“Zəriflik"...
YAP Qadınlar Şurasının təşkilatçılığı
ilə bayram ərəfəsində bu adda jurnalın ilk
nömrəsinin təqdimatı keçirildi
Dünən
"Ramada" otelində YAP Qadınlar Şurasının təşkilatçılığı
ilə nəşr olunan "Zəriflik" jurnalının təqdimat
mərasimi keçirildi. Təqdimat mərasimində Yeni Azərbaycan
Partiyasının rəhbərliyi, millət vəkilləri,
ziyalılar, respublika qadın ictimai birliklərinin nümayəndələri
iştirak edib. Tədbirdə çıxış edən YAP
Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ilk öncə
xalqımızın ən əziz bayramı olan Novruz
bayramı münasibəti ilə bütün qonaqları, eləcə
də, Azərbaycan xalqını təbrik etdi.
N.Əliyeva bildirdi ki,
milli bayram respublikamızın hər yerində yüksək səviyyədə
qeyd olunur: "Novruz bayramının ölkəmizdə ənənəvi
şəkildə qeyd edilməsi, bilavasitə, Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Bu
gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev
bu ənənəni dünya miqyasında keçirilməsinə
şərait yaradıb. Artıq bir çox xarici dövlətlərdə
yaşayan həmvətənlərimiz, soydaşlarımız
bu əziz bayramı öz evlərindəki kimi keçirirlər".
N.Əliyeva onu da bildirdi
ki, təqdimatı keçirilən "Zəriflik"
jurnalının ünvanı Azərbaycan anası, Azərbaycan
qadınıdır: "Bu qadın tarixin ən çətin
anlarında canından keçərək öz
sözünü deyib, şərəfli yol keçərək,
XXI əsrə qədəm qoyub. Üçüncü minillik
isə qadının cəmiyyətdəki mövqeyini daha da
gücləndirib. Bu qadın böyük qüvvə
olduğunu bir daha diktə edib. Bu gün Azərbaycan qadın
hərəkatındakı fəallaşma və canlanma
hamımızı sevindirir. İndi cəmiyyətin
bütün sahələrində aparıcı mövqeyə
malik qadınlar öz bilik və bacarıqlarını
dövlətimizin güclənməsinə, daha da
çiçəklənməsinə və inkişaf etdirilməsinə
sərf edirlər. Onların hərtərəfli fəaliyyəti
üçün isə ölkəmizdə mühüm şərait
mövcuddur. Bunun üçün biz ən əvvəl Azərbaycanda
qadın dövlət siyasətinin əsasını qoyan Ulu
Öndər Heydər Əliyevə borcluyuq. Bu gün isə
Azərbaycan qadınının cəmiyyətdə yeri,
nüfuzu, ona münasibət çox ucadır. Buna görə
Ümummilli Liderimiz Heydər Əliyevin dövlət, qadın
siyasətini qətiyyətlə davam etdirən Prezident
İlham Əliyevə minnətdarıq."
Əli Əhmədov: "Zəriflik qadının
boynuna biçilib"
Təqdimat mərasimində
çıxış edən YAP İcra katibi, millət vəkili
Əli Əhmədov qonaqları, həmçinin,
bütün Azərbaycan xalqını Novruz bayramı
münasibəti ilə təbrik etdi. Bildirdi ki, bu gün
bayramlar ərəfəsindəyik və bir-birinin ardınca
bayram keçiririk: "Novruz bayramı, bunun ardınca
müstəqilliyimizin 20 illiyi və "Zəriflik"
jurnalının cəmiyyətə təqdim olunması. Doğrudur,
Azərbaycan mətbuat tarixi böyük ənənələrə
malikdir. Bu ənənələr illərin, zamanın
sınağından keçərək, özünü təsdiq
etmiş və dünya mətbuatının tərkib hissələrindən
birinə çevrilmişdir. Təbii ki, söz sənətimiz
rəngarəng, çoxşaxəli olduğu kimi, bu sözə
könül verənlər də müxtəlif cinslərin,
müxtəlif zümrələrin nümayəndələridir."
Yeni Azərbaycan
Partiyasının İcra katibi Ə.Əhmədov qadın hərəkatında
fəallaşmanın yüksək olduğunu vurğuladı:
"Ölkə əhalisində qadınlara olan münasibət
mətbuat aləminə təqdim olunan "Zəriflik"
jurnalının adına uyğun seçilib. Bu adın
özü qeyd etməyə imkan verir ki, Şərq
qadını, Azərbaycan qadını həmişə zərif,
həmişə ülvi olub. Xatırlatmaq yerinə
düşər ki, müstəqil Azərbaycanın azad
söz meydanı xalqına və dövlətçiliyinə
xidmət edən hər kəsin üzünə
açıqdır."
Həmçinin, tədbirdə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
hərtərəfli və geniş əhatəli fəaliyyəti
xüsusi vurğulandı. Qeyd
edək ki, jurnalda Azərbaycanın birinci xanımı Mehriban
xanım Əliyevanın "Xeyirxah əməllərin
davamçısı" adlı məqaləsi dərc olunub.
Bu məqalədə Mehriban xanım Əliyeva insanlığa
əsas münasibət örnəyi, qadın hüquqlarının müdafiəçisi,
millətinə, xalqına sədaqət nümunəsi kimi səciyyələndirilir.
Tədbirin sonunda Azərbaycan
Dövlət Pedaqoji Universititenin tələbələrinin rəqsləri
və muğam müsabiqəsi qaliblərinin ifaları dinlənildi.
Rəfiqə KAMALQIZI
Səs.- 2011.- 17 mart.- S. 4.