Türk dünyasının müğənnisi

 

Əhməd Şəfəq:"Artıq mən Azərbaycana, Azərbaycan da mənə alışdı"

 

Türk dünyasını səsi ilə fəth edən müğənni, yazıçı, bəstəkar Əhməd Şəfəq nəğmələrində, sətirlərində, musiqinin dilində mənəvi aləmini yaşadaraq sərhədsiz bir məkanda yaradıcılıq yolarından izlər salıb. Ruhu böyük sənətkarların sənət dünyasından qidalanan Əhməd Şəfəqin ismi ilə qapalı qalmış dünyalara şəfəqlər saçılıb. Dünya ilə özü arasında bir körpü yaradıb. İndi bu isim dünyanın bir çox məkanlarında türk dünyasına məxsus bir varlıq kimi tanınır. Əhməd Şəfəqin sənət dünyası türk dünyasının ruhu, əqidəsi, məsləki ilə yoğrulub. Elə bu böyük bir məsuliyyətlə eldən-elə dolaşan sənətkara bütün türk dünyasının sənətçisi adının verilməsi elə bu amaldan qaynaqlanmışdır. Yaşayaraq yaşatdığı ruhu ilə türk dünyasına mənəvi borcunu sanki ödəmiş olur.

Əhməd Şəfəq İstanbulda dünyaya göz açıb. Doğulduğu məkanda ilk sənət cığırları tərcümeyi-halının səhifələridir. Əvvəlcə qələmə sarılaraq, qəlbinin hökm diktəsini yazdığı publisistik məqalələrdə ifadə edib. Müxtəlif qəzetlərdə çalışan Əhməd Şəfəq söz dünyasını musiqi aləmi ilə birləşdirib. İlk uğur böyük sevgisi "Yalnız Qurd" mahnısı ilə qazanılıb. Elə buna görə "Ən yaxşı kişi sənətçi" ödülünə layiq görülüb.

Daim axtarış, düşüncəsinin narahat axtarışları onun daxilində olan enerjini şaxələndirir. Bir qələm müxtəlif sahələri əhatə edir. Gərgin axtarışlar, istedad zəhmət neçə-neçə mükəmməl əsərlərin yaranması ilə nəticələnir. Mahnıları ilə fəth etdiyi qəlblərə əsərləri ilə xidmət etməyə başlayır. Bu günə qədər 6 kitabı oxucuların ixtiyarına verilib. 9 albomu işıq üzü görüb. Əsərlərin qayəsində  Əhməd Şəfəq bir tərəfdən Vətənə olan sonsuz  sevgisini anlatmağa çalışır. Məzmun müxtəlifliyi onun pəstişkarlarında, qələmini izləyən oxucularda həm mücadilə, həm döyüşkənlik ruhu aşılayır.

Əhməd Şəfəqin özünə məxsus sənət yolu var. Rok üslubunda ifa etdiyi mahnıları ilə insanlarda oyatdığı müsbət duyğular onun sənət baxımında ən yüksək bir zirvədə olduğunu göstərir. Bir tərəfdən səsindəki üsyankar güc, digər tərəfədən isə məntiq bədiiliyi, məzmundakı kəsərlilik onun türk olduğunu göstərir. Azərbaycanı bütün varlığı qədər sevən Əhməd Şəfəq musiqisinin qayəsində milli heysiyyət daha yüksək, fərqli istidir. Onun musiqisi sanki vətənii  müdafiəsinə çağırışdır, vətənə olan məhəbbətdir, sevgidir. İlahi bir eşqdir. Hər kəsi mübarizə yolunun müqəddəsliyinə doğru aparır. Onunla tanışlıq Azərbaycan musiqisevərləri üçün yeni bir dünya ilə birləşmək, yeni bir aləmin işığında həyatı dərk etmək qədər ülvidir. Musiqiçinin "Azərbaycan-Türkiyə" mahnısı sanki türk dünyasını marşıdır. "Mən ölümsüz bir millətin mənsubuyam" ifadəsindəki hikmət musiqiçinin şəxsiyyəti ilə bağlı fikirləri təsdiqləyir. "Millətim əhval-ruhiyyədən düşdüyü vaxt onları ruhlandırmaq üçün bir mücadilə aparıram. O üzdən, istəyirəm ki, toplum ruhdan düşdüyü vaxt yenidən əhval-ruhiyyəyə köklənsin. Onu parçalamaq istəyənlərə qarşı milləti bütövləşdirmək üçün mücadilə edirəm. Bu mücadiləmdə dönməzəm" -deyən Əhməd Şəfəq mənsub olduğu türk dünyasını məğrur, qalib kimi görmək istəyir. Onun musiqisi bir çağırışdır. Vətən övladını çağırışı. Haqqa ədalətə sarılmaq çağırışı. Vətən sevgisini ən böyük sevgi hesab edən sənətçinin vətənə qarşısında xidməti türk dünyasını böyüklüyünü musiqisində yaşatmasıdır. Ən böyük özəlliyi böyük türk millətinə sadiq olmasıdır. Müğənni özünü Mustafa Kamal Atatürkün davamçısı adlandırır. Böyük məslək yolçusu olduğu insanların əqidəsinə elə bu sadiqlikdir ona qarşı bu sevgini yaradan.  Özünün səmimi etirafına görə gördüyü işlərdə Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin ruhu hiss olunur. 

Azərbaycana ilk səfəri 7 il əvvəl  2004-cü ilə təsadüf olunsa da ilk cığır sonrakı səfərlərin yol açdı. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, Sumqayıtda Gəncədə maraqlı konsert proqramları ilə çıxışı hər kəsin yaddaşına hopub. Daha sonra böyük miqyaslı konsertə 2007-ci ildə Heydər Əliyev adına sarayda keçirildi.

Əhməd Şəfəq üçün Azərbaycana səfər həyatının maraqlı səhifələrin çöküb:"Çöldəki insandan zirvədəki siyasətçisinə, şagirdindən müəlliminə, məmurundan nazirinə qədər görüşüb söhbətləşdim. Film , klip çəkdirdim. İlk səfərimdə insanların türkcə danışmaları hər addımda kiçik bir Türkiyə ilə qarşılaşmam olmuşdu. Hər bir azərbaycanlı Türkiyəni sarsılmaz bir duyğu ilə sevməkdədir. Allaha şükür etdiyim bir möcüzə idi bura. Təsəvvür edin, gəncliyinizdə bütün qəlbinizlə bağlandığınız bir ideal indi gerçəyə dönmüşdü siz bu gerçəyə toxuna bilirdiniz. Gerçəyin içində nəfəs alır, ideallarınızın həyata keçdiyini duyan, görən bir taleli olaraq şükür edirdim!" Bu, onun "Xəzinə ölkə"si adlandırdığı Azərbaycanla görüşünün təəssüratlarıdır.

"Dünyanın gözü Bakının üstündədir. Bakı sadəcə bir şəhər deyil, eyni zamanda, bir tilsimin adıdır. Elə qocaman, böyük, bir ucunu gəzərkən digər ucunu itirəcəyimiz ölçüdə bir şəhər deyil. Çox böyük deyil, amma əsrarlı bir havası var. Çox böyük deyil, amma sizi içinə çəkərək, dərinlərində itirəcək bir parıltıya salar". Bəli, bu ifadələrdə bir hikmət, fəlsəfi düşüncə dayanır. Azərbaycanın dərdini hər zaman özü ilə yaşadan müğənni həyatımızın müdhiş anlarını dərindən dərk edərək, sona çatmayan Qarabağ savaşının Azərbaycan xalqına gətirdiyi faciələrdən dünya ölkələrinin xəbərdar olması, problemin öz gerçək həllini tapması üçün çalışan vətənpərvər sənətçidir. Azərbaycan-Türkiyə qardaşlığını hər şeydən uca tutur. Onun bu ilahi sevgisini nümunəsi olan "Eşq Vətən" adlı musiqisevərlər tərəfindən böyük sevgi ilə qarşılanıb.

"Artıq mən Azərbaycana, Azərbaycan da mənə alışdı. Türkiyə türkü olsam, qonaq deyiləm. Haraya gedirəmsə gedim, bu qardaşlığın hekayəsi xatirimdə canlanır". Elə bu sevgi, isti münasibət onu yenidən Azərbaycana gətirir. Bakıda,  martın 18-də keçiriləcək möhtəşəm konserti bütün Əhməd Şəfəqsevərlər böyük sevgi ilə gözləyirlər. Vətən qardaşlıq sevgisi ilə yoğrulacaq konsert proqramı Əhməd Şəfəq dünyası ilə bizləri bir daha yaxınlaşdıracaqdır.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 16 mart.- S. 10.