Novruz bayramı münasibətilə keçirilən jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) Müşahidə Şurasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə martın 17-də yekun vurulub.

Tədbirdə KİVİDDF-in icraçı direktoru Vüqar Səfərli 7 istiqamət üzrə elan edilən müsabiqədə ümumilikdə 71 jurnalistin iştirak etdiyini bildirib. Diqqətə çatdırılıb ki, hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında, 1 nəfər isə region mətbuatında çalışanlar üçün) qalib elan edilməsi nəzərdə tutulmuşdu. Lakin region KİV-lərində çalışan jurnalistlər tərəfindən cəmi 4 istiqamət üzrə yazı təqdim edilib, onlardan ikisi qalib olub, ikisi isə yetərli bal toplaya bilməyib. Digər 3 istiqamət üzrə isə yazı təqdim edilməyib bu yerlər boş qalıb. Bundan sonra Müşahidə Şurası üzvlərinin qərarı ilə müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 25 bal müəyyən edilib.

Beləliklə, 71 KİV təmsilçisinin iştirak etdiyi müsabiqədə 21 jurnalist qalib adını qazanıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul fondun xüsusi diplomu təqdim olunub. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mükafata layiq görülmüş jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində daha böyük uğurlar arzulayıb. Şöbə müdiri deyib ki, müxtəlif sahələr üzrə keçirilən müsabiqələr, o cümlədən mətbuat orqanlarına verilmiş birbaşa dəstək Azərbaycan mediasının maddi-texniki bazasının möhkəmlənməsinə imkan verib. Bu istiqamətdə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün həmin tədbirlərdən birində iştirak edirik. Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Müsabiqəyə təqdim olunmuş yazılar sırasından ən layiqliləri seçilib. Sonda tədbir iştirakçıları üçün bayram şənliyi təşkil olunub.

 

 

Səs.- 2011.- 18 mart.- S. 4.