Bölgələrimiz sürətlə
inkişaf edir
İlham Əliyev: "Biz elə güclü
iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin
uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər
üzərində çalışırıq"
Bu gün ölkəmiz özünün sosial-iqtisadi
inkişafının yeni
yüksəliş dövrünü
yaşayır. İndi
ölkə həyatının
bütün sahələrində
yüksək tərəqqi
və sürətli inkişaf nəzərə
çarpır. Bu da təsadüfi deyil. Çünki özünün
daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan
ölkəmiz 17 ildən
artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür,
qlobal enerji layihələrinin təşəbbüskarı
və əsas iştirakçısı kimi
regionda və dünyada mühüm tərəfdaşa,
başlıca nüfuz
sahibinə çevrilir.
Əlverişli geosiyasi
mövqeyə malik olan Azərbaycan özünün müstəqil
iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı
inkişaf edən dövlətinə çevrilmişdir.
İndi ölkə iqtisadiyyatının elə
bir sahəsi yoxdur ki, orada
yüksək inkişaf
tendensiyası müşahidə
olunmasın. Bütün bunlarla yanaşı,
ölkəmizdə son
illər bir sıra məqsədyönlü
iqtisadi islahatların həyata keçirilməsinə
xüsusi diqqət göstərilmişdir ki,
bu da son
nəticədə əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması üçün əlavə
imkanlar yaratmışdır.
Təkcə onu demək
kifayətdir ki, son yeddi il
ərzində Azərbaycanda
maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun
səviyyəsi 4 dəfə
azalmışdır. Ötən
müddətdə ölkəmizin
büdcə gəlirləri
12 dəfə, hərbi
xərclər isə təqribən 20 dəfə
artmışdır. Prezident
İlham Əliyevin
2003-cü il prezident seçkiləri ərəfəsi
ölkədə 600 minə
yaxın yeni iş yerlərinin yaradılacağı ilə
bağlı verdiyi vədlər də artıq öz praktiki həllini tapmışdır. Belə
ki, ötən müddətdə Azərbaycanda
900 minə qədər
yeni iş yeri açılmışdır
ki, bu da
ölkədə məşğulluq
strategiyasının uğurla
reallaşmasına dəlalət
edir. Son yeddi il ərzində Azərbaycanın
valyuta ehtiyatlarının
18 dəfəyədək artması
isə, öz növbəsində, ölkəmizin
iqtisadi cəhətdən
xeyli güclənməsinə
səbəb olmuşdur.
Ölkənin maliyyə
imkanlarının xeyli
dərəcədə genişlənməsi
nəzərdə tutulmuş
bütün sosial proqramların reallaşdırılmasına, nəhəng
investisiya layihələrinin
uğurla həyata keçirilməsinə imkan
yaratmışdır.
Artıq Azərbaycanda iqtisadiyyatın dayanıqlığı
tam təmin edilmiş, regionların sürətli sosial-iqtisadi
inkişafına nail olunmuşdur. Yeri gəlmişkən, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı" bölgələrin
sənaye potensialından
daha səmərəli
istifadəsinə, emal
sahələrinin inkişafına
səbəb olmuşdur
ki, bu da
hazırda ölkəmizdə
həyata keçirilməkdə olan sənayeləşmə
siyasətinin uğurla
reallaşdırılmasına mühüm töhfələr
verir. Elə hazırda dövlətimizin
iqtisadi siyasətinin başlıca istiqamətlərindən
biri də, məhz iqtisadi sahədə sənayeləşmə
prosesinin sürətləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsinə
nail olmaqdan ibarətdir. Bununla yanaşı, iqtisadiyyatın
qeyri-neft sektorunun digər sahələrinin də inkişafına xüsusi diqqət və qayğı göstərilir ki, bunun da müsbət
nəticələri getdikcə
daha çox hiss olunur. Artıq
Azərbaycanın qeyri-neft
sektorunda yüksək
inkişaf tendensiyası
nəzərə çarpır.
Azərbaycan bazar iqtisadiyyatına keçid
mərhələsini arxada
qoymuşdur. Artıq ölkəmiz bazar iqtisadiyyatı şəraitində
yaşayır. Təsadüfi
deyil ki, indi ölkə iqtisadiyyatının 85 faizi
bazar iqtisadiyyatında,
özəl sektorda formalaşır. Bu da, onun nəticəsidir
ki, Azərbaycanda azad sahibkarlığa, təşəbbüskarlığa geniş dövlət dəstəyi mövcuddur.
Hazırda ölkəmizdə
Dövlət İnvestisiya
Proqramı uğurla icra olunur. Məlum
olduğu kimi, son illər ölkədə mühüm
infrastruktur obyektləri
tikilir, yeni-yeni istehsal və xidmət sahələri yaradılır. Son illər ərzində iqtisadiyyatın inkişafına
yönəldilmiş investisiyaların
böyük hissəsini
daxili investisiyalar təşkil edir. Bu da Azərbaycanın
büdcə imkanlarının,
eləcə də, yerli iş adamlarının
maliyyə vəsaitlərinin
getdikcə artmasından
irəli gəlir. Məhz bunun nəticəsində də son illər
ölkənin tələbatını
ödəmək üçün
investisiya şəklində
yönəldilən vəsait
hesabına həm sənaye istehsalının
artırılması, həm
də xidmət sferasının xeyli genişləndirilməsi mümkün
olmuşdur.
Dünyada təqribən iki il əvvəl
başlanmış maliyyə
böhranına baxmayaraq,
Azərbaycanda iqtisadi yüksəliş, sosial-iqtisadi
tərəqqi öz axarı ilə davam edir. Bunu
2010-cu ilin on aylıq statistikası da təsdiq edir. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə 32,5 milyard
manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
4,1 faiz çoxdur. İlin on ayı
ərzində istehsal olunmuş ÜDM-in 21,4 milyard manatı məhsul istehsalı, 8,8 milyard manatı xidmət sahələrində
yaradılmış,
2,3 milyard manatı isə məhsul və idxalın xalis vergilərinin payına düşmüşdür.
Hesabat dövründə
ölkənin qeyri-neft
sektorunda əlavə dəyər istehsalı
5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır. Qeyd etdiyimiz kimi, son illər
ölkə iqtisadiyyatında
yüksək sənayeləşmə
tendensiyası müşahidə
olunur. Sənayenin neft sektoru ilə
yanaşı, qeyri-neft
sahələrində də
məhsul buraxılışının
həcmi getdikcə artır. Bu, özünü ölkənin
cari ilin on aylıq sosial-iqtisadi
inkişafının yekunlarında
da aydın göstərir. Belə ki, yanvar-oktyabr aylarında ölkə üzrə 22,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu da ötən ilin eyni dövrü
ilə müqayisədə
3 faiz çoxdur.
2009-cu ilin doqquz
ayı ilə müqayisədə cari ildə orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına
düşən gəlirləri
10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən
ümumi daxili məhsul isə 2,8 faiz artaraq, 3 min 286 manata çatmışdır. Əhaliyə
göstərilən pullu
xidmətlərin həcmi
10,5 faiz artmış,
əhalinin banklardakı
əmanətləri 34,4 faiz
çoxalmışdır. Azərbaycan Prezidentinin sərəncamları
ilə 1,3 milyon nəfərdən artıq
pensiyaçının baza
pensiyalarının 13 faizlik
artımı həyata
keçirilmiş, dövlət
büdcəsindən maliyyələşən
800 min nəfərə
yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd
təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində
çalışanların, habelə, hərbi qulluqçuların və
xüsusi rütbəli
əməkdaşların, dövlət
qulluqçusu olmayan mülki şəxslərin
aylıq vəzifə
maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən
sosial müavinətlərin
məbləği orta
hesabla 20 faiz, məcburi köçkünlərə
yemək xərci üçün verilən
müavinətin məbləği
isə 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən
edilmiş Prezident təqaüdünün məbləğinə
50 faiz, 87 min nəfərdən artıq
doktorant, orta ixtisas və peşə məktəbləri
və peşə liseylərinin tələblərinə
və şagirdlərinə
verilən təqaüdlərin
məbləğinə orta
hesabla 15 faizlik artım tətbiq edilmişdir.
Yaxın illərdə isə ölkəmizi daha yüksək inkişaf perspektivləri gözləyir.
Çünki Azərbaycanın
getdikcə artmaqda olan valyuta ehtiyatları,
büdcə imkanlarının
ilbəil genişlənməsi
ölkənin sosial-iqtisadi
inkişafı üçün
möhkəm zəmin
yaradır. Təsadüfi deyil ki, dövlət
başçısı İlham
Əliyev ötən ayın 29-da dördüncü
çağırış Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasındakı çıxışında bu
məsələyə toxunaraq
demişdir: "...Əldə
edilmiş uğurlar və xüsusilə, iqtisadi və maliyyə böhranından
şərəflə çıxdığımız
bizi arxayınlaşdırmamalıdır.
Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq
ki, o iqtisadiyyat
ölkəmizin uzunmüddətli
inkişafını təmin
etsin. Biz bu məsələlər üzərində çalışırıq".
Göründüyü kimi,
Azərbaycanın son illər yürütdüyü
müstəqil iqtisadi
siyasəti onu dünyada və regionda yüksək nüfuz sahibinə çevirmişdir. Artıq özünün
enerji təhlükəsizliyini
tam təmin etmiş Azərbaycan Respublikası hazırda bir sıra dünya
ölkələrinə də
bu sahədə mühüm töhfələr
verir. Ötən illər həyata keçirdiyi məqsədyönlü
islahatlar nəticəsində
"İnkişafın Azərbaycan
modeli"nə nail olmuş ölkəmiz yüksək tərəqqi
yolu ilə inamla irəliləyir, sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 30 mart.- S. 2.