Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir

 

- Seymur müəllim, ilk olaraq, istərdik ümumi bir suala cavab verəsiniz. Bu gün Azərbaycanda gənclərin özlərini təsdiq etməsi üçün yaradılmış şəraiti necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan MDB məkanında gənclər siyasətinin miqyasına və effektinə görə ön sırada qərarlaşıb. Respublikamızın hər bir gəncinin istənilən sahədə özünü təsdiq etməsi və potensialını reallaşdırması üçün kifayət qədər əlverişli şərait yaradılıb. Daha dəqiq olsun deyə, burada qruplaşma da apararaq fikrimizin nə qədər doğru olduğunu isbatlaya bilərik.

Hazırda ölkəmizdə idman, elm-təhsil, mədəniyyət-incəsənət, ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrində gənclərin malik olduqları bacarıqları nümayiş etdirməsi üçün infrastruktur və maddi-texniki bazanın gücləndirilməsi baxımından bütün lazımi işlər görülüb. Azərbaycanda idman sahəsinə meyilli olan gənclərin uğurlu çıxışları üçün 20-dən artıq olimpiya kompleksləri inşa edilib və müxtəlif güzəştlər tətbiq olunub. Buna görədir ki, yaradılmış şəraitdən bəhrələnən gənclər əldə etdikləri naiyyətlərlə Azərbaycanın idman ölkəsi kimi tanınmasına səbəb olublar.

Elm-təhsil sahəsində də ciddi addımların atılması, elm ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, gənc alimlərin bu sahədəki fəaliyyətlərini stimullaşdıran güzəştlərin tətbiq olunması, həmçinin, xaricdə təhsil almaq və Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək istəyənlər üçün xüsusi Dövlət Proqramının qəbul edilməsi sözügedən istiqamət üzrə də gənclərin uğurlar əldə etməsinə səbəb olub. Eyni sözləri, mədəniyyət-incəsənət, ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrinə də aid etmək olar.

Bir sözlə, bu gün ölkəmizdə gənclərimizin intellektual və kreativ fəaliyyətinin düzgün istiqamətləndirilməsi və nailiyyətlərin əldə olunması üçün mükəmməl şərait yaradılıb. Bu vəziyyətdən düzgün istiqamətdə bəhrələnən gənclərimiz isə hazırda respublikamızın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. Malik olduqları potensialı reallaşdırmaqla, ölkəmizin inkişafına öz töfhələrini verirlər.

- Dediklərinizdən bəlli olur ki, hazırda respublika gəncləri sərbəst şəkildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Bəs belə olan təqdirdə, nə üçün bəzi gənclər istər virtual, istərsə də real həyatda itaətsizliyə sövq edilir? Buna səbəb kimi nəyi görürsünüz?

- Haqlısınız. Bu gün Azərbaycan gənclərini düzgün olmayan istiqamətə yönəltməyə çalışan bəzi xarici qüvvələr var. Onlar ideoloji-informativ manipulyasiya vasitəsilə cəmiyyətdəki çatışmazlıqları gənclərin beyninə yeridərək, onlardan idarə olunan obyekt hazırlamağa cəhd göstərirlər.

Ümumiyyətlə, bəşər tarixindən də bəllidir ki, heç bir zaman ideal cəmiyyət olmayıb. Əlbəttə ki, hazırkı Azərbaycan cəmiyyətində də müəyyən çatışmazlıqlar olub. Ola bilsin ki, hansısa səbəblər üzündən bir sıra qabiliyyətli gənclər diqqətdən kənarda qalıb.

Amma Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi daim bütün gücü ilə çalışıb ki, ölkəmizin bütün kreativ gənclərini üzə çıxarsın və onlara özlərini təsdiq etmək üçün bütün şəraiti olan fəaliyyət platforması versin. Hətta deyim ki, biz artıq buna nail olmuşuq. Mən düşünürəm ki, artıq bu cür hallar cəmiyyətimizdə mövcud deyil.

Lakin çox təəssüflər olsun ki, xaricdə yaşayan və düşmənlərlə əlbir olan bəzi azərbaycanlı "gənclər" müxtəlif vasitələrdən istifadə etməklə, narazılıq fonu yaratmağa çalışırlar. Xüsusilə də, internet üzərindən bu fəaliyyəti həyata keçirərək, blef və manipulyasiyalarla məşğul olurlar. Əlbəttə ki, həmin qüvvələrə dəstək verən və ölkəsinin inkişafının davamlı olmasını istəməyən daxili satellitlər, radikallar da mövcuddur. Onlar ölkəmizdə yaradılmış demokratik şəraitdən sui-istifadə etməklə, dediyiniz aqressiya fonunu yaratmağa cəhd göstərirlər. Əslində isə, vəziyyət tamamilə fərqlidir. Biz gənclərlə daim ünsiyyətdə olan və onlarla işləyən təşkilat olduğumuza görə, Azərbaycan gəncliyinin nə düşündüyünü çox yaxşı bilirik. Hətta apardığımız söhbətlərdən, sosial şəbəkələr üzərindən keçirdiyimiz sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Yəni düşmən qüvvələr nə qədər çalışsalar da, gənclərdə hansısa aqressiya və ya hakimiyyətə qarşı çıxış hissi oyada bilməzlər.

- Məlum olduğu kimi, bir neçə həftə öncə sosial şəbəkələrdə gənclər arasında müəyyən təbliğat işləri aparılırdı ki, hansısa günlə bağlı aksiya keçirilsin. Sizin fikrinizcə, bu təbliğat hansı məqsədlərə xidmət edirdi və sözügedən oyunun arxasında kimlər dayanırdı?

- Bəli, belə bir hal da yaşandı. Təşkilatçılarından 4-ü xaricdə yaşayan və Azərbaycanın düşmənləri ilə işbirliyində olan "gənclər" "Facebook" və "Twitter" kimi sosial şəbəkələr üzərindən müxtəlif aldadıcı xüsusiyyətləri özündə birləşdirən qrup yaratdılar. Əlbəttə ki, bu qrupun necə formalaşması və saxtakarlıqla ətrafına insan toplaması barədə artıq cəmiyyətimiz məlumatlıdır.

Amma bu qrupla bağlı bəzi yeni məqamlar üzə çıxdığına görə, istərdim bu məsələnin üzərində bir qədər dayanım.

Aparılan məqsədyönlü təbliğat işlərindən sonra bu qrupla bağlı məlumatı olmayan digər gənclər də bu kampaniyanın tərəfdarlarına etiraz məktubları göndəriblər. Bu qrupun yaradılmasının əsil məqsədini bu qrupa dəstək verənlərə izah etməyə başlayıblar. Amma sonradan bizim bu qrupla araşdırma aparan gənclərimizin elektron ünvanlarına daxil olmuş məktublarda bildirilib ki, ermənilər aktiv şəkildə onların səhifələrinə müdaxilələr ediblər, müxtəlif kanallar vasitəsilə hədə və təhqir dolu şərhlər yazıblar. Bundan sonra biz daha dəqiq bildik ki, bu kampaniyanın arxasında Azərbaycanı sevməyən xarici qərəzli qüvvələr, ilk növbədə, ermənilər dayanır.

Bu faktı bütün Azərbaycan gəncləri həm media, həm də sosial şəbəkələr vasitəsilə anladı və bildi. Ona görə də, bu qrupun çirkin məqsədi baş tutmadı.

Mən əminəm ki, bundan sonra da bu cür kampaniyalar təşkil edilsə, onların Azərbaycanda gənclərlə dövlət arasında nifaq salmaq imkanları sıfıra bərabər olacaq...

- Artıq son günlər ərzində ərəb dünyasındakı çalxalanmalardan "ruhlanan" radikallar bir sıra çağırışlarla çıxış edirlər. Hətta universitet tələbələrini öz məqsədlərinin reallaşdırılması alətinə çevirməyə cəhdlər göstərirlər. Necə düşünürsünüz, Azərbaycan gəncliyinin bu gün üçün əsas məqsəd və hədəfləri nələr olmalıdır?

- Bilirsiniz, Azərbaycan bu gün regionun sürətlə inkişaf edən ölkəsidir. Respulikamız həm siyasi, həm iqtisadi, həm sosial, həm hərbi, həm də digər sahələr üzrə uğurlar əldə etməkdədir. Bununla yanaşı, Azərbaycanda demokratik şəraitin yaradılması, söz-mətbuat, özünüifadə azadlıqlarının dövlət tərəfindən ciddi şəkildə qorunması, vətəndaş-dövlət münasibətlərinin sabit olması əldə olunan nailiyyətlərə əlavə kapitallar gətirir. Amma xalq-iqtidar birliyinin sarsılmaz olduğu Azərbaycanda bütün proseslərin sabit və öz axarında davam etməsi xarici qərəzli dairələri narahat edir. Onlar çalışırlar ki, Azərbaycan xalqının malik olduğu sərvətləri mənimsəsinlər, ölkəmizi parçalasınlar və dövlətçilik tariximizi məhv etsinlər.

Etiraf etmək lazımdır ki, həmin qüvvələr ərəb dövlətlərində baş vermiş hadisələri Azərbaycana transformasiya etməyə cəhd göstərirlər. Və çox təəssüflər olsun ki, ölkəmizdə onlara xidmət edənlər də tapılır. Öz keçmişini yaddan çıxarmış radikal müxalifət düşmənlərin dəstəyilə Azərbaycanı 1990-cı illərin əvvəllərindəki vəziyyətə qaytarmaq, yenidən vətəndaş qarşıdurmasının meydana gəlməsini, aclıq və səfalətin, özbaşınalığın baş qaldırmasına çalışırlar.

Axı xalqımız bütün bunların acı nəticələrini görüb. Bilir ki, bu radikal müxalifət hakimiyyətdə olarkən, Azərbaycan hansı ağır günləri yaşayıb.

Biz gənclərə də aydındır ki, radikal müxalifət gəncləri itaətsizliyə çağırır. Qeyd etdiyiniz kimi, xüsusilə də, universitetlərdə təhsil alan gənclərdən istifadə etməyə cəhd edirlər. Mən tam əminəm ki, Azərbaycanda heç bir gənc düşmənlərin maraqlarının həyata keçirilməsinə imkan və radikallara da dəstək verməz.

Biz gənclər radikal müxalifətə sual edirik: nə üçün bizim gələcəyimizi sonu görünməyən tunelə salmağa çalışırsınız? Niyə imkan vermirsiniz ki, bizim üçün yaradılmış şəraitdən maksimum şəkildə yararlanaq və dövlətimizə layiq vətəndaş olaq? Hansı səbəblərə görə, siz bizləri meydana çıxarıb Vətən xaini etməyə cəhd göstərirsiniz? Radikallar və onların xidmət etdikləri qərəzli qüvvələr bilsinlər ki, Azərbaycan gəncləri dövləti hər bir şeydən uca tutur və onun inkişafı üçün əlindən gələni etməyə hazırdır.

Bu gün biz gənclərin düşmən mətbəxində hazırlanmış siyasi oyunların baş tutması üçün mitinqlərə çıxan vaxtımız deyil. Hazırda bizim əsas vəzifəmiz dövlətimizin başçısının siyasətini dəstəkləməklə, torpaqlarımızın işğaldan azad olunması üçün səfərbər olmalı, ideoloji cəhətdən silahlanmalıyıq.

- Seymur müəllim, sonuncu sualı da ümumi məsələ ilə bağlı vermək istəyirəm. Siz, YAP-ın GB-nin sədri kimi Azərbaycan gəncliyini necə təsəvvür edirsiniz və onların əsas funksiyası nələr olmalıdır?

- Əlbəttə ki, indi söyləyəcəyim fikirlər təkcə mənə deyil, respublikamızın bütün vətənpərvər gənclərinə aiddir. Biz gənclər cəmiyyətimizin aparıcı üzvləri olduğumuza görə, bir sıra məsələlərdə məsuliyyət çiyinlərimizə düşür. Hər şeydən əvvəl statusumuzdan, vəzifəmizdən asılı olmayaraq, hamımız Vətənimizə layiq vətəndaş olmalıyıq. "Hər şey Vətən üçün" devizi yaşam və fəaliyyət amalımıza çevrilməlidir. Bizə ermənilərlə işbirliyində olmuş Ruslan Bəşirli kimi gənclər lazım deyil. Biz xaricdən idxal olunan dağıdıcı ideologiyaların daşıyıcısına çevrilmiş gəncləri qəbul etmirik. Həmin gənclər Azərbaycan gəncliyinin adına ləkə salırlar.

Mən siyasi əqidəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bütün Azərbaycan gənclərini xalqımız üçün qiymətli olan müstəqilliyimizə, dövlətçiliyimizə təhdid olan halları qətiyyətlə rədd etməyə və ölkəmizin inkişafı naminə çalışmağa çağırıram.

 

 

 

Səs.- 2011.- 19 mart.- S. 5.