İctimai-siyasi sabitlik gənclərin normal təminatına imkan verib

 

Dövlətimizin gənclər siyasəti gələcəyimizin möhkəm qarantına əsaslanır

 

Müasir Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əldə olunan iqtisadi uğurlar cəmiyyətin ayrı-ayrı təbəqələrini əhatə etdiyi kimi gənclərimizdən də yan keçməyib. Bu baxımdan da, dövlətimizin gənclərlə iş sahəsinə, gənclər siyasətinə xüsusi önəm verdiyini söyləmək yerinə düşər. Bizimlə həmsöhbət olan millət vəkilləri və təşkilat rəhbərləri, hər bir məqamda olduğu kimi, indiki reallıqda da gənclərimizin doğru yola dəstək verdiklərini söylədilər. 

 

Tahir Rzayev: "Bugünkü müasir Azərbaycan cəmiyyətini quranlardan biri də gənclərdir"

 

 Bu gün Azərbaycanda stabil vəziyyətin normal vətəndaş münasibətlərinin bərqərar olduğunu bildirən Milli Məclisin üzvü Tahir Rzayev bütün bunlarla yanaşı, insanların hüquq və azadlıqlarının da dövlətimiz tərəfindən ən yüksək səviyyədə qorunduğunu vurğuladı. Qeyd etdi ki, ölkədə iqtisadi yüksəlişlə bağlı olan proseslər, həyata keçirilən uğurlu layihələr cəmiyyətin gözü qarşısındadır. "Azərbaycan vaxtilə vahid SSRİ iqtisadi məkanının bir hissəsində olan, müstəqilliyinə qovuşan, daxili resursları hesabına artıq inkişaf edən bir dövlətə çevrilib" deyən millət vəkili ölkəmizin qarşısında dayanan və prioritet təşkil edən məsələlərin də artıq öz həllini ardıcıl olaraq tapdığını diqqətə çatdırdı. Məhz bu uğurlu işlərin ölkəmizin gələcək uğurlarının təmin olunması istiqamətində mühüm töhfə olacağını bildirən T.Rzayev Azərbaycanın mövcud iqtisadi-siyasi yüksəlişini istəməyən bəzi qüvvələrin müəyyən riyakar bəyanatlar verib cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanan addımlar atmaq iddiasına düşdüklərini də söylədi. Bildirdi ki, Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvələrindəki düşüncədə və yanaşmada deyil. Bu gün müasir Azərbaycan cəmiyyətinin təbii ki, müasir düşüncəli, intellekt təfəkkürə malik gəncliyinin də formalaşdığını qeyd edən millət vəkili dövlətimizin gənclərlə iş sahəsində əldə olunan uğurlarının mahiyyətinin də məhz bu istiqamətə yönəldiyini vurğuladı. T.Rzayev bir çox hallarda isə gələcəyimiz olan gənclərin adından müəyyən qüvvələrin istifadə etməsinin, onların potensialından yararlanmaq üçün ortaya atılan şayiələrin mahiyyət etibarı ilə heç nəyə xidmət etmədiyini qeyd etdi. Ölkəmizdə hər bir sahədə olduğu kimi, gənclərin daha çox yararlandığı informasiya kommunikasiya sahəsində də, böyük uğurların nəticəsi olaraq bu gün sosial və digər internet məkanlarında gənclərin üstünlük təşkil etməsinə toxunan millət vəkili onların yaradılmış bu imkanlardan doğru-dürüst istifadə etməsinin də vacibliyini söylədi.

 

Qalib Salahzadə: "Kənardan hər hansı bir qüvvənin Azərbaycan gəncliyini öz tərəfinə çəkmək, onları öz çirkin əməllərinin qurbanına çevirmək planları iflasa uğrayacaq"

 

 "Azərbaycanda ictimai, siyasi, iqtisadi, sosial vəziyyət olduqca sabitdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı olmaq istiqamətində səmərəli və məqsədyönlü siyasət həyata keçirilir" deyən Milli Məclisin üzvü Qalib Salahzadə bu gün Azərbaycanda ümumdaxili məhsulun artımının, adambaşına düşən milli gəlirin ilbəil artmaqda olduğunu söylədi. "Eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı həyata keçirilir. Ölkə əhalisinin təbii qazla təminat 80% təşkil edir. İçməli su ilə təminat yüksək səviyyədədir, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində də xeyli tədbirlər həyata keçirilib. Ölkəmizdə ictimai-siyasi sabitlik möhkəm əsaslar üzərində qurulub. Azərbacanın beynəlxalq maliyyə institutlarının reytinqi getdikcə yüksəlməkdə və insan resurslarının inkişafına görə yüksək pilləyə qalxmaqdadır" deyən Q.Salahzadə bütün bu sadalananların vətəndaşlarımızın ən yaxşı həyat tərzi sürməsinə öz müsbət töhfəsini verdiyini, xüsusən də, gənclərin yaradılmış bu imkanlardan yararlanması üçün real imkanların olduğunu dilə gətirdi. Amma bu cür yüksək səviyyəli işlərin müqabilində cəmiyyətimizin xüsusən də, gənclərin adından müəyyən qüvvələrin öz maraqları üçün istifadəyə cəhd hallarına yol verilməsinin də məqsədəuyğun olmadığını söyləyən millət vəkili müasir düşüncəli Azərbaycan gəncliyinin öz gələcəyinə böyük inamla baxdığını da vurğuladı.

 

Sədaqət Vəliyeva: "Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev ideyaları ilə əhatə olunub"

 

"Yeni Azərbaycan Partiyasının fəalları internet məkanlarında, sosial şəbəkələrdə səslənən fikirlər əslində heç bir mahiyyət kəsb etmədiyini məhz bu məkanda iştirak etməklə araşdırıb təhlil ediblər" deyən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva bildirib ki, gənclərimizin bu cür aktivliyi nəticəsində məlum olub ki, sosial şəbəkələrdə yaradılan müxalif yönlü qruplar əslində mahiyyət və keyfiyyət baxımından fiksiyadan başqa bir şey deyil. Reallıqda isə məhz həmin internet şəbəkələrində olan üç-beş nəfərin müxtəlif adlarla sosial şəbəkələrdə çıxış etmələri müqabilində sanki bir qruplaşmaların yaradılması kimi görüntülərin də yaradıldığını söyləyən S.Vəliyeva həmin qrupların daha çox ermənilərlə işbirliyinə meyil etmələrini də vurğulayıb.  O, qeyd edib ki, bu, əslində, müxalifət düşərgəsində təmsil olunan nümayəndələrin ilk addımı kimi də qiymətləndirilə bilməz. "Çünki bu proseslərdən əvvəl də bizlər müxalifət düşərgəsinin təmsilçilərinin ayrı-ayrı zamanlarda ermənilərlə açıq şəkildə iş birliyində olmalarını görmüşük" deyən S.Vəliyeva, eyni zamanda, saxta vətənpərvərlik şüarları ilə çıxış edənlərin iç üzünü bu hadisələrin bir daha qabarıq şəkildə göstərdiyini də dilə gətirib. Qeyd edib ki, Azərbaycan demokratik, bütün dünyəvi, humanist dəyərləri özündə cəmləşdirmiş müstəqil ölkədir. "Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək formada təmin olunub. Amma bu, əsas vermir ki, müəyyən dairələr Azərbaycandakı söz və mətbuat azadlığından sui-istifadə etmək kimi xoşagəlməz iddialara düşsünlər. Bununla yanaşı, Azərbaycanda mövcud ictimai-siyasi sabitlik möhkəm təməllər üzərində bərqərar olub. Bu da onunla izah olunu bilər ki, Azərbaycan vətəndaşları sabitliyi pozanların arxasınca heç vaxt getməyib. Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərimiz bu cür təxribat xarakterli çağırışlara heç zaman dəstək verməyib və bundan sonra da onlara layiq olduqları formada cavab verəcək" deyə S.Vəliyeva əlavə edib. Təşkilat sədri onu da əlavə edib ki, bu gün müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev ideyaları əhatə olunub. Məhz Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu işlər də gənclərimizin sağlam gələcəyinin təminatına yönəldiyini bildirən S.Vəliyeva Azərbaycan gəncliyinin daima dövlətimiz və xalqımız üçün gərəkli olan mövqedən çıxış etdiyini və bu dəfə də, öz iradəsini nümayiş etdirdiyini vurğuladı.

 

 

Tapdıq Qurbanlı

 

Rəfiqə Kamalqızı

 

Səs.- 2011.- 29 mart.- S. 5.