Hökumət parlamentdə hesabat verdi

 

Oqtay Əsədov: "2010-cu ildə Azərbaycan iqtisadi artıma görə MDB-də birinci yeri tutub"

 

Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi.

Spiker onu da bildirdi ki, 2010-cu ildə Azərbaycan iqtisadi artıma görə MDB-də birinci yeri tutub. Ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf qeydə alınıb. Azərbaycanın valyuta ehtiyatları 30 milyard dolları keçib, inflyasiya 5,7 faiz səviyyəsində olub.

O. Əsədov hökumətin 2010-cu ilə dair parlamentə daxil olan hesabatının yüksək səviyyədə hazırlandığını vurğuladı: "Baş vermiş qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlamışdır. Ötən il ümumi daxili məhsulun real artımı 5 faiz təşkil etmişdir. Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq siyahılarında yüksək qiymətləndirilir. 2010-cu ildə iqtisadi artım sürətinə görə ölkəmiz MDB məkanında birinci yeri tutub."

O.Əsədov neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun şaxələndirilməsinə və qabaqcıl texnologiyalar əsasında inkişafına, ölkə infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına yönəldildiyini söylədi: "Ötən il qeyri-neft sektorunda real artım 7,9 faiz olmuş, ümumi daxili məhsulun 44,4 faizi onun payına düşmüşdür. İndi Azərbaycan dünyanın 147 ölkəsi ilə 28 milyard dollarlıq xarici ticarət əməliyyatları aparır. İxracatın təqribən 48 faizi Avropa Birliyi ölkələrinin payına düşmüşdür. Dövlət başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkəmizdə hərbi sənaye kompleksi yaradılmış, ordumuzun müasir silahlarla təchizatı yaxşılaşmış, dövlətimizin hərbi qüdrəti daha da artmışdır. Bu gün Azərbaycanın rəqabət qabiliyyətli hərbi məhsulları dünya bazarlarına da çıxarılır".

Spiker bildirdi ki, ölkədə həyata keçirilən uğurlu büdcə və vergi siyasəti nəticəsində son 5 il ərzində dövlət büdcəsinin həcmi 3 dəfəyə yaxın artmış, valyuta ehtiyatları 30 milyard dolları ötmüş, inflyasiya idarə olunan səviyyədə (5,7 faiz) saxlanmışdır: "İqtisadiyyatda əldə olunan bu uğurlar əhalinin maddi rifahının yüksəlməsinə müsbət təsirini göstərmişdir. Keçən ilin yekunlarına görə ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir. Regionların sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər nəzərdə tutulan müddətlərdə icra olunmuşdur".

Sonra Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında Azərbaycan Respublikası Hökumətinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıldı. Onu da qeyd edək ki, hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanılıbdır.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.

Təqdim olunan hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanmışdır. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunmuş, məntiqi ardıcıllıq təmin edilibdir.

 

Artur Rasizadə: "2010-cu ildə Azərbaycanın milli inkişaf strategiyası uğurla həyata keçirilib"

 

Sonra Baş nazir Artur Rasizadə 2010-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatını təqdim etdi. Artur Rasizadə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ildə yürüdülən balanslaşdırılmış sosial-iqtisadi siyasət, əvvəlki illərdə olduğu kimi, ölkənin dinamik inkişafına, yüksək iqtisadi göstəricilərin əldə olunmasına xidmət edib: "2004-2010-cu illərdə ölkədə ÜDM üç qat artıb. Eləcə də, bu artım qeyri-neft sektorunda iki dəfə, sənaye məhsullarının inkişafı üzrə 2,8 dəfə, əsas kapitala investisiya 2,9 dəfə, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, bank əmanətləri 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, minimum əmək haqları 7,1 dəfə, orta pensiyalar 4,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, 913 min yeni iş yeri açılıb".

Baş nazir onu da vurğuladı ki, bu dövr ərzində ölkənin büdcə gəlirləri 9,3 dəfə, dövlət büdcəsini xərcləri isə 9,5 dəfə artıb: "Sosial təminat və sosial müdafiə xərcləri 5,3 dəfə, səhiyyə üzrə 7,8 dəfə, təhsil 5 dəfə, mədəniyyət, incəsənət və informasiya sahəsində 5,4 dəfə, müdafiə potensialının möhkəmlənməsi üzrə 8,7 dəfə, dövlət əhəmiyyətli kapital qoyuluşları üzrə 47,6 dəfə çoxalıb. Ötən il ərzində dünyanın bir çox ölkələrində dünya maliyyə-iqtisadi böhranının təsirinin hiss olunmasına baxmayaraq, Azərbaycanın daxili potensiala əsaslanan milli inkişaf strategiyası uğurla həyata keçirilib, yüksək iqtisadi və sosial inkişaf templəri əldə olunub".

Baş nazir Artur Rasizadə ölkədə qeyri-neft sektoruna investisiyaların artırıldığını ötən il iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırıldığını və uğurlu nəticələrin əldə olunduğunu da söylədi: "Ötən il iqtisadiyyatın qeyri-neft sektoruna investisiyaların artırılması və müasir texnologiyaların tətbiqi, bu sahələrin şaxələndirilməsinin təmin edilməsi, regionların balanslaşdırılmış inkişafı, sahibkarlığın inkişafı, işsizliyin səviyyəsinin azaldılması vasitəsilə makroiqtisadi uğurların əldə olunması Nazirlər Kabinetinin diqqət mərkəzində olub. Bunun nəticəsində hesabat dövründə ÜDM-in real artımı 5 faiz təşkil edərək 41,6 milyard manata, qeyri-neft sektorunda artım templəri isə 7,9 faizə çatıb. İnflyasiyanın səviyyəsi 5,7 faiz təşkil edib. Ötən il ərzində bütün mənbələrdən 13,9 milyard manat həmində sərmayə yatırılıb ki, bu da inişillə müqayisədə 32,4 faizlik artım təşkil edib".

Baş nazir, həmçinin, 2010-cu ildə Azərbaycan hökumətinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirləri davam etdirdiyini də vurğuladı. O, görülən tədbirlər arasında orta aylıq əməkhaqqının 9,1 faiz artaraq 325 manata çatmasını qeyd edib. Əməkhaqqının və pensiyanın baza hissəsinin minimal məbləği 85 manata çatdırılıb: "Ölkə Prezidentinin Sərəncamlarına əsasən, 1,3 milyon təqaüdçünün əmək pensiyasının baza hissəsi 13 faiz, 800 minədək büdcə təşkilatları işçilərinin aylıq əməkhaqqı 10 faiz, əhalinin aztəminatlı təbəqəsi üçün sosial müavinətlər orta hesabla 20 faiz artırılıb. Qaçqınların və məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün, ümumilikdə, 336,9 milyon manat ayrılıb. Ötən il ərzində ölkədə yoxsulluq səviyyəsi 9,1 faizədək azaldılıb, 73 min yeni iş yeri yaradılıb".

Sonra hesabat ətrafında müzakirələr başladı. Müzakirələrdə çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Elton Məmmədov hökumətin hesabatını qənaətbaxış hesab etdilər.  

 

Bahar Muradova: "Biz hər dəfə bu məsələləri qaldıranda, tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?"

 

Plenar iclasda çıxış edən vitse-spiker Bahar Muradova da, əvvəlki illərdə olduğu kimi, ötən ilin də böyük uğurlarla başa vurulduğunu bildirdi. B.Muradova, əsasən, iki mühüm sahəyə münasibət bildirmək istədiyini söylədi: "Xüsusilə, ordu quruculuğuna diqqəti yönəltmək istərdim. Çünki ötən ilə ordu sahəsində xeyli işlər görülmüşdür. Bu işlər orduda mənəvi-psixoloji vəziyyətin günün tələblərinə uyğun olması, eləcə də, bu sahənin maddi-texniki bazasının yüksəldilməsi, hərbi təyinatlı məhsulların istehsalı, hərbi sənayenin inkişafı ilə bağlı çox ciddi uğurlarla yadda qaldı. Ötən ildə hərbi sənayemizin məhsullarının bir neçə beynəlxalq sərgilərdə iştirakı və xüsusilə, əldə olunan bu uğurlar onu göstərir ki, Azərbaycan özünün müdafiə qüdrətinin artırmaq istiqamətində gücünə, potensialına arxalanır".       

B.Muradova, həmçinin, diqqəti bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snayperindən açılan atəş nəticəsində Fariz Bədəlovun qətlə yetirilməsinə yönəltdi. Vitse-spiker vurğuladı ki, bu hadisə 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların Novruz bayramına hazırlaşdığı bir vaxtda baş verib: "Bu addım prezidentlərin Soçi görüşündən sonra atıldı. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda, tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?"

B.Muradova, həmçinin, Azərbaycan qadınlarına müraciət edərək, Novruz bayramı günü süfrələrində 9 yaşlı şəhid Fariz Bədəlovun xatirəsini yad etmək üçün şam yandırmalarını xahiş etdi.

 

Mübariz Qurbanlı: "Azərbaycanın əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır"

 

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında qeyd etdi ki, Azərbaycanın əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Hazırda hökumət bu istiqamətdə sistemli iş aparır. Bununla belə, ölkədə kənd təsərrüfatının da inkişaf etdirilməsinə ehtiyac var. Qarşıdakı illərdə dünyada ərzaq çatışmazlığı probleminin yaşanacağını xatırladan millət vəkili hökuməti bu sahəyə diqqəti artırmağa çağırdı. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan nefti xammal şəklində deyil, neft məhsulları şəklində ixrac etsə, çox yaxşı olar. Bundan əlavə, hökumət digər sahələrdə istehsal olunan məhsulların ixracını da stimullaşdırmalıdır".

 

Əli Əhmədov: "Mənzil probleminin həlli üçün Dövlət Proqramı hazırlansın"

 

"Hökumətin hesabatı qənaətbəxş qiymətləndirilə bilər. Baş nazir Artur Rasizadənin səsləndirdiyi rəqəmlər 2010-cu ildə Azərbaycan iqtisadiyyatının və digər sahələrdə inkişafı əks etdirən göstəricilər belə fikri söyləməyə əsas verir. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, Azərbaycanın iqtisadi inkişafı əldə olunan nailiyyətlər nəticəsində yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, Prezident İlham Əliyevin bu inkişafın yeni mərhələsi ilə əlaqədar fikirlərinə istinad edirəm. Bu, Azərbaycanın növbəti mərhələdə müasirləşməsi, ilk növbədə, iqtisadiyyatın modernləşməsi mərhələsindən ibarətdir. Əmin olduğumu bildirmək istəyirəm ki, əldə olunan nailiyyətlər əsasında Azərbaycan hökuməti növbəti mərhələdə Prezidentin qarşıya qoyduğu vəzifələri də yerinə yetirə biləcək, səmərəli fəaliyyət göstərəcək". Bu fikirləri parlamentin dünənki iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının Sədrinin müavini, YAP İcra katibi, millət vəkili Əli Əhmədov söylədi. O, əldə olunan nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, bir sıra təklifləri hökumətin diqqətinə çatdırmaq istədiyini də bildirdi: "Azərbaycanın əhalisi sürətlə artır və son 20 ilin göstəriciləri nəticəsində Azərbaycanın əhalisi iki milyon artıb. Bu, iş qüvvəsinin artımı deməkdir. Əlbəttə, yeni iş qüvvəsi, artan iş qüvvəsi əhəmiyyətli iqtisadi resursdur. Təbii ki, bu səmərəli resursdan istifadə etdikdə, o öz səmərəsini verir. Ondan səmərəli istifadə edilmədikdə, böyük sosial problem yaradır. Məmnunluqla demək istəyirəm ki, Prezident İlham Əliyevin 2004-cü ildən bu yana işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması ilə əlaqədar həyata keçirdiyi siyasət nəticəsində yüz minlərlə yeni iş yerlərinin açılması formalaşan iş qüvvəsindən səmərəli istifadə etməyə imkan veribdir. Amma təbii ki, bu, daim davam edən prosesdir və Azərbaycan hökuməti bundan sonrakı fəaliyyətində də yaranmaqda olan yeni iş qüvvəsindən səmərəli istifadə edilməsi ilə əlaqədar geniş, əhatəli hökumət proqramının hazırlanmasına ehtiyac var və güman edirəm ki, bunu hazırlayacaq".

Millət vəkili onu da vurğuladı ki, əhalinin sürətli artımı digər bir ciddi məsələni ortaya çıxarır ki, bu da əhalinin mənzillə təmin edilməsi ilə bağlıdır: "Doğrudur, Azərbaycanda mənzil tikintisi sahəsində böyük işlər görülüb, amma o da məlumdur ki, son illərdə ölkəmizdə mənzil tikintisi ilə bağlı hamıya məlum olan durğunluq yaranıb. Əhali isə artır və əhalinin armasından savayı mənzilə olan tələbatın artmasını şərtləndirən çox ciddi amillərdən biri də insanların yaşayış standartlarının dəyişməsidir. Ola bilsin ki,  10-20 il əvvəl, iki ailə, bəlkə də üç ailə üçotaqlı mənzildə yaşayıb özlərini xoşbəxt hesab edirdilər. Amma indi yaşayış standartları dəyişib və bu da əlavə bir faktor olaraq mənzilə olan tələbatını ciddi şəkildə artırıb. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan hökumətinin imkanı var və hökumət 10 illik mənzil tikintisi və mənzilə ehtiyacı olan vətəndaşların ehtiyaclarının ödənilməsindən ibarət olan bir proqram hazırlaya bilər. Bizim malik olduğumuz resurslardan ildə 1 milyard manat vəsaitin ayrılması hesabına 10 ilə 10 milyard manata 10 minlərlə ailəni mənzillə təmin edə biləcək bir proqram həyata keçirilə bilər. Hesab edirəm ki, bu, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən isə dövlətin sosial proqramının çox mühüm istiqamətlərindən biri olar".

Ə.Əhmədov çıxışında başqa bir məsələ ilə də bağlı fikirlərini dilə gətirib: "Bu da Azərbaycan hökumətinin istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar fəaliyyətin genişləndirilməsi haqdadır. İstər qiymətlərin süni surətdə qaldırılmasına qarşı Prezident tərəfindən qoyulmuş vəzifənin layiqincə yerinə yetirilməsi nəzərdə tutulsun, istərsə də, keyfiyyətsiz məhsulların satılması ilə istehlakçılara vurulan maddi və mənəvi ziyanın aradan qaldırılması istiqmətində çox ciddi proqramın müəyyənləşdirilib həyata keçirilməsi olsun. Mən bütün bu fikirləri səsləndirməklə, eyni zamanda, bir daha demək istəyirəm ki, Azərbaycan hökuməti Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi, sosial, həyatımızın digər sahələrini əhatə edən siyasətin həyata keçirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərib, əhəmiyyətli nailiyyətlər əldə olunub, çox müsbət göstəricilərə nail olunub. Bütün bunların hamısı Azərbaycan parlamentinə təqdim olunmuş hökumətin hesabatının yüksək qiymətləndirilməsi üçün əsas verir".

Parlamentin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov da hökumətin hesabatını təqdir etdi. "Görünən kəndə bələdçi lazım deyil", - deyən millət vəkili bildirdi ki, hökumət onun qarşısına qoyulan vəzifələrə nail ola bilib. Daha sonra millət vəkili deputat seçildiyi Quba rayonunun, xüsusilə, Qonaqkəndin üzləşdiyi problemlərdən bəhs etdi və onların həlli üçün hökumətdən kömək istədi. Müzakirələrdən sonra hökumətin hesabatı qəbul edildi.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 16 mart.- S. 5-6.