Dövlət Proqramı Qobustan rayonunda uğurla icra olunur

 

Dövlət Proqramına uyğun olaraq rayonda həyata keçirilməsi nəzərdə tutulan 19 tədbirdən 12-sinin icrasına başlanılıb

 

Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə, dünya dövlətlərinin lideri statusunu daşıyır.

 

Qobustan inkişaf yollarında

 

Regionlarda yerli tələbatı ödəyən sənaye sahə və müəssisələrinin formalaşmasının sosial-iqtisadi əhəmiyyətini Qobustan rayonunda daha aydın görmək olur. Son illərdə bu iqtisadi rayonda bütün sahələrdə baş verən müsbət dəyişikliklər, yaradılmış istehsal sahə və sferalarının sürətlə inkişafı və səmərə verməsi düşünülmüş tədbirlərin və onların reallaşdırılmasının yekunu kimi qiymətləndirilməlidir. Rayon icra hakimiyyətindən verilən məlumata görə, ölkə Prezidentinin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar bir çox uğurlu tədbirlər keçirilib. Belə ki, rayonun park və xiyabanlarında 6 mindən çox, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cəngi meşəsalma müəssisəsi tərəfindən 212100 ədəd ağac əkilibdir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda həyata keçirilməsi nəzərdə tutulan 19 tədbirdən 12-sinin icrasına başlanılıb. 2009 və 2010-cu illərin məhsulu üçün əkilmiş taxıl sahələrinə görə istifadə olunmuş yanacaq və motor yağlarına görə yardımın verilməsi təmin edilmişdir. Qobustan şəhərində 10 min tonluq tutumu olan taxılsaxlama anbarının tikintisi davam etdirilir. Vergi terminalının, baytarlıq və diaqnostika mərkəzinin, Bədəlli kəndində isə baytarlıq məntəqəsinin tikintisi başa çatdırılıbdır.

2009-2010-cu illər ərzində 276 baş inək yüksək məhsuldar cins buğa toxumu ilə mayalandırılmış, 88 baş bala alınıbdır. Rayonda 3 özəl damazlıq arıçılıq təsərrüfatı yaradılıb, 7 özəl toxumçuluq təsərrüfatı tərəfindən 1400 ton keyfiyyətli toxum əkinçilərə satılıbdır.

 

Rayon ərazisində infrastruktur işləri genişləndirilir

 

Rayonda uğurlu görülən işlərdən ən vacibi yolların əsaslı təmiri və qaz xətlərinin  çəkilməsidir. Bu baxımdan Qobustan-Xilmilli və Sabir-Təklə Mirzəbaba yolunda cari təmir işləri görülmüş Qobustan şəhərinin şərq hissəsində giriş meydanı əsaslı təmir olunub, şəhərdaxili küçələrin 4,2 kilometrində əsaslı təmir işləri aparılıbdır.

Xilmilli kəndinin qazlaşdırılması, Nabur və Sündü kəndlərində qazlaşdırmanın tam başa çatdırılması üçün müvafiq tamamlama işləri aparılır. Cəyirli, Çelov, Təklə və Təklə Mirzəbaba kəndlərində korroziyaya uğramış 753 metr boru xətləri yenisi ilə əvəz edilmişdir. Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Xilmilli kəndində su təchizatının yaxşılaşdırılması məqsədilə müvafiq sənədlərin hazırlanmasına başlanılıbdır. Qobustan şəhərində Olimpiya İdman Mərkəzinin tikintisi davam etdirilir, bundan əlavə, rayonda bir süni örtüklü futbol meydançasının tikintisinə başlanılmışdır. Xilmilli kəndində 360 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, Təklə kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Qobustan şəhərində bələdiyyə və təhsil şöbəsi üçün inzibati binalar tikilib istifadəyə verilmiş, Milli Elmlər Akademiyasının seysmoloji stansiyasının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən günəş və külək enerjisindən istifadə üzrə stansiyaların quraşdırılması işləri aparılır. Ötən il, həmçinin, Xilmilli, Təklə və Ərəbşalbaş kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilib, Cəngi kəndində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Qaracüzlü kəndi ərazisində "AXV" MMC tərəfindən çınqıl hasilatı üçün elevatorlar quraşdırılıbdır. Eyni zamanda, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayon "Aqrotexservis" filialı və rayon statistika idarəsi üçün inzibati binaların tikintisi üçün müvafiq sənədlər hazırlanılır.

 

Rayonda 7366 yeni iş yeri açılıb

 

Dövlət proqramlarının icrası nəticəsində son illərdə rayonda 7366 yeni iş yeri açılıbdır ki, bunlardan 1851-i daimi iş yeridir. Rayonda istehsal olunan heyvandarlıq məhsullarının 100 faizi, taxıl məhsullarının isə 98 faizi özəl sektorda istehsal olunur. 2010-cu ildə rayonda 27417 ton taxıl, 1058 ton kartof, 931 ton tərəvəz, 605 ton bostan məhsulu, 1165 ton meyvə və 500 ton üzüm istehsal olunmuşdur. Rayonda taxıl toxumlarının istehsalı ilə məşğul olan 1 elmi idarə, 1 dövlət təsərrüfatı, 11 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2010-cu ildə toxum istehsalçılarına 117 min manat subsidiya verilmişdir.

Son illər ərzində rayonda 4 nəfər Qarabağ əlili fərdi yaşayış evi ilə, 7 Qarabağ əlili və 1 şəhid ailəsi isə mənzillə təmin edilmişdir. Hazırda rayonda əlillər və şəhid ailələri üçün 16 mənzilli binanın tikintisi başa çatmaq üzrədir. 2010-cu ildə rayonda 2 nəfər əlil dövlət tərəfindən pulsuz avtomobillə təmin edilmişdir.

Sündü, Ərəbşalbaş, Təklə, Təklə Mirzəbaba, Cəmcəmli kənd tam orta, Ərəbşalbaş kənd ümumi orta və Qaracüzlü kənd məktəblərində əsaslı, şəhər 3 saylı tam orta, Sədəf ümumi orta və Nardaran kənd ibtidai məktəblərində cari təmir işləri görülmüşdür. Cəngi kəndində yeni məktəb binasının tikintisi üçün müvafiq layihə sənədləri hazırlanır. Bundan başqa, məktəblərə 300 ədəd parta və 70 ədəd müəllim stolları paylanmışdır. Yerli büdcə hesabına 130 ədəd printer alınaraq məktəblərə verilmişdir. Mərkəzi rayon xəstəxanasında yaradılmış həkim və orta tibb işçilərindən ibarət səyyar qruplar, mütəmadi olaraq, rayonun yaşayış məntəqələrində, təhsil müəssisələrində reydlər keçirmiş, aşkar olunmuş xəstəliklərlə bağlı müvafiq tədbirlər həyata keçirmişlər.

 

Qobustanda səhiyyə sahəsində görülən işlər

 

Eyni zamanda, Qobustan rayonunda səhiyyə sahəsində də böyük işlər görülür. Belə ki, təcili təxirəsalınmaz yardım şöbəsi müasir tibbi avadanlıqla təmin olunmuş, avtonəqliyyat və zəruri dərman preparatları ilə təmin edilməsi nəticəsində 7200 sakinə evə çağırışla, 5432 ambulator xəstəyə isə şöbədə ilkin tibbi yardım göstərilibdir. 2685 nəfər 6 yaşına qədər uşaqlar arasında təqvim üzrə qoruyucu peyvəndlər aparılıbdır. Nəticədə əvvəlki illərdən fərqli olaraq, bu yaş qrupuna aid uşaqlar arasında təqvim üzrə bütün uşaqlar arasında qoruyucu peyvənd aparılmışdır. Eyni zamanda, 627 uşağa qan qrupu təyin edilmiş, 823 uşağa isə elektron sağlamlıq kartı paylanılıb, 140 şəkərli xəstə qlukometr aparatı ilə təmin edilmişdir. Qeydiyyatda olan onkoloji, əsəb-ruhi, qan və şəkərli xəstələr, həmçinin, 243 vərəmli xəstə DOST proqramı vasitəsilə dərman preparatları ilə təmin olunub. Həmçinin, Qurbançı kənd həkim məntəqəsi yeni müasir bina və avadanlıqla təchiz edilibdir.

2010-cu ildə görülmüş işlər, həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, çiçəklənən və intibah dövrünü yaşayan Qobustan və qobustanlılar cari ildə də böyük uğurlara imza atacaqlar.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 10 mart.- S. 7.