92 yaşlı MTN

 

Azərbaycanın milli təhlükəsizlik orqanları peşə bayramlarını qeyd etdilər

 

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi nazirliyinin baş qərargahı tərkibində ilk xüsusi xidmət orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil olunub. Bununla da, Azərbaycanın maraqlarının, mənafelərinin və təhlükəsizliyinin etibarlı təminatçısı olan milli təhlükəsizlik orqanları yaradılıb. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə bu gün milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi rəsmiləşdirilib.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini 3 dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Azərbaycan SSR dövrü və Azərbaycan Respublikası dövrü. Hər 3 respublika dövründə bu qurumun fəaliyyətinə qısaca toxunmağa çalışacağıq.

 

İlk respublika dövründə təhlükəsizlik orqanları

 

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalıb. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Azərbaycanın əlverişli cöğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı.

Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...".

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstan və Gürcüstana hücumu Azərbaycanın müstəqilliyi üçün də təhlükə doğururdu.

Ölkə parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan- Dövlət Müdafiə Komitəsi yaradıldı.

Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı- "Əksinqilabla Mübarizə Təşkilatı"nı yaratdı və o, gənc dövlətin müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə əngəl ola biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat kimi fəaliyyətə başladı. Qısa müddət ərzində Bakıda təşkilatın 7 rayon bölməsi yaradıldı. Öncə denikinçilərə qarşı mübarizə aparan Əksinqilabla Mübarizə Təşkilatı sonrakı mərhələdə əsas fəaliyyətini bolşevik təhlükəsinə və şəhərdə təxribatlar törədən ermənilərə qarşı yönəltdi. Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı.

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulması ilə milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.

 

Azərbaycan təhlükəsizlik orqanları sovet dövründə

 

Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu.

1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edildi, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələnmə hökmünə məhkum olundu.

Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edildi. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə, məhz o illərdə məhv ediliblər.

İstiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycanın bir çox sayseçmə övladları - Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Rüstəm bəy Şəfibəyov, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Mahmud Səfikürdski və başqaları mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalıblar.

50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də, komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlayıb, öz qayğısını bu təsisatlardan əsirgəməyib.

 

Azərbaycan Respublikasının təhlükəsizlik orqanları

 

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı.

Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi. İlk növbədə, nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə- Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.

Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında, həmçinin, dövlət sirri təşkil edən məlumatların qorunması - korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur. Bu mənada, MTN dünyanın onlarla dövlətinin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formada əməkdaşlıq edərək, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə məlumat mübadiləsi aparır. Azərbaycan dövlətinin beynəlxalq antiterror koalisiyasında iştirakında MTN-in fəaliyyəti xüsusi qeyd edilməlidir.

Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət göstərən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunub. MTN-in fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə, Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq  müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik orqanlarının peşə bayramı münasibətilə bir sıra əməkdaşların təltif edilməsi haqda Sərəncam verib. Sərəncamlara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Xalıq oğlu Qurbanova general-mayor ali hərbi rütbəsi verilib, həmçinin, nazirliyin əməkdaşları medallarla təltif edilib.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 29 mart.- S. 4.