayır? Ümumiyyətlə, qadınların cəmiyyətdəki rolu haqda fikirlərinizi bilmək istərdik.

- İlk növbədə, mən bütün Azərbaycan qadınlarını bu gözəl gün münasibətilə təbrik edirəm, onlara hər zaman uğurlar, xoşbəxtlik arzulayıram. Həqiqətən də, dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında qadının rolu əvəzedilməzdir desək, bəlkə də yanılmarıq. Çünki, nəzərə alsaq ki, qadın ilk növbədə anadır, valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, qadının xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar. Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda qadınların hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Xalqımızın Tomris, Nüşabə, Sara xatun, Xan qızı Natəvan kimi dövlətinin varlığını qorumaq üçün diplomat, dövlət başçısı rolunda yüksək səviyyədə çıxış edən qadınları olub. İkinci bir tərəfdən, Azərbaycan xalqında qadına hörmət göstərmək bir mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimiz-İslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur. Bütün bunlar Azərbaycan xalqında kompleks şəkildə qadına münasibət anlayışının formalaşmasına gətirib çıxarıb.

Qeyd etmək lazımdır ki, hər zaman elmə, inkişafa, müasirliyə həvəs göstərən Azərbaycan xalqı qadınların təhsil alması, onların huquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olması məsələsində ifrat mühafizəkar olmayıblar. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar. Ən əsası Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb.

- Müasir Azərbaycanda qadınlara olan münasibəti necə dəyərləndirmək olar?

- Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Mən deyərdim ki, Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib. Bunun nəticəsi idi ki, 1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Daha sonra, 2000-ci ildə qadın siyasəti və buna diqqətin artırılması ilə bağlı imzalanan Fərman ölkəmizdə qadınlara dövlət qayğısının bariz sübutu sayılmalıdır. Burada, ictimai və siyasi həyatda qadınların irəli çəkilməsi, qadın sahibkarlığı, qadınlara qarşı zorakılıq, qadın alveri, qaçqın və məcburi köçkün qadınların məşğulluğu, gender amilinin dövlət siyasətinin bütün istiqamətlərinə daxil edilməsi məsələləri öz əksini tapıb. Bunun nəticəsində dövlət idarəçiliyinin yüksək pillələrində qadınların təmsilçiliyi daha da artıb, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınlar əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Ulu öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Bundan başqa, qadınlarımız yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyətləri ilə seçilirlər. Son bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız yerli özünüidarətmə orqanlarında böyük faizlə təmsilçilik hüququ qazandılar. Bu, zərif cinsin nümayəndələri üçün mühüm bir faktordur. Bu, həm də qadın problemləri ilə bağlı məsələlərin həllində həmin insanların köməyinin nümayiş etdirilməsi deməkdir. Mən bu məqamda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Mehriban xanımın çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün bir nümunədir.

- Bəs qadınların ictimai-siyasi fəallığını necə dəyərləndirmək mümkündür?

- Qeyd etmək istəyirəm ki, Azərbaycan qadınları siyasi cəhətdən də fəaldır. Onlar daha çox Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşiblər. Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardan ibarətdir. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizdə nüfuzlu, tanınmış ziyalı qadınlar bu partiyanın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai-proseslərdə fəallığı daha artır. Son bələdiyyə və parlament seçkilərində onların seçkilərdə iştirakı və qazandığını uğurlar buna bariz sübutdur.

- Ölkəmizin bəzi regionlarında gender məsələləri ilə bağlı müəyyən problemlərin hələ də qalması haqda fikirlər səslənməkdədir. Bu məsələlərin həlli üçün hansı addımlar atılmalıdır?

- Bilirsiniz, ideal cəmiyyət qurmaq olduqca çətindir. Sadəcə problemləri azaltmaq, onların həlli yollarını izah etmək lazımdır. Bu istiqamətdə ölkəmizdə mühüm işlər görülür. Azərbaycan dövlətinin gender siyasətini həyata keçirən dövlət komitəsi bu istiqamətdə regionlarda kifayət qədər mühüm tədbirlər həyata keçirir. Sadəcə, bu gün regionlarda aparılan işlər daha da intensivləşdirilməlidir. Sevindirici haldır ki, artıq regionlarda azyaşlı qızların ailə qurması məsələləri azalıb. Artıq regionlardan ali məktəblərə qəbul olan qızlarımızın da sayında artım müşahidə olunur. Bu, özü problemin həllində mühüm amildir. Fikrimcə, regionlarda erkən nikahla bağlı problemlərin həlli istiqamətində bütünlüklə cəmiyyətimiz mübarizə aparmalıdır. Düzdür, bu problemi birdən-birə həll etmək, valideynlərə bunu birdən-birə izah etmək elə də asan deyil, amma, son dövrlərdə aparılan təbliğat işləri əsasında bu zərərli ənənə aradan qalxmaq üzrədir. Bir məqamı da vurğulamaq istərdim ki, Azərbaycan parlamenti tərəfindən qəbul edilən "Məişət zorakılığı"nın qarşısının alınması haqqında" qanun qadınların, qızların hüquqlarının qorunması istiqamətində mühüm bir sənəddir. Bu, bəzi ailələrdə hələ də mövcud olan streotiplərinin aradan qalxmasına yaxından köməklik göstərəcək. Azərbaycan 1995-ci ildən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib.

- Bəs qadınların gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyəsindəki rolu haqqında nə demək istərdiniz?

- Müharibə şəraitində olan ölkəmizdə anaların üzərinə böyük bir məsuliyyət düşür. Bu gün Azərbaycan anaları xalqımızın gələcəyi sayılan gənclərin vətənpərvərlik ruhunda, milli dəyərlərimizə bağlı, xalqına yurduna bağlı şəkildə böyüyüb inkişaf etməsini təmin etməlidirlər. Bu gün Azərbaycan anaları sağlam gəncliyin dövlətçilik ruhunda, düzgün istiqamətdə yetişməsinə çalışmalıdır və fikrimcə, çalışır da. Azərbaycan qadınları milli qəhrəmanlar dünyaya gətirirlər ki, bütün xalqımız onlarla fəxr edir. Şübhə yoxdur ki, bu gün lazım gələrsə qadınlarımız da əlinə silah götürüb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdır. Mən inanıram ki, Azərbaycanda hər zaman qadınlar yüksək şəkildə dəyərləndiriləcək, onların cəmiyyətin inkişafındakı rolu qiymətləndiriləcək.

 

 

Səs.- 2011.- 8 mart.- S. 9.