İsmayıllı rayonu uğurlu perspektivlər mərhələsində

 

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş planlar yüksək səviyyədə həllini tapmaqdadır

 

İsmayıllı Dağlıq Şirvan iqtisadi-coğrafi zonasında yerləşir. Rayonun inzibati ərazisi 207372 ha torpaq sahəsini əhatə edir. 40552 ha torpaq sahəsi mülkiyyətə verilmiş əkinə yararlı torpaqlardır. Bunun 36035 hektarı hal-hazırda əkin altındadır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

 

Aqrar sənayenin prioritet istiqamətləri

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafında aqrar sənaye prioritet istiqamətlərdəndir. Bu baxımdan da, rayonda ötən il ərzində, 32193 ha sahədə də üçün payız əkini aparılıbdır. Bunun da 28404 hektarında buğda, 3787 hektarında arpa əkinləridir. Payızlıq taxıl bitkilərindən 688911 ton məhsul istehsal edilib. Ötən dövrdə 728 hektar tərəvəz, 744 hektar kartof əkilibdir. Hal-hazırda rayonda iri buynuzlu mal-qara 51026 başdır ki, bunun da 23696 baş inək və camışlardır. Qoyun -keçilərin sayı 177445 baş, donuzların sayı isə 964 başdır. İri buynuzlu malın 2304 başı, qoyun-keçinin 7341 başı, donuzun isə 861 başı kənd təsərrüfatı müəssisələrinin, digər qismi isə sahibkar və ev təsərrüfatlarının payına düşür. Ötən dövr ərzində ət istehsalı 3126 ton, süd istehsalı 17907 ton, yun istehsalı 382 ton, yumurta istehsalı 5564 min ədəd olub. Vaxtilə rayonda quşçuluq fabriki kimi fəaliyyət göstərən müəssisə "Quşçuluq" ATC tərəfindən özəlləşdirilmiş, fabrikdə əsaslı rekonstruksiya işləri aparılmış və broyler quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülübdür.

Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Bu fəaliyyət növü İsmayıllı rayonu üçün xarakterikdir. Belə ki, 1980-cı illərdə 8000 hektar üzüm sahələrinə malik İsmayıllı rayonu 80000 ton üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı, demək olar ki, dayanmışdı. Son illərdə İsmayıllıda üzümçülük sahəsi yenidən bərpa edilibdir. Xüsusilə, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrası ilə əlaqədar bu sahənin inkişafı da sürətləndi. Hal-hazırda rayonda üzüm bağları 801 ha, o cümlədən, bar verən bağlar isə 563 hektardır. Üzümçülük sahəsinin inkişafı ilə paralel olaraq rayonda şərabçılıq sahəsi də inkişaf etdirilir. Belə ki, vaxtilə Kürdmaşı kəndində fəaliyyət göstərən üzüm emalı zavodu "İsmayıllı Şərab-1" ASC tərəfindən özəlləşdirildikdən sonra zavodun fəaliyyəti bərpa olunub, şərab məhsulları istehsal olunur. Eləcə də, Hacıhətəmli kəndində "Şərab-2" ASC-nin şərab zavodu beynəlxalq standartlar səviyyəsində avadanlıqlarla təmin olunaraq, məhsul istehsal edir.

 

Rayonda abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Onu da vurğulayaq, əvvəlki illərdə olduğu kimi, ötən ildə də tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıbdır. Belə ki, Gideyli kəndində yeni məktəb binası, şəhər mərkəzində rayon prokurorluğu üçün inzibati bina, Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilibdir. Eyni zamanda, əlil və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının, texniki peşə məktəbi üçün 480 yerlik müasir tipli binanın, Talıstan kəndi ərazisində beynəlxalq standartlara cavab verən 480 yerlik otelin, rayon mərkəzində çoxmərtəbəli yaşayış binasının tikintisində inşaat işləri, rayonun görkəminin müasirləşməsi və abadlaşması istiqamətində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir. İsmayıllı rayon icra hakimiyyətinin məlumatına görə, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abadlıq və yenidənqurma işləri aparılıb, parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilibdir. 5 hektar sahədə yaşıllıq salınıb, Almaniya, Türkiyə və İtaliyadan gətirilmiş 10 min ağac və gül kolundan istifadə olunubdur. 500 nəfərlik yeni yay kino-teatrı tikilib, tarix-dünyaşünaslıq muzeyi, idman-əyləncə klubu yaradılıbdır. Parkın ərazisində, Azərbaycanda ilk dəfə olaraq, 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən "Yapon bağı" salınıb, 240 kvadratmetr sahəsi olan diskoteka inşa olunubdur. Rayonda 4500 kvadratmetrə yaxın yaşayış sahəsi tikilib istifadəyə verilibdir ki, bu da 2008-ci ildəkindən 3 dəfə çoxdur.

 

İsmayıllıda sosial obyektlər istifadəyə verilib

 

Rayonda sahibkarlıq fəaliyyətinə meyil güclənib. İş adamları tərəfindən çoxmərtəbəli yaşayış binalarının, 480 nömrəlik otel kompleksinin, bir neçə böyük ticarət obyektinin, Hacıhətəmli kəndində üzüm emalı zavodunun, İvanovkada çörək zavodunun tikintisi aparılır, sahibkarlar tərəfindən turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilibdir. 2009-cu ildə rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, islahatların aparılması ilə əlaqədar səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr təminatı, xəstələrə yüksək səviyyəli müalicə xidmətinin göstərilməsi üçün əsaslı tədbirlər həyata keçirilibdir. Mərkəzi xəstəxananın doğum, cərrahiyyə və yoluxucu xəstəliklər şöbəsində, həmçinin, Yaponiya dövlətinin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Sivil Cəmiyyət" İnkişafa Yardım İctimai Birliyi tərəfindən İvanovka kənd xəstəxanasının doğum şöbəsində əsaslı təmir və yenidənqurma işləri aparılıbdır.

 

İsmayıllı İKT sürətlə inkişaf edir

 

İsmayıllıda, bütün istiqamətlərdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində yüksələn inkişaf var. Bütün regionlarda olduğu kimi, İsmayıllıda da rabitə və informasiya texnologiyaları sahəsi yeni inkişaf dövrünə başlamışdır. RİTN "Aztelekom" İB-nin dəstəyi ilə rayonda rabitənin inkişafı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olaraq iki kənddə (Mucu 48, Gəndo 32 nömrə tutumlu) min EATS qurulmuşdur ki, bu da kəndlərdə müasir rabitə xidməti göstərməyə imkan yaratmışdır. Rayon üzrə təqribən 500 abunəçi internetdən istifadə edir ki, bunun da 150-si genişzolaqlı internet (ADSL) istifadəçisidir. Statistikaya görə, hazırda İsmayıllıda hər 100 ailəyə 78 ədəd telefon düşür. Eyni zamanda, hazırda İsmayıllı poçt filialı 27 poçt şöbəsi vasitəsi ilə rayonun 109 yaşayış məntəqəsinin əhalisinə, müəssisə və təşkilatlara nümunəvi poçt xidməti göstərir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq İsmayıllı şəhərində və Lahıc qəsəbəsində müasir və milli-memarlıq üslubunda 2 poçt şöbəsi binası tikilib istifadəyə verilibdir. Yeni poçt binalarının tikintisi üçün zəruri işlər davam etdirilir.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı İsmayıllı rayonunda böyük uğurla reallaşır.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 18 mart.- S. 8.