Zaman Azərbaycanın xeyirinə işləyir

 

Elman Nəsirov: "Rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır"

 

Son zamanlar rəsmi Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqeyi hiss olunmaqdadır. Rusiya dövlətinin vasitəçiliyi ilə dəfələrlə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü keçirilib. Bu isə, onu deməyə əsas verir ki, Rusiya dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Prezidentlərin sayca 8-ci görüşü olan Soçi danışıqları buna bariz nümunədir. 2010-cu ildə də tənzimlənmə prosesində əsas söz sahibi olan Rusiya həm təşkilatçılıq, həm də təşəbbüs irəli sürmək baxımından ən aktiv tərəf idi, kəmiyyət baxımından isə, bu dövlət ən azı fəal idi.

"2011-ci ildə də Rusiyanın Soçi şəhərində D.Medvedevin vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirildi. Bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, 2011-ci ildə də tənzimlənmə prosesinə Rusiyanın həlledici fiqur olacağını indidən proqnozlaşdırmaq mümkündür. Ən azı, gördüklərimiz əsasında bu qənaətə gəlmək olar ki,  2011-ci ildə də tənzimlənmə prosesində estafet ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətlərindən biri olan Rusiyanın əlində olacaq" deyə politoloq Elman Nəsirov bildirib.

Politoloq qəzetimizə verdiyi açıqlamasında, onu da qeyd etdi ki, praqmatik düşüncəylə məsələyə yanaşsaq, görərik ki, doğrudan da, problemin həllində əsas söz və işğalçı Ermənistana təzyiq edə biləcək güc sahibi Rusiyadır.

Azərbaycan dövlətinin artan iqtisadi gücündən, potensialından, hərbi qüvvəsindən danışan politoloq vurğuladı ki, dövlətimizin Türkiyə kimi çox yaxın dostu, strateji müttəfiqi var.

E.Nəsirov onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində zaman Azərbaycan dövlətinin xeyirinə işləyir və bu proseslər gec-tez təcavüzkar ölkə olan Ermənistanın mövqeyində dəyişikliyə gətirib çıxaracaq.

Soçi görüşünə toxunan politoloq əlavə etdi ki, bu görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində az da olsa müəyyən irəliləyişlər mövcuddur. Yəqin ki, S.Sarkisyan bu dəfə konstruktivlik nümayiş etdirərək, hərbi əsirlərin qaytarılması ilə bağlı razılaşmaya əməl edəcək. Artıq bu gün Sarkisyan rejimi tamamilə siyasi dalana dirənibdir. Sadəcə olaraq, bəzi beynəlxalq qurum və dövlətlər Ermənistana qarşı çox ciddi təsir və təzyiq rıçaqlarını işə salmalıdırlar. Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan, bu gün bir dövlət olaraq, çox güclü və qüdrətlidir. Dövlətimiz öz istəyinə nail olaraq, torpaqlarını işğaldan azad edəcək.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 11 mart.- S. 11.