Novruz bayramı Azərbaycan xalqının
ümumxalq bayramıdır
İlham Əliyev: "Dünya
azərbaycanlılarına Novruz bayramı salamlarımı
yetirir, azərbaycançılıq məfkurəsi
ətrafında onların daha sıx birləşəcəklərinə
inamımı ifadə edirəm"
Prezident İlham Əliyev qarşıdan gələn Novruz bayramı münasibəti
ilə Azərbaycan xalqını təbrik edib. Prezidentin təbrikində deyilir:
"hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə
səmimi qəlbdən
təbrik edir, bu əziz bayram
günlərində hər
birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı
və səadət arzulayıram. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən
bəri yurdumuzun hər bir guşəsində
müxtəlif el şənlikləri və
mərasimlərlə qarşılanır.
Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın
qədim ənənələrinin
bütün rəngarəngliyi
ilə qorunub saxlanılması Azərbaycan
xalqının öz tarixi-mədəni keçmişinə
yüksək ehtiramını
və milli-mənəvi
dəyərlərə
dərin bağlılığını
nümayiş etdirir. Baharın Azərbaycan torpağına builki gəlişi dövlət
müstəqilliyimizin bərpasının
iyirminci ildönümünə
yubiley hazırlıqları
ilə üst-üstə
düşür.
Əsrlərin
sınağından çıxmış Novruz
bayramının artıq dövlət səviyyəsində
keçirilməsi məhz istiqlal yolunda
qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində
özünün iyirminci
baharını yaşayan
respublikamız Novruz günlərində Beynəlxalq
muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən
gəlmiş muğam
tədqiqatçılarını, xanəndələri və
çoxsaylı qonaqları
qəbul edir. Xalqımızın əbədi
və təkrarsız
sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü
artıran yeniləşdirici
ab-havası ilə yaxından səsləşir.
Dünya azərbaycanlılarına
Novruz bayramı salamlarımı yetirir, azərbaycançılıq məfkurəsi
ətrafında onların
daha sıx birləşəcəklərinə inamımı ifadə edirəm. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması
naminə canlarından
keçmiş Azərbaycan
övladlarının xatirəsi
bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümidvaram
ki, Azərbaycanın müstəqil ölkə
olaraq qazandığı
zəfərlər şəhidlərimizin
ruhunu şad edəcəkdir. Hər
evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram
ovqatı və sevinc arzu edirəm.
Novruz bayramınız
mübarək olsun!"
Səs.- 2011.- 19 mart.- S. 2.