Xaçmaz: inkişafın yeni mərhələsi

 

Ötən il Xaçmaz rayonunda 1848 yeni iş yeri açılıb

 

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq siyasəti nəticəsində ölkəmizdəki hərtərəfli inkişafda Xaçmaz rayonu da müsbət nəticələr əldə edib.

 

Rayonda yeni iş yerləri açılır

 

"Xaçmaz gözəlləşibdir. Mən hər dəfə buraya gələndə yeniliklər-yeni binalar, gözəl parklar, yeni gözəl mənzərələr görürəm". Bu fikirləri ölkə Prezidenti İlham Əliyev cənabları Xaçmaza səfəri zamanı söyləmişdir. Bu gün bu sözlər ölkə iqtisadiyyatının davamlı inkişafını, əhalinin layiqli yüksək həyat səviyyəsini təmin edən dövlət siyasətinin Xaçmaz rayonunda da uğurla həyata keçirilməsinə bir sübutdur. Rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən genişmiqyaslı dəyişikliklər əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkədə aparılan geniş quruculuq-abadlıq işlərindən Xaçmaza da pay düşdüyündən xəbər verir. Xaçmaz rayonunun iqtisadi və ictimai həyatında əsil oyanışa və canlanmaya təkan verən işlərin nəticəsi olaraq rayonda 1194 yeni iş yeri açılıb ki, bunun da 559-u daimi iş yeridir. Ötən ildə rayon üzrə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 213,2 mln. manata, kənd təsərrüfatı üzrə bu göstərici 2,5 faiz artaraq 115,8 mln. manata, adambaşına düşən pul gəlirləri 5 faiz artaraq 1345 manata çatıb.

 

Əhalinin sosial rifahı yüksəlir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublikamızın digər rayonlarında olduğu kimi, Xaçmaz rayonunda da uğurla həyata keçirilir. RİH-in məlumatına görə, Xaçmaz rayonunda inkişaf tempi daha da artıb, insanların rifah halı və maddi vəziyyəti yüksəlib. Belə ki, əhalinin elektrik enerjisi və təbii qazla təchizatı istiqamətində aparılan işlər nəticəsində 3 kəndə təbii qazın verilməsi bərpa olunub. Eyni zamanda, daha 2 kəndə qazın verilməsi sahəsində işlər aparılır. Həmçinin, ötən müddətdə, rayonda bir sıra yeni rabitə obyektləri də istifadəyə verilib. Xaçmaz şəhərində Mədəniyyət və İstirahət parkını, çoxsaylı fəvvarələri, Şah İsmayıl Xətainin, Koroğlunun, Hacı Zeynalabdin Tağıyevin, görkəmli dövlət xadimi Əziz Əliyevin, Akademik Zərifə Əliyevanın abidələrini, Xaçmaz-Dərbənd dostluğu abidə kompleksini və s. qeyd etmək olar. Bunlarla yanaşı, Xaçmaz şəhərində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanı salınıb, müasir texnika və avadanlıqlarla təchiz olunmuş RTV-nin binası tikilərək istismara, Mərkəzi Rayon Xəstəxanası isə əsaslı təmir işləri aparılaraq tam yeniləşmiş halda istifadəyə verilib.

 

Yeni müəssisələr - yeni iş yerləri

 

Rayonda "Hado" MMC-yə məxsus pivə istehsalı müəssisəsi, "Şabran" MMC-yə məxsus kərpic istehsalı müəssisəsi yaradılaraq ən müasir avadanlıqlarla təchiz edilib. Bu iki müəssisənin açılması nəticəsində 200 adam daimi iş yeri ilə təmin edilib. Rayonun Yergüc, Ağaşirinoba və Xudat ərazilərində hər birinin 2000 ton tutumu olan 3 meyvəsaxlama anbarının tikintisinə başlanıb. Xaçmaz şəhərində 11 küçəyə 29 min 270 kvadratmetr, Xudat şəhərində isə 4 küçəyə 8184 kvadratmetr asfalt döşənib, rayonun Qadaşoba, Ağyazı-buduq, Üçgünqışlaq, Nərəcan və Qımıl-qışlaq kəndlərinə təbii qazın verilməsi bərpa olunub, Xaçmaz şəhəri və şəhərin ətrafındakı 6 kəndin içməli su sistemi tamamilə yenidən qurulub, meliorasiya və irriqasiya tədbirləri çərçivəsində, rayonun Qımıl-qışlaq kəndi ərazisində 35 km, Çinartala kəndi ərazisində 27 km beton kanalları çəkilərək suvarma sistemi yenilənib. 2010-cu il yanvar ayına qədər rayonda iqtisadi fəal əhalinin sayı 78,1 min nəfər olub ki, bu da rayon əhalisinin 48,8 faizini təşkil edir.

 

Xaçmaz rayonunun kənd təsərrüfatının inkişafı

 

Respublikamızın bütün regionlarında vacib sahələrdən olan kənd təsərrüfatının inkişafı Xaçmaz rayonunda da diqqət mərkəzindədir. Çünki Xaçmaz respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğu üçün bu sahənin inkişafı və problemləri hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, ötən il rayon üzrə hər hektardan orta hesabla 21,8 sentner olmaqla 65467 ton taxıl yığılıb. Bundan əlavə, rayonun bütün təsərrüfatlarında 124628 ton tərəvəz bitkiləri, 15217 ton kartof, 1264 ton bostan bitkiləri, 74333 ton meyvə, 5850 ton üzüm yığılıb. Son 5 ildə 5789 ha yeni meyvə bağı salınıb. Ötən il 7112 ton ət, 36511 ton süd, 16 milyon 600 ədəd yumurta, 210 ton yun istehsal olunub. Hazırda təsərrüfatlarda 58305 baş iribuynuzlu mal-qara, 107475 baş davar var. Aqrar sektorla bağlı sadalanan faktlardan məlum oldu ki, meyvə bağları və taxıl sahələrinin artması rayon üçün ənənəvi olan tərəvəzçiliyə meyilin nisbətən azalmasına səbəb olub. Eyni zamanda, rayonda kənd təsərrüfatı ilə məşğul olan insanlara verilən güzəştlərin olması yüksək məhsuldarlığın əldə olunmasına gətirib çıxarır. Eyni zamanda, rayon "Aqrolizinq" cəmiyyəti tərəfindən güzəştli qiymətlə gübrələrin verilməsini, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə torpaq mülkiyyətçilərinə istehsal etdikləri məhsula çəkilən yanacaq xərclərinin dövlət tərəfindən ödənilməsi inkişafa təkan verən əsas amillərdir.

 

890 abonentə telefon çəkilib

 

Xaçmaz rayon Telekommunikasiya Qovşağı və Xaçmaz Poçtamptı rayon əhalisinə yüksəkkeyfiyyətli rabitə və poçt xidmətləri göstərib. Adıçəkilən poçtamptın 27 şəbəkəsi ötən il yerli əhaliyə 24 adda poçt xidməti göstərib və illik plana 113 faiz əməl olunub. Ötən il Xudat şəhərində və Nabran kəndində hər biri 1000 nömrə tutumlu simsiz SDMA tipli stansiya, Yergüc və Hacəlibəy kəndlərində hər biri 300, Köhnə Xudat kəndində 256, Aslanoba kəndində 128, Mollabürhan və Ağaverdioba kəndlərində hər biri 32 nömrəlik elektron ATS-lər quraşdırılıb. Nəticədə rayonun ən ucqar məntəqələri telefon rabitəsi ilə təmin edilib. Ötən il 890 abonent üçün telefon çəkilib. Adıçəkilən qovşaq illik plana 101 faiz əməl edib.

Göründüyü kimi, 2010-cu ildə görülmüş işlər, həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, çiçəklənən və intibah dövrünü yaşayan Xaçmaz və xaçmazlılar cari ildə də böyük uğurlara imza atacaqlar.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 29 mart.- S. 6.