10 milyon manat vəsait Bakı və şəhərətrafı qəsəbə yollarının inkişafına xərclənəcək

 

Prezident İlham Əliyev: "Bakı bizim paytaxtımızdır, doğma əziz şəhərimizdir"

 

“Biz yaxşı bilirik ki, ölkədə vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm də Bakının qəsəbələrində hansı problemlər həllini gözləyir. Sadəcə olaraq, hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu Proqramda həllini tapacaq".    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə vurğulayıb.

Dövlət başçısı bütün məsələlərlə yanaşı, eyni zamanda, paytaxt Bakıda və qəsəbələrarası yollarda da problemlərin olduğunu qeyd edib. Belə ki, şəhərin bir çox qəsəbədaxili yollarında yaranmış bərbad vəziyyət həmin ərazilərdə yaşayan insanların, vətəndaşların  haqlı narazlıqlarına səbəb olur. Nəzərə alsaq ki, magistral yolların təmiri və inkişafı, eləcə də, yenidən qurulması qəsəbələrarası yolların da inkişafına müəyyən təsirlərini göstərir, bu zaman həmin yolları birləşdirən yol infrastrukturuna da diqqət ayrılmalıdır. Bu barədə qeyd edən Prezident İlham Əliyev xüsusilə, vurğulayıb ki, sözügedən problemlərin aradan qaldırılması istiqamətində əlavə vəsaitlər nəzərdə tutulacaq: "Bu problem tədricən həll olunur. Ancaq mən deyə bilərəm ki, bu məsələnin həlli magistral yolların hesabına baş verir. Bakı-Aeroport avtomobil yolunun genişləndirilməsi və yenidən qurulması müəyyən dərəcədə qəsəbələrarası yolların da inkişafına xidmət göstərir. Ancaq biz bununla bərabər, xüsusilə, qəsəbələri birləşdirən yollara fikir verməliyik, əlavə vəsait də nəzərdə tutulacaq."

Ölkə başçısının bildirdiyinə görə, Bakı-Aeroport və Aeroport-Zığ istiqamətində tikilmiş yeni yollar sözsüz ki, qəsəbələrarası yolları da birləşdirir. Eyni zamanda, bu yolun hazırda tikintisi davam edir və Sumqayıta qədər uzadılacaq. Cənab Prezident vurğulayıb ki, burada bir neçə qəsəbə bir-biri ilə bağlanacaq:"Hazırda görülmüş işlər Bülbülə, Binə, Mərdəkan, Buzovna, Bilgəh qəsəbələrini birləşdirir. O yol Bilgəhdən Sumqayıta - Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı, Masazır və Corata qədər uzadılacaq. Yeni  yol dünya səviyyəli yol olacaq. Ancaq yenə də deyirəm, bu, sadəcə bir istiqamətdir. Biz bütün qəsəbədaxili və qəsəbələrarası yolları da, o layihələri də bu Proqrama salmalıyıq. Bu məsələ ilə bağlı xüsusi tapşırıqlar veriləcək. Qəsəbədaxili yolların tikintisi məsələləri tezliklə həllini tapmalıdır."

Prezident İlham Əliyev qəsəbədaxili yolların bərbad vəziyyətə olmasını xüsusilə vurğulayaraq, deyib ki, bu sahədə vəziyyət Onu qane etmir. Yəni bu məsələlərin həlli prosesi yerlərdə icra olunmalıdır. Daha dəqiq desək, ölkə başçısı həmin problemlərin həlli istiqamətində görüləcək işlərin bələdiyyələr tərəfindən diqqətdə saxlnılması vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, əgər bir neçə il öncə layihələrin həyata keçirilməsi başlanılmasaydı, şəhər həyatı iflic vəziyyətinə düşərdi:" Bilirsiniz, bu məsələni siz yerlərdə həll etməlisiniz. Bu, nə Prezidentin, nə də hətta şəhər icra hakimiyyəti başçısının məsələsidir. Baxmayaraq ki, biz bu məsələlərlə də məşğuluq, bu, yerlərdə həll olunmalıdır. Bu işi bələdiyyələr görməlidir. Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox halda heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyil. Dözülməz haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?! Biz bütün yolları, görün, hansı yüksək keyfiyyətlə tikirik. Yol qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə başlamasaydıq, bu gün şəhərdə nəqliyyat dayanardı və iflic vəziyyətinə düşərdi."

Magistrallara çıxışları olan yollar barədə də danışan Prezident bu yolların torpaq və palçıq yollar olduğunu da xatırladıb və bildirib ki, müvafiq dövlət qurumları sözügedən istiqamətdə öz aralarında məsuliyyət bölgüləri aparmalıdırlar. Yəni hansı yolların tikintisi və təmiri ilə hansı dövlət qurumu məşğul olmalıdır. Məhz bu vəziyyətdə yol infrastrukturunun inkişafında daha sürətli perspektivlərə nail olmaq mümkündür:" Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir. Ona görə də burada məsuliyyət bölgüsü aparılmalıdır ki, hansı yolları kim tikməlidir."

Cənab Prezidentin sözügedən müşavirədə səsləndirdiyi irad və tövsiyələrdən o da məlum oldu ki, şəhər infrastrukturunun inkişafı istiqamətində xərclənən vəsaitin böyük əksəriyyəti dövlət büdcəsindən xərclənir.Lakin bələdiyyələrin yığdıqları vəsaitlərlə də müəyyən işləri həll etmək mümkündür: "  Onsuz da bu pulların böyük hissəsi dövlət büdcəsindən verilir. İndi bələdiyyənin yığdığı pulla müəyyən işləri görmək olar, amma burada dövlət dəstəyi də olmalıdır. Bu vəsait şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə verilir. Şəhərin mərkəzində yollar indi şəhər meriyası tərəfindən tikilir və hətta ən xırda nüanslara qədər belə çox keyfiyyətlə tikilir. Biz fikir veririk, təzə alınmış lüklər artıq yol hərəkətinə problem yaratmır. Onlar elə qoyulur ki, lükün üstündən maşın keçəndə, adam heç hiss etmir. Qəsəbədaxili yollar da bu səviyyədə olmalıdır. Proqramda bu məsələ həll olunacaqdır. Burada nəzarət mexanizmi təşkil edilməlidir".

"...Burada qaldırılan məsələlər həllini gözləyir. Amma bu, ancaq məsələlərin bir hissəsidir. Biz Bakı qəsəbələrinin inkişafına tam şəkildə nail olmalıyıq. Biz həm infrastruktur, həm sənayeləşmə, iş yerləri, yollar, kommunal sahə - bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq" deyən ölkə başçısı onu da demək istəyib ki, nəzərdə tutulmuş Dövlət Proqramı öz timsalında çox böyük, yeni şəhərin infrastrukturunun yaradılmasına bərabər bir proqram kimi qəbul edilməkdədir. Prezident İlham Əliyev sonda onu da deyib ki, şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaq:"Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf Proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcək. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün".

Xatırladaq ki, Prezident İlham Əliyev "Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıb ki, Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılsın. Eyni zamanda, Sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi müvafiq olaraq Maliyyə Nazirliyinə tapşırılıb.

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 18 mart.- S. 3.