Cəlilabad sürətli inkişaf yolundadır

 

6 ildə rayonda 22 min 480 yeni iş yeri yaradılıb

 

İlk onilliyini yaşadığımız XXI əsr Azərbaycanın bir çox guşələri kimi Cəlilabadın da tarixinə sürətli inkişaf və intibah dövrü kimi daxil olub. Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində bu rayonda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Cəlilabad şəhərinin simasını tamamilə dəyişib, əyalət rayonunun gözəlliklərini daha da artırıb. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir.

 

Abadlıq-quruculuq işləri uğurla aparılır

 

Ölkə Prezidenti İlham Əliyevin respublikamızın rayonlarına müntəzəm səfərləri yeni-yeni sosial obyektlərin açılışı, istehsal və emal sahələrinin işə salınması, infrastrukturun yeniləşməsi ilə müşayiət olunur. Bu səfərlər bir daha göstərir ki, dövlətimizin başçısı tərəfindən regional inkişaf üzrə Dövlət Proqramında əksini tapmış hər bənd, hər müddəa daim xüsusi diqqətdə saxlanılır. Cəlilabad rayonunda səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev rayon ictimaiyyəti ilə görüşü zamanı görülən işləri yüksək qiymətləndirmişdir: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

Belə ki, rayonda ötən illər ərzində Cəlilabadda tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin, əlillər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, müalicə-diaqnostika mərkəzinin, "Cəlilabad şərab-2" ASC-nin, Göytəpə su anbarının açılışının olması deyilənləri təsdiqləyir. Yaşayış məntəqələrimizin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. Rayonda yeni park və xiyabanlar salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır, məktəblər tikilir. Altı ildə rayonda 12 min 800-ü daimi olmaqla 22 min 480 yeni iş yeri yaradılıb. Ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox digər obyektlərin tikintisinə başlanıb.

Onu da vurğulamaq lazımdır ki, rayonda tikinti-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirlərinin də xüsusi diqqət mərkəzində olması ilk baxışdan nəzərə çarpır. "Ekologiya ili" ilə əlaqədar rayonun girəcəyindəki Alar kəndindən şəhərə kimi magistral boyunca 20 min ağac əkilib. Həmin ağacların suvarılması üçün kanallar çəkilib, qorunması üçün gözətçilər təyin edilib. Bu yerlərin "yaşıl dəniz"inin yeni dalğaları ətrafın gözəlliyini artırır, havasını təmizləyir və sərinliyini çoxaldır.

 

Rayonda yeni sənaye müəssisələri yaradılır

 

Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində bu rayonda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Cəlilabad şəhərinin simasını tamamilə dəyişib, əyalət rayonunun gözəlliklərini daha da artırıb. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir.

Kənd təsərrüfatı məhsullarının saxlanması üçün hər biri iki min tonluq 3 soyuducu kameranın, hər biri on min tonluq 2 taxıl anbarının, iyirmi min tonluq regional gübrə bazasının inşası sürətlə davam etdirilir. Həmin obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasına əlverişli şərait yaradacaq. Olimpiya idman kompleksinin və rayon qaz istismarı idarəsinin inzibati binasının tikintisi davam edir. Yaxın vaxtlarda Lənkəran hərbi prokurorluğu üçün binanın və 360 yerlik Gülməmmədli məktəbinin inşasına başlanacaq.

Dövlət Proqramına uyğun olaraq, əhalini elektrik enerjisi və təbii qazla təmin etməkdən ötrü birinci yarımildə yeni yaşayış massivlərində 32 kilometr SİP kabeli çəkilib, 1193 ədəd dəmir-beton dirək basdırılıb, 5145 abonentə "Smart" tipli sayğac quraşdırılıb, Uzuntəpə kəndindəki qazpaylayıcı məntəqədən rayon mərkəzinə 10 kilometrlik əsas qaz xətti çəkilib, Göytəpə şəhərinin yeni massivinə və Kazımabad kəndinə təbii qaz verilib. Hazırda Alar və Günəşli kəndlərinin qazlaşdırılması davam etdirilir. İlk yarımildə rayona verilən elektrik enerjisi dəyərinin 67 faizi, təbii qazın dəyərinin isə 116 faizi ödənilib. Əvvəllər qazdan istifadə etmiş bütün kəndlərə yaxın illərdə mavi yanacağın verilişi bərpa ediləcək. Bu məqsədlə Cəlilabadda "Azəriqaz" İstehsalat Birliyinin regional tikinti-quraşdırma idarəsi yaradılıb.

Mübaliğəsiz demək olar ki, Cəlilabad rayonunda aparılan tikinti-abadlıq işlərinə bəlkə də respublikanın heç bir yerində rast gəlinməyib. Rayon mərkəzinə yaraşıq verən Maliyyə İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, "Respublika" bankının rayon filialı, "Kred-aqro" qeyri-bank kredit təşkilatı üçün inzibati binalar insanların istifadəsi üçün tikilmişdir. Rayonda fəaliyyət göstərən 3 dairə seçki komissiyalarının inzibati binaları, oftalmoloji xəstəxana, 4 saylı orta məktəb binası əsaslı təmir olunmuşdur.

 

Bütün millətlərin nümayəndələri rayonda mehriban ailə kimi yaşayır

 

Göytəpə Cəlilabadın peyk şəhəridir. Yaşayış məntəqəsi kimi iki yüz ilədək yaşı var. Bir zamanlar burada malakan və pravoslavlar məskunlaşmışlar. Hazırda əhalinin çox böyük əksəriyyəti azərbaycanlılardır. Sakinlərin ümumi sayı 13575 nəfərdir. 1992-ci ilədək Prişib adlandırılan şəhər tipli qəsəbənin həmin vaxtdan tarixi Göytəpə adı qaytarılıb. Şəhərdə üç məktəb, iki xəstəxana, bir peşə liseyi fəaliyyət göstərir. Əllidən artıq küçə var. Bütün küçələrin ünvan göstəriciləri, evlərin hamısının nömrələri təzələnib. Həmin küçələrdən biri və 1 saylı məktəb Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş Azərbaycanın Milli Qəhrəman Vüqar Mürsəlovun adını daşıyır. Ümumiyyətlə, Göytəpə şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin (onların sayı 30 nəfərdir) xatirəsi əziz tutulur. Vüqar Mürsəlovun büstü, Şəhidlər abidə kompleksi ziyarətgaha çevrilib. Yol kənarlarına və şəhərin mərkəzinə iki mindən artıq ağac əkilib. "Qurtuluş" küçəsinin bütün işıq dirəkləri təzələnib. Məişət tullantıları şəhərdəki kommunal müəssisələri kombinatı tərəfindən yığılaraq daşınır və zərərsizləşdirilir. Göytəpənin qaz təchizatı 70 faizə çatıb: hazırda 1400 təsərrüfat mavi yanacaq alır. Yaxın vaxtlarda yeni mədəniyyət evinin tikintisinə başlanacaq.

 

Rayonun iqtisadi imkanları artır

 

Göytəpə istiqamətində əkinlərin çoxunu kartof sahələri təşkil edir. Cəlilabadda il ərzində 3 dəfə kartof yetişdirilir. Yanvar ayının əvvəllərində əkilən və sellofan altında becərilən kartofun yığılmasına artıq bir neçə gündür başlanıb. Düzdür, nübar məhsulu yetişdirmək nisbətən çox vəsait tələb edir. Bununla bərabər, o, yaxşı gəlir gətirir. İndi yığılan məhsulun kiloqramı sahədə 50 qəpiyə alınır. İyun ayında məhsulu yığılacaq sahələrdə isə kartof gül açmağa başlayıb. Bu, onu göstərir ki, bitki yetişmə ərəfəsindədir. Bir sözlə, indi cəlilabadlılar sahələrdə yorulmaq bilmədən çalışırlar. Hamı istəyir ki, əkib-becərdiyi yerdən daha çox və keyfiyyətli məhsul götürsün. Əldə etdiyi gəlirlə ailəsini firavan dolandırsın, ev tiksin, maşın alsın, xeyir-şərini yola versin.

İndi məhsulu yetişdirməklə yanaşı, onu saxlamaq, qış aylarında əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək də önəm kəsb edir. Bu məqsədlə Cəlilabadda da anbarlar, soyuducu kameralar tikilir. Yaxın vaxtlarda onlar işə salınacaq və beləliklə torpaq mülkiyyətçisi, fermer yetişdirdiyi məhsulu necə və harada satmaq qayğısından azad olacaq.

Ümumiyyətlə, bütün bu işlər, onu deməyə əsas verir ki, Cəlilabad rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq, dəstəkləyir və müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 11 mart.- S. 8.