“Hələ çox işlər görülməlidir"

 

Prezident İlham Əliyev: "Bakı bu gün, sözün əsil mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib"

 

Məlum olduğu kimi, martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Toplantıda Bakıda aparılan tikinti-quruculuq işlərinin gedişi və nəzərdə tutulan layihələr haqda geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın paytaxtı müasir və inkişaf edən şəhərə çevrilir

 

Son illərdə Azərbaycanda aparılan geniş quruculuq işləri ölkənin simasını tamam dəyişib. Sevindiricidir ki, ölkəmiz gündən-günə inkişaf edir və güclənir. Bu, özünü həm statistik göstəricilərdə, həm də gündəlik həyatda göstərir. Son illərdə Bakı şəhərində, həmçinin, bütün şəhər və kəndlərdə çox böyük quruculuq və abadlıq işləri aparılır.

Sözsüz ki, ölkəmizdə ən böyük quruculuq işləri paytaxt Bakıda aparılır. Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynayıb. Lakin eyni zamanda, hökumət əyalət şəhərlərinin də müasirləşdirilməsi üçün çalışıb.

Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "...Bakının müasir meqapolisə çevrilməsi səyləri öz nəticəsini verməkdədir. Şəhərdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bütün bunların nəticəsində Bakı bu gün, sözün əsil mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

 

Şəhərin infrastrukturu müasirləşdirilir

 

Müşavirədə vurğulanıb ki, Bakıda bu il Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcək. Bu mərkəz də dünya standartları səviyyəsində qurulur, burada yol hərəkətini tənzimləmək üçün ən qabaqcıl texnologiyalardan istifadə ediləcək.

Qeyd edilməlidir ki, son illərdə şəhərə çoxsaylı iri tutumlu müasir avtobuslar gətirilib, yaxın zamanlarda yeni taksi maşınları gətiriləcək. Beləliklə, şəhərdə tıxac problemlərinin həlli üçün əlavə imkanlar yaranacaq.

Dövlət başçısı müşavirədə Bakı şəhərinin kommunal sistemlərinin durumu və əhalinin təminatı məsələlərinə də toxunaraq deyib: "Bakıda infrastruktur layihələrinin icrası böyük səmərə verir. Xüsusilə, elektrik enerjisi ilə təchizatda son illərdə böyük və əsaslı dönüş yaranmışdır, yarımstansiyalar tikilmişdir, transformatorlar təzələnmişdir və bu proses davam etdirilir. Şəhərimizi etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bu il və gələn illərdə hələ çox işlər görülməlidir.

Şəhərimizdə qəsəbələr daxil olmaqla qazlaşdırma prosesi uğurla gedir. Hazırda Bakı şəhərinin 97 faizi qazlaşdırılıb. Ancaq biz elə etməliyik ki, yaxın illərdə 100 faiz qazlaşdırmaya nail olaq. Eyni zamanda, xüsusilə, qəsəbələrdə qazın təzyiqi bəzi hallarda lazımi səviyyədə deyildir. Onu da yaxşılaşdıraq ki, bu məsələ də tam şəkildə öz həllini tapsın.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində, əminəm ki, yaxın zamanlarda Bakının su ilə təminatı kəskin şəkildə yaxşılaşdırılacaq. Yaxın zamanlarda bu kəmər tam gücü ilə çalışacaq və şəhərimizin əhalisinin 70 faizi keyfiyyətli içməli su ilə təmin ediləcək, suyun davamlı verilməsi təmin olunacaqdır. Şəhərimizin qalan hissəsinin içməli su ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir.

 

Bakı mədəniyyət mərkəzinə çevrilib

 

Xüsusilə, qeyd edilməlidir ki, Bakıdakı bütün tarixi binalar bərpa və təmir edilib. Bərpa işləri təkcə xarici görüntü ilə məhdudlaşmayıb, binaların təməli də daxil olmaqla, bərpa işləri aparılıb. Binaların içində olan kommunikasiyalar, liftlər təzələnib, damları yenidən qurulub. Təkcə şəhərin mərkəzində deyil, kənar yerlərdə də əvvəlki illərdə tikilmiş binalar bərpa olunur.

Son illərdə paytaxtın, demək olar ki, əsas parkları yenidən qurulub. Bu parklarda həm istirahət etmək üçün gözəl şərait yaradılıb, həm də orada müasir standartlara uyğun xidmət göstərilir. Bununla bərabər, yeni parklar salınıb.

Son illərdə şəhərdə, demək olar ki, bütün əsas teatrları, bütün muzeyləri əsaslı təmir edilib. Yeni muzeylər, nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi tikilir və mədəni həyatımızı zənginləşdirən digər tarixi binalar təmir olunur. Ölkə Prezidenti vurğulayıb ki, növbəti illərdə təmirə ehtiyacı olan bütün şəhər mədəniyyət ocaqları əsaslı təmir olunacaq.

"Şəhərimizdə möhtəşəm Heydər Əliyev Mərkəzi tikilir. Bu mərkəz artıq dünya memarlıq xəzinəsinə daxil edilib. Hələ ki, tikinti gedir, ancaq bu mərkəzin görüntüləri artıq ən mötəbər kataloqlarda da öz əksini tapır. Yəni bu, dünya miqyasında nadir memarlıq abidəsi olacaq. Eyni zamanda, mərkəzin böyük funksional mənası vardır. Azərbaycanın memarlıq simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin ətrafında doqquz hektar sahədə gözəl park salınır.

Xüsusilə, qeyd etməliyik ki, son illərdə İçərişəhərdə gedən abadlıq-quruculuq işləri də hər bir Bakı sakinini sevindirir. Dövlət başçısı bu məsələyə xüsusi önəm verir: "Vaxtilə işlərin düzgün şəkildə qurulmaması ucbatından milli sərvətimiz olan İçərişəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük işlər gördük, yeni qurum yaradıldı, İçərişəhərdə təmir-bərpa işləri aparıldı. Biz nail olduq ki, İçərişəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. Bu gün həm Bakı sakinləri, həm şəhərimizə gələn qonaqlar İçərişəhərlə tanış olarkən Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər. Bu, bizim tariximizə, qədim mədəniyyətimizə olan münasibətimizdir".

 

Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib

 

Qeyd edək ki, Bakının simvollarından biri olan 100 yaşlı Dənizkənarı Bulvar da əsaslı təmir edilib. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Bir neçə il öncə bulvarda infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi. İndi bu bulvar dünyada bir nömrəli bulvardır. Bu gün bulvarın uzadılması layihəsini icra edirik- bulvar həm sağ, həm sol tərəfə uzadılacaqdır.

Artıq Dəniz Ticarəti Limanının köçürülməsi prosesinə başlanılıb. Ələt qəsəbəsində yeni ticarət limanı yaradılır. İndiki ticarət limanının ərazisində artıq parklar salınır və bulvar Bayraq Meydanına qədər uzadılacaqdır. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşdirilibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcəkdir. Beləliklə, hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaqdır”.

Bayraq Meydanı isə nadir memarlıq abidəsidir, müstəqilliyimizin rəmzidir. Dünyanın ən hündür və ən böyük bayrağıdır. Orada həm də muzey fəaliyyət göstərir. İndi meydanın ətrafında böyük quruculuq-abadlıq işləri aparılır. 60 hektar ərazidə böyük quruculuq işləri aparılır- parklar, bulvar, istirahət, gəzinti üçün yerlər salınır.

Bundan sonra da Bayraq Meydanına gedən bütün yollar tikiləcək, yeni yollar çəkiləcək və gəzinti üçün böyük və möhtəşəm bir meydan, əgər belə demək mümkünsə, bəlkə də dünyanın ən böyük meydanı yaradılacaqdır.

Ümumiyyətlə, Bakının sosial-iqtisadi inkiaşfına dair müşavirə paytaxtımızda indiyədək görülən işlərə qiymət verilməsi, bundan sonra görüləcək işlərin isə planlaşdırılması baxımından çox səmərəli oldu. Şübhə yoxdur ki, gələcəkdə də Bakı dünyanın ən müasir şəhərləri arasında öncül mövqeyini qoruyub saxlayacaq.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 11 mart.- S. 4.