Goranboy rayonunun Kələk kəndi ərazisində orta əsr yaşayış yerinin qalıqları aşkarlanıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyası və AMEA Gəncə Regional Elmi Mərkəzin Arxeologiya və Etnoqrafiya şöbəsinin
əməkdaşları tərəfindən
2011-ci ildə Gəncə
və onun ətrafında aparılan
arxeoloji qazıntılar
davam etdirilir. Kəşfiyyat işləri
zamanı Gəncə
yaxınlığında, Goranboy
rayonunun Kələk kəndi ərazisində nəhəng kərpic kürəxanası, orta əsr yaşayış yerinin qalıqları və müvafiq qəbiristanlıq aşkarlamışdır.
Kürəxanadalı kərpiclərin
ölçüsünə və saxsı məmulatına əsasən,
ilkin olaraq, onun XII-XIII əsrlərə
aid olduğunu söyləmək olar. Kürəxananın, hələlik, 4 yarusu təmizlənmişdir,
ancaq torpaq altında qalan təmizlənməmiş yaruslar
da vardır. İlkin ehtimala görə, burada Gəncəni və onun yaxınlığında
yerləşən Şutur
qalasını tikinti kərpicləri ilə təmin edən iri bir sənətkarlıq
emalatxanası olmuşdur.
Ərazidən Korçayın
qolu olan Kələk çayının
keçməsi, torpağının
gilli olması, yanacaq üçün meşə materialının
zənginliyi kərpic
emalatxanasının məhz
həmin ərazidə
tikilməsinə zərurət
yaratmışdır. Torpağı
uzaq məsafəyə
daşımaqdansa, hazır
məhsulun daşınması
daha ucuz başa gəldiyindən, emalatxana xammal mənbəyinə yaxın
ərazidə tikilmişdir.
Bu cür kərpiclərdən həm
qala divarları, həm körpü, qəbirüstü abidələr,
yaşayış evlərinin
tikintisində, həmçinin,
şəhəri su ilə təmin edən su tünglərinin
mühafizəsində istifadə
olunmuşdur.
Bu cür kərpiclərdən
həm də su arxları çəkilib, küçələrin
döşənməsində istifadə olunub. Belə bir abidə
həmin ərazidə
yerli əhali arasında Şirinbulaq kimi tanınan su mənbəsinin tikintisində istifadə olunub.
Gəncə və onun ətrafında kərpic emalatxanasının
olması haqqında Nizami Gəncəvinin
"Kərpickəsən kişinin
dastanı" əsərində
də məlumat verilir.
Yaxın vaxtlarda Gəncə şəhər icra hakimiyyəti və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı
ilə həmin ərazidə AMEA "Gəncə
Regional Elmi Mərkəz"in Arxeologiya və Etnoqrafiya şöbəsinin
və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Gəncə
arxeoloji ekspedisiyası"nın əməkdaşlarının
iştirakı ilə
geniş arxeoloji
tədqiqat işlərinə
başlanılacaqdır.
Qeyd edək ki, abidənin Gəncənin İntibah dövrü sənətkarlığının
öyrənilməsi baxımından
elmi əhəmiyyəti
böyükdür və
Azərbaycanda indiyədək
məlum olmayan ən böyük kürəxanadır. Abidənin
tədqiqatı başa
çatdıqdan sonra
Mədəniyyət və
Turizm Nazirliyinin köməkliyi ilə onun gələcəkdə
mühafizəsi və
turizm məqsədilə
istifadəsi nəzərdə
tutulur.
Zümrüd
Səs.- 2011.- 8 mart.- S. 12.