Parlamentin növbəti iclası
keçirildi
Milli Məclisdə bir sıra qanunlara əlavə və
dəyişikliklər olunub
Gündəlikdəki
birinci məsələ - "İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının tərkibində
dəyişikliklər edilməsi haqqında" Milli Məclisin
Mədəniyyət məsələləri komitəsinin sədri
Nizami Cəfərov məlumat verdi. Komitə sədrinin
sözlərinə görə, İctimai Televiziya və Radio
Yayımları Şurasının üç
üzvünün altı illik səlahiyyət müddəti
15 mart 2011-ci ildə başa çatmışdır. Bununla əlaqədar
olaraq Şuraya 5 nəfərin namizədliyi irəli
sürülür. Millət vəkili
qeyd etdi ki, İctimai Televiziya Azərbaycanın ictimai-siyasi həyatında
mühüm rol oynayır və təqdim olunan namizədlər
televiziya sahəsində təcrübəli şəxslərdir,
onların seçilməsi İTV-nin inkişafını
sürətləndirəcək.
Millət vəkili Fazil Mustafa İTV-nın fəaliyyətini müsbət qiymətləndirib. Onun fikrincə, bu televiziya aktual mövzuları gündəmdə saxlayır.
Millət vəkili Qənirə Paşayeva isə söyləyib ki, İTV-nin parlamentdə qəbul olunan qanunların cəmiyyətə düzgün çatdırılmasında böyük rolu var: "İctimai Televiziya qısa müddətdə böyük uğur qazanıb. Fəaliyyəti müddətində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Maarifləndirmə, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi, vətənpərvərliyik ruhunun artırılması istiqamətində böyük işlər görür. Bu baxımdan İTV-nin fəaliyyəti yüksək qiymətləndirilməlidir".
Təqdimatdan sonra namizədlikləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüş Aqil Dadaşov, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüş Muxtar İmanov və Mətbuat Şurası tərəfindən irəli sürülmüş Cahangir Məmmədli İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvləri seçildilər.
Sonra Milli Məclis sədrinin müavini, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki ikinci məsələ barədə məlumat verdi. Bildirdi ki, bugünkü gündəliyə daxil edilmiş "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara təklif olunan əlavələr və dəyişikliklər əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir. Belə ki, hər üç qanuna istehlakçının bu şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi barədə müddəaların əlavə olunması təklif edilir. Bundan başqa, "Su təchizatı və tullantı suları haqqında" Qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur.
Bu əlavə və dəyişikliklərin əhalinin maraqlarına xidmət etdiyini nəzərə alan deputatlar məsələni səsə qoyaraq təsdiq etdilər.
İclasda həmçinin, "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara əlavə və dəyişikliklər edilib. Bu məsələ barəsində məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərə əsasən, vəfat etmiş sabiq məhkəmə hakimlərinin pensiyalarına əlavələri almaq hüququ onun ailə üzvlərinə veriləcək.
Müzakirələrdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkilli Siyavuş Novruzov dəyişiklikləri təqdir etdi. Bununla belə o təklif edib ki, bu cür hüquqlar millət vəkilləri üçün də nəzərdə tutulsun. O sabiq deputatlara işlə təmin olunan müddətədək ən azı 2 il maaşlarının verilməsi təklifi ilə çıxış edib. Millət vəkili bu məqsədlə "Deputat statusu haqqında" qanuna dəyişiklərin edilməsini zəruri sayıb.
Deputat Azay Quliyev və Qənirə Paşayeva isə vaxtı ilə Rusiyada çalışan azərbaycanlıların pensiyalarının düzgün hesablanmadığını diqqətə çatdırıblar. Q. Paşayeva Azərbaycan parlamentinin bununla bağlı sənədi ratifikasiya etdiyini, lakin Rusiya tərəfindən hələ bir addımın atılmadığını söyləyib, bununla bağlı Rusiya parlamentinə müraciət ünvanlanmasını vacib sayıb.
İclasda eyni zamanda, "Prokurorluq haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişikliklər edilib. Bu sənədlər haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verib. O bildirib ki, "Prokurorluq haqqında" qanuna edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliyə görə isə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirə bilər.
Siyavuş Novruzov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə
həmişə olub"
Məsələ ilə bağlı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hüquq-mühafizə orqanlarında müəyyən islahatların aparılmasına ehtiyac olduğunu bildirib: "Bu gün Azərbaycanda istintaq orqanları həddindən artıq çoxdur. Təbii ki, bunun yaxşı və pis cəhəti də var. İstintaq sistemi ondan ibarətdir ki, burada mütəxəssis olmalıdır. İstintaqın əsasını ibtidai istintaq təşkil edir. Hesab edirəm ki, hansı strukturun tərkibində olursa olsun vahid istintaq orqanı yaradılmalıdır. Hazırki məsələ pilot lahiyə kimi qəbul edilə bilər. Əgər bu özünü doğrultsa, onu digər sahələrdə də tətbiq etmək lazımdır". Millət vəkili qeyd edib ki, hazırda korrupsiyaya qarşı mübarizə xeyli aktuallaşıb. Onun fikrincə, hazırda bəzi daiərələr, mətbuat orqanları bununla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər. "Azərbaycanda korrupsiyaya qarşı mübarizə həmişə olub. Bu mübarizənin təməli hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə qoyulub. O zaman bəzi sovet respublikaları bu prosesə etirazlar edirlər. Lakin Ulu Öndər Heydər Əliyev bütün bunlara baxmayaraq, korrupsiyaya qarşı həmişə mübarizə aparıb. Bu günkü mübarizə də həmin prosesin davamıdır. Yəni rüşvət və korrupsiyaya qarşı mübarizə bu gün başlamayıb. Prezident İlham Əliyev bu barədə göstərişlər verib, eləcə də imzalanmış fərman və sərəncamlar bu məqsədə xidmət edir. Hesab edirəm ki, bu prosesə cəmiyyətin də cəlb olunması lazımdır. Bütövlükdə bu proses getməlidir, hər kəs öz sahəsində mübarizə aparmalıdır. Problemi hansısa strukturların üstünə atmaq, KİV-də yalandan kiməsə korrupsioner damğası vurmaq lazım deyil" deyə S.Novruzov vurğulayıb. Onun fikrincə, hansısa strukturda kimsə bu məsələyə görə işdən azad olunursa, bu ictimaiyyətə açıqlanmalıdır. "Ümumi şəkildə danışmaq lazım deyil. Mən bunun tamamilə əleyhinəyəm. Əgər kimdə cəsarət varsa konkret adını desin ki, filankəs korrupsionerdir və filan korrupsiya ilə məşğul olur. Əgər bu cəsarət yoxdursa, deyə bilmirsə, ümumi şəkildə ictimaiyyətdə ajiotaj yaratmağın heç bir əsası yoxdur. Hər bir kəs korrupsioner tanıyırsa, onun adını-familyasını dərc eləsin, çıxış edib desin ki, filankəs korrupsionerdir. O cümlədən deputatın səlahiyyəti var ki, müvafiq orqanlara yazılı şəkildə müraciət etsin. Hesab edirəm ki, düzgün mövqe, əsil vətəndaş mövqeyi bundan ibarət olmalıdır" deyə millət vəkili qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də müzakirəyə çıxarlın məsələni dəstəklədiyini deyib.
Sonda qanun layihəsi qəbul
edilib.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 19 mart.- S. 4.