“Qloballaşma
şəraitində xarici
əlaqələrin beynəlxalq-hüquqi
konteksti" kitabının
təqdimatı olub
Ukrayna Milli Elmlər Akademiyasının
(UMEA) Tarix İnstitutunda
həmvətənimiz Arif
Quliyevin rus dilində çapdan çıxmış "Qloballaşma
şəraitində xarici
əlaqələrin beynəlxalq-hüquqi
konteksti" kitabının
təqdimatı olmuşdur.
Arif Cəmil oğlu
Quliyev - Ukrayna Milli Aviasiya Universitetinin (MAU), Beynəlxalq
Münasibətlər İnstitutunun beynəlxalq hüquq
kafedrasının professoru, Heydər Əliyev adına
Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət, İdman
Mərkəzinin direktoru və Ukrayna Azərbaycanlıları
Konqresinin (UAK) Kiyev şəhər təşkilatının
sədr müavinidir.
Monoqrafiyanın müəllifinin Azərbaycanda dövlət
xidməti, o cümlədən, diplomatik
xidmət, elmi və pedaqoji fəaliyyət sahəsində
çoxillik təcrübəsi
mövzunun işlənməsində
və şərhində
müqayisəli-hüquqi yanaşma
metodunu reallaşdırmağa
imkan vermişdir.
Kitabda xarici siyasət idarələrinin
təkamül yolu ilə inkişafının
spesifikasından, qloballaşma
şəraitində diplomatik
orqanlara həvalə edilmiş vəzifə və funksiyalardan, digər məsələlərdən
bəhs edilir. Qeyd edək ki, nəşrdə Ermənistanın Azərbaycana
qarşı təcavüzü
barədə də məlumat verilmişdir. Müəllif kitabda Azərbaycan
Prezidenti İlham Əliyevin belə fikrinə də istinad edir: bizim
ölkəmiz sülhün
tərəfdarıdır, biz
müharibənin yenidən
başlanmasını istəmirik
və bu məsələni sülh
yolu ilə həll etməyə çalışırıq, bununla
belə, hamı bilməlidir ki, bizim səbrimiz
sonsuz deyil. Azərbaycan, öz torpaqlarını nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir.
Arif Quliyev təqdimat
mərasimində çıxış
edərək, vurğulamışdır
ki, monoqrafiyada Azərbaycan və Ukrayna diplomatiyasının
beynəlxalq səhnəyə
çıxışı ilə
bağlı məsələlərə
xüsusi diqqət yetirməyə çalışmışdır.
Azərbaycanın Ukraynadakı səfiri
Eynulla Mədətli, Ukraynanın sabiq xarici işlər naziri Gennadi Udovenko, UAK-ın fəal üzvü, istefada olan milis
polkovniki Əliş Osmanov, MAU-nun beynəlxalq hüquq kafedrasının müdiri,
professor Vladimir Antipenko və başqaları öz çıxışlarında kitabı
yüksək qiymətləndirmişlər.
Elə həmin gün "Ukrayna Avropada: ümumi gələcək
axtarışında" və
"Ukrayna və Avropanın mədəni-sivilizasiya
məkanı: formalaşma
xüsusiyyətləri və
inkişafın müasir
meyilləri" adlı
daha iki monoqrafiyanın (hər ikisi - Ukrayna dilində) təqdimatı
olmuşdur. Bu kitablarda da Ermənistanın
Azərbaycana qarşı
təcavüzündən bəhs
edilir.
Təqdimat mərasimində Azərbaycanın
Ukraynadakı səfirliyinin
əməkdaşları, Ukrayna
Xarici İşlər
Nazirliyi yanında Diplomatik Akademiyanın rəhbərliyinin, Ukraynanın
akademik elmi və elmi-tədqiqat müəssisələrinin nümayəndələri,
politoloqlar, Kiyev ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələr,
Azərbaycan və Ukrayna KİV-lərinin nümayəndələri
iştirak etmişlər.
Zümrüd
Səs.- 2011.- 19 mart.- S. 12.