Hazırda Azərbaycanın
təhsil sistemində geniş miqyaslı islahatlar həyata
keçirilir
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru, Milli Məclisin üzvü
Gülçöhrə Məmmədovanın yap.org.az-a
müsahibəsi
- Gülçöhrə
xanım, istərdik ilk olaraq, hazırda Azərbaycanda
təhsil sahəsində aparılan islahatlarla bağlı
danışaq. Son dövrlər bu istiqamətdə
görülən işləri necə qiymətləndirirsiniz
və bu islahatlara uyğun olaraq, sizin rəhbərlik etdiyiniz
Azərbaycan Memarlıq və İnşaat Universitetində
görülən işlərlə bağlı nə deyə
bilərsiniz?
- Hazırda
Azərbaycanın təhsil sistemində geniş miqyaslı
islahatlar həyata keçirilir. Burada əsas məqsəd
təhsilimizin keyfiyyətini artırmaq və təhsildə
qərb standartlarının tətbiqinə nail olmaqdır. O
da məlumdur ki, Azərbaycan Boloniya prosesinə qoşulub
və bu istiqamətdə mühüm tədbirlər
görülməkdədir. Ali təhsilin bakalavr pilləsi
üçün Nazirlər Kabineti tərəfindən yeni
İxtisaslar Reyestri təsdiq olunub. Magistratura pilləsi
üçün ixtisaslaşmalar siyahısı təsdiq
üçün təqdim edilmişdir. Artıq
Azərbaycanın bütün ali məktəblərində
kredit sisteminə keçid baş tutub. İnşaat və
Memarlıq Universiteti də keçən tədris ilindən
kredit sisteminə keçmişdir, 1-ci və 2-ci kurs
tələbələri bu sistem üzrə təhsil alır.
Qeyd etmək istəyirəm ki, bu sistemin bir çox
mühüm üstünlükləri var. Əvvəla,
tələbənin biliyinin qiymətləndirilməsində
imtahanda verdiyi cavabla yanaşı semestr ərzində
topladığı ballarda nəzərə alınır. Bu
isə tələbənin dərs prosesində
fəallığını və məsuliyyətini artırır.
Təhsildə şəffaflığın təmin
olunması baxımındandan bu, olduqca
əhəmiyyətlidir. Təhsil Nazirliyinin
Əsasnaməsində Kredit sistemində imtahanların hamısının
yazılı üsulla aparılması nəzərdə
tutulub. Bu isə subyektivliyin aradan qalxmasına,
tələbənin biliyinin daha düzgün
qiymətləndirilməsinə, şəffaflığın
tam təmin olunmasına imkan yaradır. Kredit sistemində
hər bir tələbə fərdi plan əsasında təhsil
alır və fərdi planın tərtib edilməsində
tələbənin öz seçimi də nəzərə
alınır. Bu isə məsuliyyətin artmasına səbəb
olmalıdır.
Bundan başqa, biz fənn proqramlarımız
üzərində də işləyirik və
proqramlarımızı yeniləşdiririk. Çünki
dünya sürətlə dəyişir, texnologiyalar
inkişaf edir, elmi-texniki tərəqqi informasiya
texnologiyalarının tətbiqi bütün
sahələrdə olduğu kimi inşaat sahəsinə
də dəyişikliklər gətirir və biz də bu
böyük dəyişikliklərə adekvat reaksiya
verməliyik.
Boloniya
prosesinə keçidlə əlaqədar olaraq, beynəlxalq
əlaqələrimizi də genişləndirməyə
çalışırıq. Bir sıra tanınmış ali
təhsil ocaqları ilə müxtəlif səviyyəli
əməkdaşlıq əlaqələri qurulub. Hazırda
əlaqələrimiz qısamüddətli stajkeçmə,
birgə vökşoplar, müxtəlif birgə layihələrin
işlənməsi ilə bağlıdır.
Gələcəkdə isə bu əlaqələr
tələbə və müəllim mübadiləsinə
geniş imkanlar yaradacaq.
Son illər
ərzində təhsil sahəsinə ayrılan böyük
vəsaitlər hesabına bütün tədris
müəssisələrinin maddi texniki təminatı xeyli
dərəcədə yaxşılaşıb. Universitetimizin
I №-li tədris binasında aparılan təmir və
rekonstruksiya işləri buna bir nümunədir. Bütün
ali məktəblərin müasir texnika və avadanlıqla
təchiz olunması üçün xeylli iş
görülüb. Təhsil sahəsində
çalışanların əməkhaqqlarının
artırılması, sosial problemlərin tədricən aradan
qaldırılması təhsildə neqativ halların
qarşısının tam alınması üçün
imkan yaradıb. Hesab edirəm ki, bir neçə ildən sonra
biz bu gün həyata keçirilən islahatların
nəticələrini və ölkəmizdə ali təhsilin
keyfiyyətinin yüksəlməsini daha aydın görəcəyik.
- Azərbaycan dövlətinin
təhsilin inkişafına yönəlmiş
tədbirlərindən biri də tələbələrimizin
müxtəlif ölkələrdə təhsil almağa
göndərilməsidir. Bu sahədə "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" qəbul edilib və hazırda icra
olunmaqdadır. Siz bu proqramın əhəmiyyətini necə
qiymətləndirirsiniz və bu sahədə görülən
işləri qənaətbəxş hesab edirsinizmi?
- Hesab
edirəm ki, bu, Dövlət Proqramının icra olunması
çox əhəmiyyətli bir məsələdir və biz
bunun nəticələrini artıq görürük. Bu
gün həyata keçirilən təhsil siyasəti Ulu
öndərimizin siyasətinin davamıdır. Ümummilli
liderimiz həmişə kadr hazırlığı
məsələlərinə böyük diqqət
yetirmişdir. Onun Azərbaycan KP MK-nin I katibi
kimi ölkəmizə rəhbərlik etdiyi 1969-83-cü
illərdə yüzlərlə gənc SSRİ-nin
məşhur ali məktəblərində təhsil almaq üçün
göndərilmişdir. 1970-80-ci illərdə Ulu
öndərimiz tərəfindən aparılan
gələcəyə yönəlmiş siyasət kadr
hazırlığında böyük
dəyişikliklərə, respublikanın intellektual
potensialının yüksəlməsinə səbəb oldu.
O zaman yetişən kadrların bu gündə Azərbaycan
dövlətinin inkişafında rolu çox böyükdür.
Hazırda həyata keçirilən Dövlət
Proqramı ölkəmiz üçün yüksək
səviyyədə hazırlıq keçmiş savadlı,
müasir biliklərə, elmlərə yiyələnmiş,
müasir texnologiyaları dərindən bilən kadrların
hazırlanmasına şərait yaradır. Eyni zamanda,
dövlət bu kadrların ölkəmizdə müvafiq
sahələrdə işlə təmin olunmasına da
təminat verir. Bu o deməkdir ki, dövlət bu gənc
kadrların potensialından faydalanmaqda, onların
xalqımıza, dövlətimizə peşəkar xidmət
etməsində maraqlıdır. Mən bir
məsələyə diqqəti cəlb etmək
istəyirəm. Fikrimcə xaricdə təhsil Proqram
çərçivəsində magistratura və doktorantura
pillələrində təhsil alan gənclərin sayı
artmalıdır. Bu gələcəkdə universitetlərin
professor-müəllim heyətinin yeniləşməsi
üçün faydalı olar. Sirr deyil ki,
ölkəmizdə bəzi sahələr üzrə elmi
məktəblər istənilən səviyyədə deyil
yaxudda yoxdur və bizim beynəlxalq təcrübəni
mənimsəmiş, bilikli, geniş
dünyagörüşünə malik elmi kadrlara böyük
ehtiyacımız var.
- Elmin səviyyəsindən
söz düşmüşkən, istərdik bu mövzuda da
Sizin münasibətinizi öyrənək. Məlum
olduğu kimi, hazırda Azərbaycanda elmin inkişaf
səviyyəsi ilə bağlı tənqidi fikirlər
səsləndirilir. Ötən il Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
sədrliyi ilə keçirilən müşakirədə
də Azərbaycanda humanitar və ictimai elmlər
sahəsində yaranmış vəziyyət bir daha
müzakirə olunub, mövcud durumla bağlı real
nəticələr təhlil olunaraq
çatışmazlıqlar barədə ətraflı
məlumat verilib. Siz, Azərbaycanda elmin inkişaf
səviyyəsindən razısınızmı və
sizcə, bu sahədə çatışmazlıqlar
nədən ibarətdir?
- Bəli,
inkar olunmaz bir həqiqətdir ki, bu gün Azərbaycan
yüksək sürətli inkişaf tempinə malikdir və
əldə edilən nəticələr bütün
sahələr üzrə inkişaf meyllərini
şərtləndirir. Biz bayaq, təhsildə həyata
keçirilən islahatlar, əldə olunan nailiyyətlər
və qarşıda duran vəzifələr haqqında
danışdıq. Hazırda elm sahəsində də
islahatlar həyata keçirilir. Elmi kadrların
hazırlığı sistemi yeniləşir. Milli Elmlər
Akademiyasının işində canlanma hiss olunur. Lakin
problemlər hələ çoxdur. Elmi kadrların
hazırlığı məsələsi bu gün problem
olaraq qalmaqdadır. Xüsusilə bu elmi potensialı zəif
olan bir sıra ixtisaslara aiddir. Elmi tədqiqatların
mövzuları müasir tələblərə uyğun deyil,
və ölkənin bu günkü inkişafına cavab vermir.
Sizin də qeyd etdiyiniz kimi, bu məsələlər
hörmətli akademikimiz Ramiz Mehdiyev tərəfindən
çox ciddi təhlil olunaraq elmi ictimaiyətə
çatdırılmışdır. Problemlər ifadə
olunub və konkret təkliflər səsləndirilib. Akademik
R.Mehdiyevin fikirləri cəmiyyətdə də geniş
müzakirə olundu və bununla bağlı, elmin
iknişafına yönəlmiş müxtəlif fikirlər
və təkliflər səsləndi.
Əlbətdə
problemlər təkcə, humanitar və ictimai elmlər
sahəsində deyil. Bir çox sahələrdə, o
cümlədən, inşaat elmində də oxşar
çatışmazlıqlar özünü göstərir.
Son illərdə bu sahədə böyük müasir
problemlərin həllinə yönəlmiş, tədqiqatlar
aparılmayıb. Bunun səbəbləri nədir? Təbii
ki, bu bir çox amillərlə bağlıdır. Onlardan biri istehsalat tərəfindən elmi
tədqiqatlara sifarişin olmamasıdır. Ölkəmizin
inşaat sahəsinə texnika və texnologiyalar xaricdən
hazır şəkildə gətirilir. və fəaliyyət
göstərən şirkətlər yerli elmi kadrlara ehtiyac
duymurlar. İnşaat sahəsi inşaat elminə sifariş
vermir. Bu isə öz növbəsində elmi
fəallığın zəifləməsinə gətirib
çıxarır. Sifariş almaq həm də elmi axtarışlar
üçün maddi imkanların yaranması deməkdir.
Böyük tədqiqatlar böyük maliyə tələb
edir və bu gün təhsil ocaqlarımızın bu maddi
yükü qaldırmağa imkanları yoxdur. Ona görə
də bizim elmi kadrlarımız və yüksək
səviyyəli mütəxəssislərimiz daha çox
ekspertiza və layihələndirmə sahəsində
fəaliyyət göstərirlər.
Bunlarla
yanaşı, qeyd etməliyəm ki, biz özümüz
də elmi sahədə kadr hazırlığı
məsələlərinə daha ciddi diqqət yetirməliyik.
Bununla bağlı, dünya praktikasında
mövcud olan təcrübələrdən faydalanmalı,
müxtəlif dövlətlərlə elmi kadrların
mübadiləsini həyata keçirməliyik. İnanıram
ki, artıq bu sahədə ilkin addımlar atılır və
yaxın zamanlarda ciddi irəliləyişlər müşahidə
olunacaqdır.
- Gülçöhrə
xanım, bildiyimiz kimi, hazırda ölkəmizdə informasiya
və kommunikasiya texnologiyalarının inkişafı
sahəsində atılan addımlar nəticəsində
çox ciddi nailiyyətlər əldə olunub. Bu gün
Azərbaycan vətəndaşlarının böyük
əksəriyyəti internetdən istifadə etmək
imkanına malikdir. Bu fakt çox qürurverici olsa da, bəzi
problemlərin yaşanmasını da müşahidə
edirik...
- Əsrimiz
informasiya əsridir və bu gün informasiya kommunikasiya
texnologiyaları bizin həyatımızın ayrılmaz
tərkib hissəsinə çevrilib. Təhsildə də
İKT-nin imkanlarından geniş istifadə olunur. Bizim
universitetimizdə kompüter biliklərinin
təkmilləşdirilməsi, tələbə-müəllim
heyətinin kompüter biliklərinə yiyələnməsi
istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
O cümlədən, biz elektron-universitet layihəsini
reallaşdırırıq. Bu layihə
çərçivəsində professor-müəllim
heyətinin kompüter biliklərinə tam
yiyələnməsi üçün Universitetimizdə kurslar
yaradılmışdır. Artıq müəllimlərimizin
70 faizi bu kursu keçib və sertifikat almışlar. İlin
sonuna kimi isə bütün müəllimlərimiz və
tədris köməkçi heyətin bu layihədə
iştirakı təmin ediləcək.
Tələbələrimizin
də kompüter biliklərini artırması
üçün müxtəlif istiqamətli tədbirlər
görürük. Ümumiyyətlə bu gün
ölkəmizdə bu sahədə çox ciddi inkişaf
müşahidə edilməkdədir. Amma bir sıra
problemləri də mütləq qeyd etməliyik.
Məsələn, bəziləri, xüsusilə,
gənclər kompüterə bir əyləncə vasitəsi,
boş vaxtını keçirmək üçün alət
kimi baxır. Onların kompüterə, internetə
həddən artıq aludəliyi müəyyən psixi
pozuntulara səbəb olur. Xüsusilə, zəif
dünyagörüşlü gənclərimiz internetin
əsirinə çevrilirlər. Onlar müxtəlif
təbliğatların, təxribatların qurbanına
çevrilə bilər, bunu da yolverilməz sayıram. Bu gün dünyada informasiya müharibəsi gedir
və böyük dövlətlər öz siyasətini
həyata keçirmək üçün, başqa
dövlətlər daxilində təxribatlar
törətmək məqsədilə də İnternet
məkanından ustalıqla istifadə edirlər. Hər
birimiz bu hallara qarşı ayıq-sayıq olmalıyıq.
Bunun üçün isə internetdən, informasiya
məkanından məqsədyönlü şəkildə,
öz inkişafımız üçün və
Azərbaycan həqiqətlərini, Qarabağ problemini,
xalqımızın mədəniyyətini və tarixini
dünyaya çatdırmaq üçün istifadə
etməliyik.
- Hazırda ölkəmizdə
rüşvətxorluq və korrupsiya və bu kimi digər
qyeri-qanuni hallara qarşı barışmaz mübarizə
aparılır. Bir sıra təhsil müəssisələrində
də bu hallara yol vermiş müəllimlər və digər
işçilər işdən uzaqlaşdırılıblar.
Sizin rəhbərlik etdiyiniz universitetdə bu sahədə
mövcud durum necədir və belə hallara qarşı
hansı tədbirlər görürsünüz?
- Mən bu prosesi yüksək
qiymətləndirirəm. Əminəm ki, bu siyasət
ardıcıl həyata keçiriləcək və uğurlu
nəticələr verəcəkdir. Çünki bu
məsələdə ölkə başçısı
çox böyük iradə ortaya qoyub və dövlət
strukturları da ciddi şəkildə fəaliyyət
göstərirlər. Bizim universitetimizə gəldikdə
isə, mən deyə bilərəm ki, biz həmişə bu
cür qanunsuz hallara qarşı mübarizə aparmışıq.
Hesab edirəm ki, artıq şəffaflfğfn təmin
olunmasında müəyyən nailiyyətlərimiz var. Biz
çalışırıq ki, tələbələrlə
tez-tez açıq görüşlər keçirək
və onların problemlərini özlərindən
dinləyək, tələbələrimizlə aramızda
etimad mühütü yaradaq. Rektorat həmişə oxuyan
tələbələrə hər cür yardım
göstərir, ədalətsizliklərlə mübarizə
aparır. Son dövrlər isə bu istiqamətdə daha ciddi
tədbirlər görməyə başlamışıq.
Neqativ hərəkətlərə yol verən
müəllim-tələbə münasibətlərini pozan
müəllimlər işdən uzaqlaşdırılıblar.
- Gülçöhrə
xanım, bir mütəxəssis və bu sahədə
mütəxəssis hazırlayan ali məktəbin
rəhbəri kimi, paytaxt Bakıda aparılan yenidənqurma
və tikinti işlərini necə qiymətləndirirsiniz?
- Bu gün
paytaxtımızda görülən işləri
qiymətləndirmək üçün 10-15 il əvvəlki
vəziyyətlə müqayisə etmək lazımdır.
Onda nə qədər böyük işlərin
görüldüyünü daha yaxşı hiss edirik. Bir neçə gün öncə, Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı
şəhərinin və paytaxtətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafına dair
müşavirə keçirildi və cənab Prezident bu
müşavirədə paytaxtda görülən
işlərlə bağlı çox ətraflı
məlumat verdi. O çıxışı
dinləyərkən, mən qürur hissi keçirirdim.
Görün dövlətimizin başçısı quruculuq
işlərinə nə qədər həssas yanaşır,
nə qədər diqqət göstərir. Hər bir
böyük tikinti, hər bir kompleks, yollar,
körpülər, binalar, onun nəzarətindədir.
Görülən genişmiqyaslı tikinti və abadlaşma
işləri paytaxtamızın daha da
gözəlləşməsinə və
müasirləşməsinə xidmət edir.
Dənizkənarı bulvarın rekonstruksiyası, orada insanların
istirahəti, rahatlığı üçün yaradılan
şərait yüksək qiymətə layiqdir. Son zamanlar
paytaxtda tikilən bəzi obyektlər öz memarlıq və
konstruktiv həllinə görə unikaldır. Bunlara Bayraq
Meydanı, Heydər Əliyev Mərkəzi, Muğam
Mərkəzi və başqaları aiddir. Bu gün Bakı
dünyanın ən gözəl və sürətlə
inkişaf edən şəhərlərindən birinə
çevrilib. Əminəm ki, prezident İlham Əliyevin
həyata keçirdiyi siyasət nəticəsində bu proses
davam edəcək. Bakı gözəl, zəngin, müasir
və rahat şəhərə çevriləcək.
Səs.- 2011.- 16 mart.- S. 8.