Azərbaycanda insan hüquq azadlıqlarının müdafiəsi tam təmin olunub

 

Rəbiyyət Aslanova: "Yaradıcısı və memarı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan dövlətinin bayrağı daima yüksəklərdə dalğalanacaq"

 

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi  ilə bağlı dövlət hər zaman öz üzərinə düşən bütün məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların hüquq və azadlıqları dövlətimizin ən ali məqsədi sayılır. Bu isə, o deməkdir ki, Azərbaycanın milli qanunvericiliyində qanuna edilən hər bir əlavə və dəyişikliklərin əsas məğzi, qayəsi Azərbaycan insanının bütün mənalarda hüquqlarının tam təmin olunmasıdır. Təsadüfi deyil ki, Azərbaycan dünyada qəbul edilmiş ən mühüm, vacib  konvensiyalara qoşulmaqla özünün bu sahədə nə qədər maraqlı olduğunu və beynəlxalq qurumlar qarşısında öhdəliyinin yerinə yetirildiyini bir daha təsdiq edir.  Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiə olunması ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova qəzetimizə öz münasibətini bildirdi:

"Elə dövlətlər var ki, onlar insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm konvensiyalara imza atmır. Azərbaycan dövləti isə, bütün dünyada bəyan edir ki, "mənim böyük məqsədim vətəndaşların  hüquqlarının qorunması, onların istək və arzularının gerçəkləşməsidir. Bu sahədə də çox  mühüm sənədlər qəbul edilib və bütün təbəqələrin hüquqlarının qorunması sahəsində ciddi addımlar atılıb" deyə millət vəkili R.Aslanova qeyd etdi.

Millət vəkili əlavə etdi ki, bu gün hansısa bir bölgədə ən kiçik qanun pozuntusu olarsa belə, dərhal dövlət tərəfindən ciddi tədbirlər görülür və qarşısı alınır: " Azərbaycan bir sosial dövlət kimi formalaşır. Sosial dövlətin isə əsas prioritet məqsədi insanların sosial, iqtisadi, siyasi, mədəni durumunun təmin olunmasıdır. Bu gün hansısa beynəlxalq qurumlar, qərəzli QHT-lər dövlətimizin ünvanına obyektivlikdən uzaq olan fikirlər səsləndirirsə, bunlar birmənalı sifarişli ifadələrdir. Azərbaycan artıq milli və lokal etirafdan beynəlxalq etirafa yüksəlmiş bir dövlətdir".

Millət vəkili vurğuladı ki, dünyada müqayisələr aparmaq imkanı olan hər bir şəxs Azərbaycan dövlətinin 20 il ərzində əldə etdiyi uğur və nailiyyətləri dana bilməz: "Bu il Azərbaycan dövləti öz müstəqilliyinin 20 ilini qeyd edəcək. Dövlətimiz bu 20 il ərzində müxtəlif tarixi mərhəlləri həm əziyyətlə, həm də çox uğurla keçib. Keçid dövrünü qətiyyətlə dəf edərək modernləşmə, müasirləşmə xəttini seçən Azərbaycan dünyada ən nüfuzlu dövlətlər sırasındadır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün onun Azərbaycan adlı böyük, güclü, söz sahibi olan dövləti var. Azərbaycanın 20 il ərzində qazandığı bütün uğurları, nailiyyətləri danmaq dövlətimizə qarşı ən böyük haqsızlıq olardı".

Millət vəkili  dünyanı iqtisadi böhranın bürüdüyü halda, bunun qətiyyən Azərbaycana təsir etmədiyini də bildirdi.

Onun sözlərinə görə, buna səbəb əvvəlcədən müəyyən edilmiş önləyici tədbirlərin görülməsi idi. Bununla əlaqədar olaraq, çox ciddi addımlar atılmışdı.

R.Aslanov dövlətimizin iqtisadi tərəqqi yolunda çox mühüm uğurlara imza atıdığını da qeyd etdi və vurğuladı ki, bu gün Azərbaycan özünün ən dinamik, sürətli inkişaf tempini yaşayır.

"Azərbaycanın dünya xəritəsində yerinin rolunun möhkəmlənməsindən xarici qüvvələrlə yanaşı, daxildə bəzi hüquq müdafiəçilərini narahat edir. Daxildəki qüvvələrin narahatçılığı nədən qaynaqlanır"  sualına cavab olaraq, R.Aslanova bildirdi ki, cəmiyyətdə dövlətini sevməyən insanlar həmişə olub:"Ona görə , Azərbaycan cəmiyyətində belə insanların olmasını çox adi hal kimi qəbul etmək lazımdır. Dövlətinə, xalqına millətinə qarşı çıxan qara niyyətli insanlar şərin xidmətçiləridir. O tip insanlar milli heysiyyət hissindən məhrumdurlar. Onlar əslində dövlətimizin, dövlət başçımızın dünyada qazandığı o böyük nüfuzuna, hörmətinə sevinməlidirlər, amma sevinmirlər. Çünki onlar pulu, şəxsi ambisiyalarını nökərləri olduğu xarici qüvvələri sevirlər. Bu gün dövlətimizlə mübarizə aparan bəzi şər qüvvələr zaman-zaman öz səhvlərini daha aydın şəkildə anlayacaqlar. Azərbaycan dövləti böyük, qüdrətli əzəmətlidir. Bunu, birmənalı olaraq, hər kəs  qəbul etməlidir. 20 il ərzində böyük çabalarla qazandığımız nüfuzumuza, uğurumuza kimlərinsə arzu istəyi ilə qətiyən kölgə sala bilmərik. Yaradıcı memarı Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin bayrağı daima yüksəklərdə dalğalanacaq".

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 18 mart.- S. 10.