Kənd təsərrüfatının
inkişaf perspektivləri...
2011-ci ildə aqrar sektorda müşahidə edilən
davamlı uğurlar və yeni nailiyyətlər
Bu il yanvarın 14-də
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında kənd təsərrüfatının
inkişafından geniş təfsilatla söhbət açan
Prezident İlham Əliyev yekun nitqində demişdir:
"2011-ci ildə kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq üçün əlavə
tədbirlər görülməli, subsidiyaların verilməsi
davam etdirilməlidir. Əvvəlki illərdə
görülmüş işlər öz bəhrəsini verir,
soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd
təsərrüfatının inkişafına öz müsbət
təsirini göstərmişdir. Növbəti illərdə
bu müsbət meyillər daha da gücləndirilməlidir".
Başqa sözlə, dövlətimizin
başçısı aqrar sahə qarşısında duran
mühüm vəzifələri xatırlatmış,
perspektivləri müəyyənləşdirmişdir.
İdxaldan asılılıq minimum həddə endiriləcəkdir
Dövlət başçısı toxumçuluğun və heyvandarlığın da inkişafı barədə danışmış bu sahələri dəstəkləməyin, Azərbaycanda ərzaq məhsullarına tələbat sahəsində idxaldan asılılığın minimuma endirilməsinin, əhalini quşçuluq məhsulları ilə 100 faiz təmin etməyin vacibliyini vurğulamışdır. Azərbaycan Prezidenti kəndin müasir texnika ilə təminatından danışarkən demişdir: "Aqrolizinq", aqroservislərin fəaliyyəti kənd təsərrüfatının inkişafına böyük dəstəkdir, bu sahədə də dövlətin müdaxiləsi və siyasəti, əlbəttə ki, həlledicidir. Əgər indi Azərbaycanda traktor istehsal olunmasaydı, vəsait kənara gedəcəkdi. Onsuz da Azərbaycan dövləti bu vəsaiti ayırıb texnikanı alır. İndi texnikanın bir hissəsi artıq Azərbaycanda istehsal olunur".
Eyni zamanda, ölkə başçısı taxıl istehsalının artırılması, böyük fermer təsərrüfatlarının yaradılması üçün də kompleks tədbirlərin görülməsi vacibliyini vurğulamışdır. Prezidentin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il, "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" 21 avqust 2008-ci il tarixli sərəncamları aqrar bölməyə dövlətin ardıcıl diqqət və qayğısına parlaq sübutdur. Kənd təsərrüfatı məhsulları istehsalçıları bu qayğını hər zaman öz üzərlərində hiss ediblər. Belə ki, istehsalçılar ötən ili əksər göstəricilər üzrə uğurla yola salmışlar. Rəqəmlərə müraciət etsək, görərik ki, 966,7 min hektar sahədən, qarğıdalı da nəzərə alınmaqla, 2 milyon tondan artıq dənli və dənli paxlalılar yığılmışdır. Bununla yanaşı, 37,3 min ton pambıq, 15,7 min ton günəbaxan, 256,5 min ton şəkər çuğunduru, 953,7 min ton kartof, 1 milyon 181 min ton tərəvəz, 433,5 min ton bostan məhsulları, 729,3 min ton meyvə, 129,5 min ton üzüm, 3243 ton tütün və 545 ton çay istehsal edilmişdir. Başqa sözlə, 3877,7 milyon manatlıq məhsul, o cümlədən, 1999,1 milyon manatlıq bitkiçilik, 1878,6 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunmuşdur. İntensiv aparılmış aqrotexniki tədbirlərin və gübrələrin verilməsinin nəticəsi olaraq pambıq istehsalı 17 faiz, dən üçün günəbaxan istehsalı 8 faiz, şəkər çuğunduru istehsalı 33,6 faiz, ərzaq üçün bostan məhsulları istehsalı 5,5 faiz, meyvə istehsalı 1,5 faiz, tütün istehsalı 24,3 faiz, çay istehsalı 21,9 faiz, tərəvəz istehsalı 0,2 faiz, üzüm istehsalı 0,3 faiz artmışdır. Adambaşına illik istehlak normasından 1,8 dəfə çox kartof, 1,8 dəfə çox tərəvəz və bostan məhsulları, 1,7 dəfə çox meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir. İstehlak tələbatından artıq istehsal olunmuş bəzi məhsulların ixracı 2010-cu ildə də davam etdirilmişdir. Keçən il ərzində 64 min ton kartof, 187,2 min ton meyvə, 54,3 min ton tərəvəz məhsulları ölkədən ixrac edilmişdir. Əhalinin un və un məmulatlarına olan tələbatını tam ödəmək məqsədi ilə respublikaya 2010-cu ildə 1 milyon 330 min ton buğda, 8,4 min ton buğda unu gətirilmişdir. Bu məhsullar üzrə ixrac idxaldan 117,5 milyon ABŞ dolları artıq olmuşdur. Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsi, mineral gübrələrin və damazlıq heyvanların güzəştlə satılması, aqroservis xidmətlərinin yaxşılaşdırılması tədbirləri 2011-ci ildə də davam etdirilməkdədir. Respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədi ilə 2011-ci ilin məhsulu üçün ötən ilin payızından bir sıra hazırlıq işlərinə başlanılmışdır. 915,2 min hektar sahədə dən üçün payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa təşkil edir. Bu da 2010-cu ildəkindən 6,6 min hektar artıqdır.
Heyvandarlığın
inkişafında artan rəqəmlər
Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqda son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına öz müsbət təsirini göstərməkdədir. Təkcə 2010-cu ildə əvvəlki ilə nisbətən ət istehsalı (diri çəkidə) 7,1 faiz artaraq 439,9 min ton, süd istehsalı 6,7 faiz artaraq 1 milyon 529 min ton, yumurta istehsalı 1 milyard 178,6 milyon ədəd, yun istehsalı 2,4 faiz artaraq 15,6 min ton təşkil etmişdir. Ölkə üzrə ötən il qaramalın sayı 2,64 milyon baş, o cümlədən, inək və camışların sayı 1,3 milyon baş, qoyun və keçilərin sayı 8,46 milyon baş, quşların sayı 22 milyon olmuşdur. Bu, əvvəlki illərlə müqayisədə xeyli artıqdır və inkişafın artan nöqtəsinin göstəricisidir. Damazlıq işinin yaxşılaşdırılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir. "Aqrolizinq" ASC vasitəsilə 2009-cu ildən başlayaraq ölkəmizə Almaniyadan yüksək məhsuldar damazlıq heyvan gətirilərək güzəştli qiymətlərlə kənd təsərrüfatı istehsalçılarına satılır. Gətirilən damazlıq heyvanlar yerli şəraitə daha tez uyğunlaşaraq yüksək süd məhsulu və çəki artımı verir. Bu il dövlətimizin başçısı "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" daha bir Sərəncam imzalamışdır. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, damazlıq heyvandarlığı inkişaf etdirməkdir. Qeyd edək ki, sənəddə 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2011-ci il 24 fevral tarixli Sərəncamla "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat vəsait ayrılmışdır. Bu sənədi bir daha xatırlatmaq yerinə düşərdi. Burada "Heyvandarlığın inkişaf etdirilməsi tədbirləri" bölməsində qarşıya ciddi vəzifələr qoyulmuşdur. Həmin bölmədə damazlıq dövlət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xarici ölkələrdən gətirilmiş cins heyvanların bu müəssisələrə verilməsinin dəstəklənməsi tapşırılmışdır. Məsələ ilə əlaqədar nazirlik tərəfindən "Damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi məhdud məsuliyyətli cəmiyyətlərin maddi-texniki bazasının möhkəmləndirilməsi (2009-2012-ci illər)" layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Qeyd edim ki, heyvandarlığın daha da inkişaf etdirilməsində quşçuluğun xüsusi rolu vardır. Respublikada mövcud olan quşların 6,5 milyon başı quşçuluq fabriklərində yetişdirilir. İstehsal olunan ətin 30 faizi quşçuluq fabriklərinin payına düşür. Son illər quşçuluq fabriklərində müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların quraşdırılması, avtomatlaşdırma, yeni yumurtalıq istiqamətli toyuq cinslərinin yetişdirilməsi yumurta istehsalının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Respublikamızda sahibkarlığın inkişafına geniş şəraitin yaradılması quşçuluq fabriklərinin fəaliyyətlərinin də genişlənməsinə səbəb olmuşdur.
Əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatı
Həm bu Proqram, həm də Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində heyvandarlığın və onun yem bazasının intensiv texnologiyalar əsasında inkişaf etdirilməsinin stimullaşdırılması, yem bitkilərinin əkin sahələrinin, damazlıq quşçuluq təsərrüfatlarının genişləndirilməsi və damazlıq materiallarının yetişdirilməsi, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli quşçuluq təsərrüfatlarının yaradılması, regionlarda quşçuluq məhsullarının istehsalının genişləndirilməsi üzrə nəzərdə tutulmuş əhəmiyyətli tədbirlərin yerinə yetirilməsi istiqamətində əlaqədar qurumlar tərəfindən lazımi işlər görülür. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün əkin sahələrinin məhsuldarlığının artırılması, məhsulun vaxtında yığılması, mineral gübrələrlə və pestisidlərlə təmin edilməsi, fiziki və hüquqi şəxslərə texniki xidmətlərin göstərilməsi və s. sahəsində "Aqrolizinq" ASC tərəfindən xeyli iş görülmüşdür. Fəaliyyətə başladığı 2005-ci ildən indiyədək 10951 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən, 990 taxılyığan kombayn, 3066 traktor (ondan 1882-si Gəncə avtomobil zavodundan), 140 ekskavator, 76 dəst texnoloji avadanlıq, o cümlədən, 9 dəst süd emalı zavodu, 31 dəst soyuducu kamera, 8 dəst qarışıq yem zavodu, 2 dəst fındıq emalı zavodu, 4 dəst meyvəqurutma, 4 dəst damcı suvarma sistemi, 4 dəst bitki yağı istehsalı, 5 istixana və 1 dəst inkubator üçün texnoloji avadanlıq, 296,7 min ton mineral gübrə, 7 adda 301,4 ton pestisid gətirilərək, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir.
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 11 mart.- S. 7.