Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil
alan tələbələrlə
görüş keçirilib
Dünən Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun (KİVDF) təşəbbüsü
ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində
təhsil alan tələbələrlə ölkənin
aparıcı media və informasiya qurumlarının rəhbərləri arasında
görüş keçirilib.
Tədbirdə KİVDF-nin icraçı
direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetin (BSU) rektoru, professor Kamal Abdulla, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, "Səs"
qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə eləcə də
20-dən artıq digər
mətbu orqanların rəhbərləri iştirak
edib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdulla qonaqları
və tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu görüş
tələbələr üçün
böyük əhəmiyyətə
malikdir: “Tədbirin əsas məqsədi jurnalistika fakültəsində
təhsil alan istedadlı tələbələrə
qəzet redaksiyalarında
təcrübə keçmək
və gələcəkdə
işlə təmin olunmaları üçün
şərait yaratmaqdır".
KİVDF-nin icraçı
direktoru Vüqar Səfərli çıxışında
qeyd etdi ki, belə görüşlərin
təşkil olunmasında
məqsəd bu sahədə çalışanlara,
jurnalistika peşəsini
sevənlərə dəstək
verməkdir: "BSU-nun jurnalistika fakultəsinin sonuncu kursunda təhsil alan tələbələr
5 ay müddətində
müxtəlif qəzetlərdə
təcrübə keçəcək
və hər ay 100 manat məbləğində
əmək haqqı alacaqlar. 5 aydan sonra onlar özlərini
doğrultsalar və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin yerdə işə qəbul olunacaqlar. Hər il jurnalistikada oxuyan tələbələr
müxtəlif redaksiyalarda
təcrübə keçir,
amma onların təcrübəsi bizləri
qane etmir. Onlar təcrübə müddətində işləmək
əvəzinə, sanki
sonda kağıza qol çəkilməsini gözləyirlər. Bizim
isə istəyimiz ondan ibarətdir ki, istedadlı tələbələr, həqiqətən,
jurnalist olmaq istəyənlərin hamısı
işlə təmin edilsin. Qeyd edim
ki, fevralın
23-də analoji tədbir
Bakı Dövlət Universitetində keçirilib
və artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi
qəzet redaksiyalarında
işə başlayıblar".
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov çıxışında bu
məsələlərə optimist yanaşdığını
bildirib. Onun fikrincə, bu görüşlər KİVDF-nin
həyata keçirdiyi
ən mühüm və vacib layihələrdəndir:
"Bu layihədən
sonra jurnalistika fakültəsini bitirən
5-10 tələbə müxtəlif
redaksiyalarda işləyəcəksə,
bu, artıq mətbuatımızın uğuru
kimi qəbul oluna bilər. Hazırda jurnalist işləmək istəyən tələbələrin
çoxu televiziyaya üstünlük verirlər.
Ancaq unutmaq lazım deyil ki, televiziya jurnalistikası öz spesifik xüsusiyyətlərinə
görə, yazılı
mətbuatdan fərqlənir".
Ə.Amaşov tələbələrə
məsləhət gördü
ki, iş yerlərini seçərkən,
qəzetlərdən başlasınlar.
Məhz bundan sonra böyük uğurlar qazanmaq olar:" Bir məsələni də qeyd edim ki,
son zamanlar elektron jurnalistika yaranıb və bu da yeni
bir sistemdir. Ancaq unutmayaq ki, qəzetlərin də onlayn sistemləri var və gənclər sosial şəbəkələrdə,
bloklarda daha çox vaxt keçirməkdənsə, jurnalist
olmaq istəyənlərsə,
qəzetlərə daha
çox yazılar versin və onlarla əməkdaşlıq
etsinlər".
Tədbirin davamında çıxış edən
"Ayna-Zerkalo" qəzetinin
baş redaktoru Elçin Şıxlı
da bu görüşün
KİVDF-nin ən maraqlı layihələrindən
biri olduğunu deyib. O bildirib ki, bir çox
hallarda jurnalistika fakültəsində oxuyan,
yüksək səviyyəyə
və dünyagörüşünə
malik olub və xarici dil bilən tələbələr sonradan
jurnalist peşəsi ilə məşğul olmaq istəmirlər.
"Bunun bir çox obyektiv və subyektiv səbəbləri var"
deyən baş redaktor jurnalistika ixtisası üzrə universitetlərə qəbul
sistemində də müəyyən çatışmazlıqların
olduğunu deyib: "Bu gün jurnalistikaya
qəbulda qabiliyyət
imtahanlarının keçirilməsinə
ehtiyac var. Jurnalistika həyat tərzidir. Əgər kimsə öz həyat tərzini jurnalistikada görürsə,
ondan nəsə çıxacaq. Jurnalist hərtərəfli, yüksək
məntiq, təfəkkürə
və öz fikirlərini ifadə etmək bacarığına
malik olmalıdır".
Sonra BSU-nun professoru
Etibar Babayev universitetin jurnalistika fakültəsinin fəaliyyəti
barədə məlumat
verdi. Ardınca isə tələbələrin mətbuat
orqanlarının rəhbərlərinə
ünvanladıqları suallar
cavablandırıldı.
Tələbənin sualını
cavablandıran "Səs"
qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, ümumilikdə, Bakı Slavyan Universitetində tələblərin
fəal olduğunu qeyd etdi. Bildirdi
ki, bir neçə
il ərzində bu universitetdən redaksiyaya təcrübə
keçmək üçün
praktikantlar gəlir və bu gün
onlar arasında işləyənlər də
var. Lakin ümumi olaraq nəzərə aldıqda,
bu gün Azərbaycanda jurnalist buraxılışı aşağı
səviyyədədir: "Təcrübəyə gələn
jurnalistə "bu ixtisası nəyə görə seçdin"
sualını verdikdə,
"bu peşəni təsadüfən seçdim"
deyir. Belə tələbələrə yenidən
dərs keçə və jurnalistikanı sevdirə bilmərik. Əgər bu tələbə bəxtəbəxt
bu sahəyə təsadüfən gəlibsə,
onun üstündə
əziyyət çəkməyə
dəyməz. Gələcəkdə
jurnalist işləmək
istəyən, bu peşəyə marağı
olan tələbələrin
üzərində daha
çox işləmək
lazımdır. Qəzetlərin
səviyyəsinin qaldırılması
jurnalistlərin peşəkarlığından
asılıdır. Jurnalistləri
kəşf etmək və tapmaq üçün bu cür görüşlərdən
istifadə etmək vacibdir".
Tələbələrin suallarını cavablandıran
"Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qeyd etdi ki,
vətəndaş cəmiyyətinin
əsas atributlarından
biri vətəndaş-dövlət
münasibətlərinin hüquq
əsasında formalaşmasıdır:
"Hər birimizin sosial statusu gün ərzində dəyişilir. Siz bu gün burada
tələbə, burdan
çıxdıqdan sonra
isə ailənizin vətəndaşı olacaqsınız
və sairə. Bütün vətəndaşlar
hüquqi dövlətlə
dövlət-vətəndaş münasibətlərində bərabər
statusa malikdir. Ancaq bir də
peşə məsələsi
var. Azərbaycan jurnalist peşəsinin statusu cəmiyyətin sosial piramidasında kifayət qədər üst mərtəbələrdədir.
Son dövrlərdə
Azərbaycan dövlətinin,
prezidentinin həyata keçirdiyi siyasət nəticəsində bu statusun peşə nüfuzu daha da artıb. Bu gün informasiya
erasında hər bir jurnalistin əsas borcu vətəndaşlıq borcu
olmalı və bütün məsələlərdə
məhz vətəndaşlıq
öhdəçiliyindən və milli maraqlarından
çıxış etməlidir.
Ona görə də nə peşənin daşıyıcısı
olursunuzsa-olun, ilk növbədə, vətəndaş
olmaq lazımdır".
Görüşdə tələbələri
maraqlandıran digər
suallar da media kapitanları tərəfindən cavablandırıldı.
R.RƏSULOV
Səs.- 2011.- 11 mart.- S. 10.