Həyata keçirilən
islahatlar əhalinin rifah halının
yaxşılaşdırılmasına yönəldilib
Azərbaycanda əhalinin sosial müdafiəsi və məşğulluq
strategiyası uğurla reallaşır
“Yeddi il ərzində Azərbaycanda
yoxsulluq 4-5 dəfə aşağı düşüb. Bu, bir
daha göstərir ki, bizim apardığımız islahatlar və
iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasına
yönəldilib. Bu, həm də onu göstərir ki, Azərbaycanda
enerji sektorunda görülən işlər nəticəsində
ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli
bölünür və beləliklə, Azərbaycanda sosial ədalət
prinsipi həmişə yüksək səviyyədə tətbiq
olunur".
İlham Əliyev
İqtisadi uğurların təntənəsi
Dünyada maliyyə-iqtisadi böhranın təsirlərinin hökm sürdüyü ötən ildə respublikamızda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanıb, bu sahədə müvafiq göstəricilərin yüksəlməsinə nail olunub.
Ümumi daxili məhsulda 5 faiz, o cümlədən, qeyri-neft sektorunda 7,6 faiz artım özünü göstərib, ölkənin strateji valyuta ehtiyatları 50 faiz artaraq 20 milyard dollara çatıb. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub ki, bunun da 9,3 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəlməsinə yönəlib.
Bunun növbəti təzahürü kimi Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində irəliyə doğru yeni addımlar atılıb, minimum əməkhaqqı və pensiyaların baza hissəsi 85 manata qaldırılıb, sosial müavinətlər, büdcə təşkilatlarında çalışanların əməkhaqları artırılıb.
Ümumilikdə, il ərzində əhalinin gəlirləri 12,3 faiz artıb, inflyasiya göstəricisi idarəolunan səviyyədə saxlanılaraq, 5,7 faiz təşkil edib ki, bu da olduqca vacib amildir.
Yoxsulluğun azaldılması
prosesi
Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu təsdiqlənib, 2006-cı ilin ortalarından etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılıb. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.
Ötən ilin sonuna olan məlumata əsasən, ünvanlı yardım alanların sayı 122781 ailə, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 108,54 manat olub. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir.
O da mühüm faktdır ki, ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8 faizi vəsaiti plastik kart vasitəsilə alır. Ötən il ərzində də yardımların təyinatı işlərində ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatına ciddi nəzarət göstərilib.
2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən, ölkəmizdə 340405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artıb.
Şəhid ailələrinə və əlillərə qayğı
artırılır
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına ölkə rəhbəri tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Bu qayğının təzahürü kimi həmin insanlar üçün yeni mənzil tikintisi ilbəil sürətlənir. Möhtərəm Prezident tərəfindən qarşıya qoyulan tapşırığın icrası olaraq mənzillərin inşasında müsbət dinamika saxlanılmaqla, nəzərdə tutulan layihələr yüksək keyfiyyətlə həyata keçirilir.
2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil əlil və şəhid ailələrinə təqdim olunmuşdusa, 2009-cu ildə həmin təbəqələrdən olanlar üçün bundan təxminən 2 dəfə artıq, yəni 707 mənzilin inşası başa çatdırılıb.
2010-cu ildə tikinti planı üzrə 715 mənzil inşa olunub ki, nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb.
Eyni zamanda, əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib, 1998-ci ildən bəri 2940 "Oka" və "Slavuta" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib. 2009-cu ildən isə bu sahədə irəliləyişə nail olunub, keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı avtomobillər əlillərə təqdim olunmaq üçün respublikaya gətirilib. Bu avtomobillərin 352-si məhz 2010-cu ildə gətirilərək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanıb.
İşsizlik problemi uğurla həll
olunur
Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr verib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2004-cü ilin fevralından ötən ilin sonlarına kimi ölkəmizdə 900 mindən çox yeni iş yerləri açılıb və bu, sözügedən problemin ölkəmizdə əsasən öz həllini tapdığını qətiyyətlə deməyə əsas verir. Ötən il ərzində isə yeni açılan iş yerlərinin sayı 70 mini ötüb ki, onların da 53 mini daimidir.
Elçin Bayramlı
Səs.- 2011.- 29 mart.- S. 2.