Aqrar sektor ölkəni ərzaqla
tam təmin etmək imkanlarına malikdir
Aslan Aslanov: "Ölkə Prezidentinin diqqət mərkəzində
saxladığı ən önəmli məsələlərdən
biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir"
Müasir dövrdə ərzaq
təhlükəsizliyinin təmin edilməsi hər bir
dövlət üçün strateji xarakter
daşıyır. Çünki ərzaq təhlükəsizliyi
ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən
mühüm tərkib hissələrindən olub dövlətin
strateji maraqlarının qorunmasında böyük önəm
daşıyır. Azərbaycan bu ölkələr
sırasında deyil. Ölkəmizin aqrar sektorunda tarixi ənənəvi
inkişaf mərhələlərinə, həyata keçirilən
islahatlar, dövlətin bu sahəyə dəstəyi və əldə
olunmuş nəticələrlə bağlı məsələlərə
kənd təsərüfatı nazirinin müavini Aslan Aslanovla
söhbətimizdə aydınlıq gətirməyə
çalışdıq.
- Aslan müəllim, Azərbaycanda aqrar sektorun
inkişafı üçün son illərdə görülən
işləri necə qiymətləndirmək olar?
- Aqrar sektorun
inkişafında əsas amillər iqisadi siyasətin əsas
konturlarının dəqiq müəyyən edilməsi və
islahatların düzgün aparılmasıdır. Bu siyasətin
nəticələri indi özünü aşkar şəkildə
büruzə verir. Azərbaycan hazırda daxili istehsal
hesabına dənli bitkilərlə 76 faiz, quş əti ilə
74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83
faiz, süd məhsulları və südlə 85 faiz, unla 94
faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102
faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd
təsərrüfatı məhsullarının
istehsalındakı uğurları ilə idxalçıdan tədricən
ixracçıya çevrilir. İxracın coğrafiyası,
həcmi və çeşidi də dinamik olaraq genişlənir-
ölkəmizdən 85 ölkəyə 25-30 adda bitkiçilik
mənşəli ərzaq və qida məhsulları ixrac
edilir.
Kənd təsərrüfatı
istehsalçılarına dövlət yardımının
gücləndirilməsi məqsədilə dövlət
başçısı İlham Əliyev 2007-ci il 23 yanvar
tarixdə "Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" Sərəncam imzalayıb. Prezident İlham Əliyevin
25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" isə
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından böyük önəmə
malikdir. Bu proqram, demək olar ki, aqrar sahənin strateji xəttini
tam müəyyənləşdirib.
Dövlət Proqrama
görə, 2015-ci ilədək dənli bitkilərin əkin
sahələrinin 900 min hektara, məhsuldarlığı 32
sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət məhsulu
istehsalını 340 min tona, süd və süd məhsullarının
istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik
quş əti istehsalını 80 min tona, yumurta
istehsalını 1,12 milyon ədədə, tərəvəz
və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə
istehsalını 800 min tona, yağlı bitkilərin əkin
sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin
sahəsini 20 min hektara, çay yarpağı
istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini
500 min hektara çatdırmaq nəzərdə tutulub.
- Kənd Təsərrüfatı Nazirliyinin bu çətin
vəzifənin öhdəsindən gəlmək
üçün yetərli imkanları varmı? Nazirlik
bu sahəyə birbaşa rəhbərlik və nəzarət
edən dövlət qurumu kimi, hansı təbdirlər həyata
keçirməyi planlaşdırır?
- Tədbirlər planında 104 bənddə bu və ya digər formada Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər verilib. Bütün bu tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür. "Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda iqtisadi regionlar üzrə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır.
Dövlət proqramlarının icrasına müvafiq olaraq 2010-cu hesabat ilində də kənd təsərrüfatı sahəsində dinamik inkişaf əldə olunub.
Bildiyiniz kimi, ötən mövsüm havaların yağmurlu keçməsi nəticəsində respublikanın çaylarında daşqınların yaratdığı fəsadlar kənd təsərrüfatına ciddi ziyan vurdu. Nəticədə 2009-cu ilə nisbətən 2010-cu ildə 33% az taxıl və 3% az kartof istehsal edilsə də, intensiv aqrotexniki tədbirlər aparılması nəticəsində digər məhsulların istehsalında müsbət nəticələr əldə edilib. Belə ki, hesabat ilində ötən ilə nisbətən 17% pambıq, 8% günəbaxan dəni, 33,6% şəkər çuğunduru, 0,2% tərəvəz, 5,5% bostan məhsulları, 1,5 % meyvə, 0,3 % üzüm, 24,3% tütün yarpağı və 21,9% yaşıl çay yarpağı artıq toplanıb.
Adambaşına orta hesabla toxum, təbii itki və mal-qaraya yem nəzərə alınmaqla 107,4 kq ərzaq buğdası, 80,2 kq kartof, 169,5 kq tərəvəz və bostan, 78,2 kq meyvə məhsulları istehsal edilib.
Ölkədə
istehlak tələbatından artıq istehsal olunmuş bəzi
məhsulların ixracı davam etdirilir. Belə ki, 2010-cu ilin sonuna yaxın kənara
61 min ton kartof, 71 min ton meyvə məhsulları ixac edilib.
- Regional inkişaf
proqramının 2-ci ilinin yekunlarına həsr olunmuş
konfransda ölkə Prezidenti ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün toxumçuluq təsərrüfatlarının
genişləndirilməsinin vacibliyini xüsusi
vurğuladı. Nazirlik bu sahədə hansı işlərin
görülməsini nəzərdə tutur?
- Təbii
ki, cənab Prezidentin qeyd etdiyi kimi, bu, çox önəmli
sahədir. Biz də bu işin yüksək səviyyədə
həyata keçirilməsi üçün bütün
mümkün tədbirləri görməyə
çalışırıq. Son illərdə, toxumçuluqda xeyli artım olub, amma
potensial bundan da çoxdur. Respublikada toxumçuluq və
tinglik sahəsinin tənzimlənməsi, toxumçuluq
bazasının möhkəmləndirilməsi işlərini
daha geniş miqyasda həyata keçirməyə imkan var.
Hazırda 683 özəl toxumçuluq subyekti fəaliyyət göstərir ki, onun da 597-si taxıl toxumçuluğunun payına düşür. Dövlət və özəl toxumçuluq təsərrüfatlarında 2010-cu ildə 111438 ton kondisiyalı taxıl toxumu, o cümlədən, 89031 ton buğda, 22407 ton arpa toxumu, fıziki və hüquqi şəxslərdə isə 38 760 ton taxıl, o cümlədən, 30290 ton buğda, 8470 ton arpa toxumu istehsal olunub. Aqrar Elm Mərkəzinin təcrübə təsərrüfatlarında 1945 ton orijinal, superelit və elit taxıl toxumu istehsal olunub.
Ümumilikdə, 152143 ton kondisiyalı taxıl toxumu istehsal olunaraq, 2011-ci ilin əkininə ayrılıb. Xüsusilə, qeyd etmək istəyirəm ki, subsidiyalaşmış toxum ümumi toxum istehsalının 30 faizə qədərini təşkil edir. Dövlət başçısı qarşımızda vəzifə qoyub ki, Azərbaycan özünü toxumla 100 faiz səviyyəsində təmin etsin. Bizim buna nail olmaq üçün yetərli imkanlarımız var.
Bitkiçilik sahəsi üzrə 1583 min hektardan çox sahədə (çoxillik əkmələrsiz) əkin aparılıb, onun 966 min hektardan çoxunu payızlıq və yazlıq dənli və dənli paxlalılar təşkil edib. Qeyd edim ki, 2011-ci ilin məhsulu üçün 975 min hektar dənli və dənli paxlalıların əkini proqnozlaşdırılır. 2 mln 535 min ton məhsul istehsalı, ondan 1 mln 700 min ton ərzaq buğdası istehsalı gözlənilir.
- Ərzaq təhlükəsizliyinin
təmin edilməsi özlüyündə çox
böyük işlərin həyata keçirilməsini və
təsərrüfatların aktiv fəaliyyətinin
stimullaşdırılmasını tələb edir. Nazirlik bu
istiqamətdə həyata keçiriləcək tədbirləri
necə görür?
- Hazırda ölkə Prezidentinin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri də milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Aqrar sahənin dinamik inkişafı istehsalın artırılması ilə yanaşı, həm də onun maliyyə nəticələrinin yaxşılaşdırılmasından xeyli dərəcədə asılıdır. İstehsalçıların maliyyə vəziyyətinə aşağıdakı amillər böyük təsir göstərir:
- məhsulun maya dəyəri;
- məhsulun orta satış qiyməti;
- yanacaq, enerji daşıyıcılarının qiymətlərinin səviyyəsi.
Qeyd etmək lazımdır ki, kənd təsərrürfatı məhsullarının maya dəyəri əsas etibarilə nəqliyyata, toxum, yanacaq və enerji daşıyıcılarına sərf olunan məsrəflərin artımı nəticəsində yüksəlir. Bu isə son nəticədə fermerlərin maliyyə durumuna mənfi təsir göstərməklə aqrar sahənin davamlı inkişaf imkanlarnı məhdudlaşdırır.
Fikrimizcə, xüsusilə, əkinçilikdə texnologiyanın təkmilləşdirilməsi intensivləşmənin başlıca amili kimi səciyyələnir və bu zaman aşağıdakı istiqamətlərin tətbiq edilməsi zəruridir:
- aqrotexniki tədbirlərin həyata keçirilməsinin keyfiyyətinin yüksəldilməsi və gübrələmənin səviyyəsinin yüksəldilməsi;
- kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarından istifadə edilməsi;
- bitkilərin və eləcə də, torpaqların və texnikanın səmərəli istifadə edilməsi ilə bağlı istehsalın yeniləşdirilməsinin səmərəli sxeminin tətbiq edilməsi;
- kənd təsərrüfatında məhsul istehsalının bütün mərhələlərində, o cümlədən, məhsul istehsalı ilə bağlı aqrotexniki tədbirlərin həyata keçirilməsi və məhsul yığımı ilə bağlı bütün hallarda texnologiyanın idarə olunmasının təkmilləşdirilməsi.
Ona görə də, hesab edirik ki, aqrar sahənin davamlı inkişafına nail olmaq üçün problemlərin həllinə kompleks şəkildə yanaşılmalıdır. Məhz bu üzdən bu proses dövlət tərəfindən dəstəklənir.
Ümumiyyətlə, bu problemlərin həlli istiqamətində hazırda dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlərlə yanaşı məhsulların istehsalı, emalı sahələrinə güzəştli kreditlərin, investisiyaların cəlb edilməsi və dövlət dəstəyinin daha da artırılması ərzaq təhlükəsizliyi baxımından öz prioritetliyini saxlayır.
- Aslan müəllim, KTN ölkənin
aqrar sektorunda məhsul istehsalının artırılması
imkanlarını necə görür və ilk növbədə,
hansı sahələrdə tədbirlərin həyata
keçirilməsini düşünür?
- Fikrimizcə, respublikanın torpaq-iqlim şəraitinə uyğun bölgələr üzrə istehsal sahələri kompleks şəklində inkişaf etdirilməlidir. Bunun üçün sənaye əhəmiyyətli sahələrin yaradılması və inkişafına dəstək verilməlidir. Xüsusən, pambıqçılıq, üzümçülük, çayçılıq, tütünçülük, baramaçılıq sahələrinin inkişafı ölkədə çoxlu sayda iş yerlərinin yaranmasına şərait yaratmaqla, istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satıla bilər.
Çayçılığın inkişafı üçün sahibkarlara uzunmüddətli (15-20 ilə qədər) güzəştli kreditlər ayrılması, çay toxumu, şitili dövlət vəsaiti hesabına torpaq mülkiyyətçilərinə güzəştlə verilməlidir. Toxumçuluq sisteminin müasir tələblərə uyğun aparılması, seleksiya, toxumartırma işlərinin xüsusi təsərrüfatlarda aparılması vacibdir.
Aqrar sahənin davamlı inkişafının məqsədi əhalinin tələbatının ödənilməsinin və qida strukturunun, sosial və demoqrafik şəraitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, təbii resursların məhsuldarlığının saxlanması, dünya təsərrüfatı sisteminə inteqrasiya və ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsindən ibarətdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsindən başlanır. Bu məqsədlərə nail olunması üçün, ilk növbədə, KTN və aqrar rayonların icra hakimiyyətləri qarşısında mühüm vəzifələr durur. Biz də bu şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün mümkün olan hər şeyi edəcəyik.
Elçin Bayramlı
Səs.- 2011.- 18 mart.- S. 7.