31 MART SOYQIRIMI GÜNÜDÜR
TARİXİMİZİN FACİƏLİ
SƏHİFƏSİ
"Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".
HEYDƏR ƏLİYEV
Son iki əsrdə
Qafqazda ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilmiş etnik təmizləmə
və soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə
məruz qalmışdır. Mərhələ-mərhələ
gücləndirilən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən
min illər, boyu yaşadıqları tarixi etnik
torpaqlarından didərgin salınaraq, kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus
minlərlə tarixi mədəni abidə və
yaşayış məskəni dağıdılıb viran
edilmişdir.
XX əsrin əvvəllərində
ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi
deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba
şəhəri, Göyçay qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda
xalqımıza qarşı qırğınlar, talanlar,
yanğınlar, terror və digər zorakılıq aktları
həyata keçirmişlər.
1918-ci ildə Bakıda
və Azərbaycanın digər bölgələrində ermənilərin
törətdikləri qırğınlardan 94 il ötməsinə
baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi
iz buraxıbdır. Ötən əsrin əvvəllərindən
başlayaraq ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri aramsız
soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə
xüsusən genişlənmiş və Azərbaycan
xalqının yer üzündən tam silmək kimi iyrənc
niyyətlərini bütün çılpaqlığı ilə
üzə çıxardı. Həmin illərdə ermənilər
Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında,
Qarabağda, İrəvan quberniyasında, şəhər və
kəndləri talan etməklə dağıtmışlar.
1918-ci ilin mart
ayının son üç günündə təkcə
Bakıda 30 mindən çox əhalini erməni vəhşiləri
xüsusi amansızlıqla qətlə yetiriblər. Mart
qırğınları haqqında müstəqil tədqiqatçı
Kulqe yazır: "Ermənilər müsəlman əhalisini
işgəncələrlə öldürür, süngü
ilə dəlik-deşik edir, körpə uşaqları
süngüyə keçirir, cəsədlərin burun, qulaq və
başlarını kəsir, evlərə od vurub, sakinlər
qarışıq yandırır, qadınları soyundurur və
saçlarını bir-birinə bağlayaraq tüfəngin
qundağı ilə ölüncəyə qədər
döyürdülər". Kulqe ermənilər tərəfindən
üzü divara çevrilərək itlərə gəmirdilən
azərbaycanlıların şəkillərini də çəkmişdir.
Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara
qarşı törətdikləri vəhşiliklərin
kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart
ayının son üç günündə törədilən
Bakı qırğınını əks etdirir.
1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən, Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb, şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunub. Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurularaq, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılıbdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetiriblər ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olubdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat həcmində olub.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilibdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülüb.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Ümummilli Liderimiz Heydər Əliyevin 27 mart 1998-ci il "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilibdir. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Ona görə də, bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 29 mart.- S. 11.