Kürdəmir tərəqqi və inkişaf yollarında

 

Rayonda təsərrüfatla bağlı görülən işlər müsbət nəticələrini verməkdədir

 

Son illər ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizdə xeyli işlər görülür. Məlum olduğu kimi, ölkə Prezidenti də bu məsələyə xüsusi önəm verir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da bu məqsədə xidmət edir. Bu mənada, Kürdəmir rayonunun ötən ildə əldə etdiyi nəticələri, qazandığı nailiyyətlər deyilənlərin bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, aramsız yağışların yağmasına, havaların əlverişsiz keçməsinə baxmayaraq, əsasən, aqrar rayon kimi tanınan Kürdəmirdə ötən il bütün istiqamətlərdə həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Məhz bunun nəticəsidir ki, 2010-cu ilin məhsulu üçün 35000 hektar sahədə əkin aparılıbdır. Lakin təbii fəlakətlər nəticəsində, yəni Kür çayında suyun səviyyəsinin artması və qrunt sularının xeyli ərazini basması səbəbindən 12000 hektardan çox taxıl zəmisi məhv olmuşdur. Bunun da təsiri özünü məhsul yığımının nəticələrində göstərmişdir: əvvəlki illə, yəni 2009-cu illə müqayisədə 16000 ton az - 51000 ton taxıl istehsal olunubdur.

 

Rayonda Dövlət Proqramı uğurla həyata keçirilir

 

Sözsüz ki, Kürdəmirdə aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də, son illər rayonda sağlam işgüzar mühitin formalaşmasıdır. Bu mənada, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlərin ardıcıllıqla və uğurla həyata keçirilir. Bu baxımdan, "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na əsasən Qazıməmməd-Kürdəmir və Kürdəmir-Ucar avtomobil yollarının rayon ərazisindən keçən hissəsinin 25 kilometr məsafəsi tam və 2 qat asfaltlaşdırılıb, yol nişanları və avtodayanacaqlar quraşdırılıb. Girdiman çayı üzərində körpü tikilərək istifadəyə verilib. 10 kilometrlik Kürdəmir dairəvi yolunun, eləcə də, piyada keçidinin, 4 suötürücü beton örtüklü kanalın tikintisi başa çatdırılıb. "Azəryolservis" ASC-nin Kürdəmir 30 saylı Yol İstismarı İdarəsi 450 min manatlıq orta və cari təmir işləri aparıb. Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax avtomobil yolunda 1,2, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunda isə 1,6 kilometrlik asfaltda təmir işləri görülüb. "Aqrolizinq" ASC-nin Kürdəmir "Aqrotexservis" mərkəzi və onun 6 ərazidə mexaniki dəstələri yaradılıb. Onlara 36 traktor, 22 kombayn, otbiçən, taxılsəpən, ümumilikdə, 100-dən çox traktor və digər kənd təsərrüfatı maşınları və avadanlıqları alınıb. Adıçəkilən mərkəz güzəştli qiymətlərlə istehsalçılara 1300 tondan artıq mineral gübrələr satıb. Payızlıq əkinlərin aparılmasına texnikalar cəlb edilib, payızlıq taxıl əkinlərinə vermək üçün 1500 ton azot gübrəsi gətirilib.

 

Uğurlu tədbirlər nəticəsində yüksək məhsuldarlıq əldə olunur

 

Rayon icra hakimiyyətinin məlumatına əsasən rayonda yazqabağı bütün müsbət tədbirlər görülür. Bu isə cari ildə yüksək məhsuldarlığın əldə olunması deməkdir. Belə ki, 2011-ci ilin məhsulu üçün 35000 hektardan çox sahədə taxıl əkilibdir. Bunun da 20000 hektardan çoxunu arpa, 15000 hektarını buğda təşkil edir. Havaların quraq keçməsi ilə əlaqədar olaraq hazırda əkin sahələrində kütləvi suvarma işləri aparılır. Bundan başqa, 7000 hektardan çox əkin sahəsinə mineral gübrə verilib, 5000 hektardan çox sahədə isə ziyanvericilərə qarşı mübarizə aparılıbdır.

Rayon icra hakimiyyətinin məlumatına görə sahələrə yüksək reproduksiyalı toxumların səpilməsinə xüsusi diqqət verilir. Rayonda fəaliyyət göstərən səkkiz özəl toxumçuluq təsərrüfatı 4000 tondan çox yüksək reproduksiyalı toxum istehsal edərək fermerlərə satmışdır. Əlavə olaraq, Yevlax rayonunda yerləşən "Azərtoxum" ASC-dən, İsmayıllı rayonunun İvanovka təsərrüfatından və Qax rayonundan keyfiyyətli və məhsuldar taxıl toxumu alınaraq əkin sahələrinə səpmək üçün əhaliyə verilibdir.

Yeri gəlmişkən, 2010-cu ildə rayonda 10000 tondan çox kartof, 18000 ton tərəvəz, 42000 ton bostan məhsulu 5000 tona qədər üzüm istehsal olunubdur. Son beş-altı il ərzində 600 hektardan çox sahədə yeni üzüm plantasiyalarının salınması da rayonda kənd təsərrüfatının hərtərəfli inkişafından xəbər verir. Bu faktı da xüsusi qeyd etmək yerinə düşər ki, rayondakı 670 hekatrdan çox üzüm sahəsinin bir hissəsini Fransadan və Gürcüstandan alınma süfrə sortları təşkli edir. Həmçinin 60 hektar sahədə dünya şöhrətli "Şirvanşah" sortu əkilib. Bu üzüm sortunun əsas xüsusiyyəti odur ki, yalnız Kürdəmirdə yetişir və 34 faizədək şəkərliliyi olur.

Onu da vurğulamaq lazımdır ki, xarakterik isti hava şəraiti ilə seçilən Kürdəmir narçılıq üçün də əlverişlidir. Rayonda 650 hektaradək sahədə yeni üzüm bağları, 5 min hektardan çox sahədə isə yeni nar plantasiyaları, 80 hektar sahədə isə digər meyvə bağları salınıb. Üzüm bağlarının 350 hektarından 500 tonadək üzüm, nar plantansiyalarının 2 min hektarından isə 6 min tondan artıq nar məhsulu yığılıb. Son 4-5 il ərzində rayonda 5000 hektardan çox sahədə nar plantasiyaları salınıb və bu istiqamətdə işlər davam etdirilir.

 

Təsərrüfatda müasir infrastruktur yüksək göstərici deməkdir

 

Həmçinin, rayonda 2010-cu ildə suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülübdür. Belə ki, rayonda iki suvarma sistemləri idarəsi fəaliyyət göstərir. Mollakənd mexaniki suvarma idarəsi 36 nasos stansiyası vasitəsilə mexaniki üsulla Kür çayından 30000 hektardan çox əkin sahəsini suvarır. Kürdəmir suvarma sistemləri idarəsi isə Baş Şirvan kanalı ilə 30000 hektar sahənin suvarılmasını təmin edir. 3000 hektar sahəni suvarmaq gücündə olan 11,5 kilometrlik Fətixanlı kanalı məhz ötən ildə istifadəyə verilibdir. Altı kəndin və 6000 hektar sahənin suvarılmasını təmin edəcək 17 kilometrlik Axtaçı-Ərəbqubalı beton kanalının da 8 kilometri artıq hazırdır. İki kilometri hazır olan 33 kilometrlik Çərtiyəz - Muradxan beton kanalının da tikintisi sürətlə davam edir. Əlbəttə, son illər suvarma sistemlərində bu cür genişmiqyaslı işlərin aparılması maddi-texniki bazanın gücləndirilməsi və müasir texnikalarla təmin olunması sayəsində mümkün olmuşdur.

Kürdəmirdə süd emalı zavodunun tikilməsi də əlamətdar hadisədir.  Rayonda "Azərsun Holdinq" tərəfindən gündəlik 30 tondan çox süd məhsulları emal edən zavodun tikintisi aparılır. Regional Aqrar Elm Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görülür. 500 ton tutumu olan anbar binası tikilib, həmin mərkəzə güzəştli qiymətlərlə yüksək reproduksiyalı buğda toxumu satılması nəzərdə tutulub. Bundan başqa, "Azərsun" holdinq zavodunun yaxınlığında Hollandiya texnikası ilə tikilən fermada lizinq yolu ilə Almaniyadan alınacaq 200 baş düyənin saxlanılması və yerli şəraitə uyğunlaşdırılması nəzərdə tutulubdur.

 

Kürdəmirdə son 7 ildə 9,819 yeni iş yeri açılıbdır

 

Rayonda yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin olunması vacib olan məsələlərdəndir. Bu baxımdan da son yeddi ildə Kürdəmirdə 9,819 yeni iş yeri yaradılıbdır. Bunun 6,103-ü daimidir. Ötən ildə isə, 277-si daimi olmaqla, 482 iş yeri açılıbdır. Onu da qeyd edək ki, rayonda orta aylıq əmək haqqı keçən il 3,9 faiz artaraq 166,1 manat olmuş, adambaşına pul gəliri isə 11,1 faiz artaraq, 137 manata çatmışdır. 

Həmişə işgüzarlığı ilə seçilən kürdəmirlilər, hər il olduğu kimi, ötən ildə də rayonda aqrar sahənin inkişafının sürətlənməsi və yüksək göstəricilər əldə olunması sahəsində Dövlət Proqramında nəzərdə tutulan bütün tələblərə məsuliyyətlə əməl edirlər. Bu isə, onu göstərir ki, kürdəmirlilər, doğrudan da, torpaqla canlı ünsiyyət qurmağı və ondan istədiklərini almağı bacarırlar.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 17 mart.- S. 8.