Azərbaycanın qlobal böhran şəraitində sürətli inkişaf tempi

 

Hökumətin parlament qarşısında verdiyi hesabat Azərbaycanın inkişaf modelinin doğru olduğunu göstərdi

 

Azərbaycanda iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, müşahidə edilən inkişaf tempi dünyada hökm sürən iqtisadi böhran şəraitində heyrətləndiricidir. 2004-2010-cu illərdə ümumi daxili məhsulun həcmi 3 dəfə, o cümlədən, qeyri-neft sektorunda 2 dəfə, sənaye məhsulu istehsalı 2,8 dəfə, əsas kapitala qoyulan investisiyalar 2,9 dəfə, o cümlədən, qeyri-neft sahələrinə 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, banklardakı əmanətlər 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, minimum əməkhaqqı 7,1 dəfə, pensiyaların orta məbləği isə 4,7 dəfə artıb.

Həmin müddətdə dövlət büdcəsinin gəlirləri 9,3, xərcləri isə 9,5 dəfə yüksəlib. Xərclər sosial müdafiə və sosial təminatda 5,3 dəfə, səhiyyədə 7,8 dəfə, təhsildə 5 dəfə, mədəniyyət, incəsənət və informasiya sahələrində 5,4 dəfə çoxalıb, müdafiə xərcləri 8,7 dəfə, dövlət əsaslı vəsait qoyuluşu isə 47,6 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə azaldılıb, 913 min yeni iş yeri yaradılıb.

 

Qlobal böhran şəraitində inkişaf

 

Məlum olduğu kimi, 2010-cu ildə dünyanın əksər ölkələrində böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili potensiala söykənən milli inkişaf strategiyası uğurla davam etdirilib, yüksək iqtisadi və sosial artım templəri əldə edilib.

Hökumət əsas diqqəti makroiqtisadi sabitliyin qorunmasına, qeyri-neft sektoruna daha çox investisiya cəlb etməklə bu sahənin şaxələndirilməsinə, müasir texnologiyaların tətbiqi ilə istehsalın səviyyəsinin yüksəldilməsinə yönəldib. Sosial problemlərin həlli, regionların tarazlı inkişafı, sahibkarların işgüzar fəallığının artırılması, işsizliyin azaldılmasını da daim gündəmdə saxlanıb.

Azərbaycanda gedən inkişaf proseslərini əyani görmək üçün makroiqtisadi göstəricilərə nəzər salaq. Ötən il 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun real həcmi 5 faiz artıb. Qeyri-neft sektoru üzrə isə bu artım 7,9 faizə çatıb. İl ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya yatırılıb.

Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatıb, onun da 75,2 faizi daxili investisiyalar olmuşdur. Sərmayələrin 70 faizindən qeyri-neft və infrastruktur sahələrinin inkişafında istifadə edilib.

Ölkənin strateji valyuta ehtiyatları il ərzində sürətlə artaraq 30 milyard ABŞ dollarına çatıb. Bu il neftin qiymətinin 100 dollardan yuxarı olması strateji ehtiyatların daha bir neçə milyard artmasına gətirib çıxaracaq.

 

Əhalinin sosial müdafiəsi gücləndirilir

 

Ötən il əhalinin həyat səviyyəsini yüksəltmək və sosial müdafiəsini gücləndirmək istiqamətində növbəti vacib addımlar atılıb. Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 85 manata çatdırılıb, orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil edib.

Prezident İlham Əliyevin sərəncamları ilə 1 milyon 300 min nəfərə qədər pensiyaçının baza pensiyalarının məbləği 13 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 800 min nəfərə yaxın işçinin aylıq vəzifə maaşı 10 faiz artırılıb. Aztəminatlı şəxslərə ödənilən sosial müavinətin məbləği orta hesabla 20 faiz, şəhid ailələri və təhsil alanlar üçün təqaüdlər isə müvafiq olaraq 50 və 15 faiz qaldırılıb.

Şəhid ailələri və əlillər də kənarda qalmayıb, onların sosial qayğıları, problemlərinin həllinə çalışılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 515 mənzil və 200 fərdi ev inşa olunub, onlara 352 minik avtomobili ayrılıb.

Məcburi köçkünlərin sosial təminatının və yaşayış şəraitinin yaxşılaşdırılmasına yenə də xüsusi diqqət və qayğı göstərilib. Bütövlükdə, onların sosial problemlərinin həllinə 336,9 milyon manat vəsait sərf olunub.

Bütün bunların nəticəsində ötən il ərzində ölkədə yoxsulluq 9,1 faizə endirilib. 73 min yeni iş yeri açılıb. Sosialyönümlü xərclər 3,7 milyard manata çataraq büdcənin 31,5 faizini təşkil etmiş, əsaslı xərclər hesabına 4,1 milyard manat məbləğində investisiyalar reallaşdırılıb. Ötən il dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqramlar tam həcmdə icra olunub.

 

Aqrar sahədə bol məhsul gözlənilir

 

Hökumət ölkədə güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onlara maliyyə dəstəyinin artırılmasına xüsusi önəm verir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun ayrı-ayrı sahələrində yüksək artım templərinə nail olunub.

Keçən il ölkəmizdəki əlverişsiz iqlim şəraiti və baş vermiş təbii fəlakətlər kənd təsərrüfatı məhsullarının istehsalına son illərdə görünməyən dərəcədə ziyan vurmuş, nəticədə bitkiçilikdə 8,9 faiz, taxılçılıqda 33 faiz, kartof istehsalında isə 3 faiz azalma baş verib. Bununla yanaşı, digər bitkiçilik və bütün heyvandarlıq məhsulları istehsalında artım əldə edilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi, subsidiyaların və kreditlərin verilməsi ilə dövlət dəstəyi davam etdirilmiş, lizinq xidmətləri genişləndirilib.

Dünya taxıl bazarlarında yaranmış gərginliyi nəzərə alaraq, idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunub. Əhalini çörək və çörək məmulatı ilə etibarlı təmin etmək üçün Dövlət Taxıl Fondu tərəfindən alınan buğdanın həcmi 2 dəfədən çox artırılaraq 500 min ton həddində müəyyən edilib.

Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi məqsədilə rayonlarda soyuducu anbarlar və istixana kompleksləri istifadəyə verilib.

 

Neft strategiyası uğurla həyata keçirilir

 

Azərbaycanda neft strategiyası uğurla həyata keçirilir, ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. 2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatıb. Xüsusi qeyd etmək lazımdır ki, ötən il 6,2 milyard kubmetr, o cümlədən, Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur.

Neftin emal dərinliyi 93 faizə çatdırılıb, nəticədə mazut istehsalı 10 dəfə azalıb. Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına "Ümid" yatağının kəşfiyyatını başa çatdırıb və burada böyük qaz ehtiyatının olduğu təsdiqləyib.

Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəmərləri çəkilib və əsaslı təmir edilib, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulub. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatıb, ölkə tarixində ilk dəfə olaraq anbarlara 3 milyard kubmetrdən çox qaz vurulub.

Təqdirəlayiq haldır ki, son illərdə elektroenergetika sisteminin qabaqcıl texnologiyalar əsasında inkişafı istiqamətində aparılan irimiqyaslı işlər hesabat ilində də davam etdirilib və ölkənin enerji təhlükəsizliyi təmin olunub.

Ötən il "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, enerjipaylayıcı sistemin təkmilləşdirilməsi işləri daha da gücləndirilib. Hazırda enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün edib.

 

Bizim yolumuz inkişaf və müasirləşmə yoludur

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr olunmuş iclasındakı nitqində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, cari ilin ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacağını bildirib.

Bununla yanaşı, dövlət başçısı iqtisadiyyatdakı mövcud problemləri açıqlayıb, hökumətin qarşısında duran konkret vəzifələrin makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, sahibkarların dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, vergi bazasının genişləndirilməsi, kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal və sosial infrastrukturun müasirləşdirilməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əsassız yoxlamaların aradan qaldırılması və s. olduğunu müəyyən edib.

Azərbaycan iqtisadiyyatının inkişafından əldə olunan gəlirlər ölkənin təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat infrastrukturunun möhkəmlənməsinə yönəldilir. Yeni müəssisələrin və iş yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiq addımdır.

Ümumiyyətlə, hökumətin parlament qarşısında verdiyi hesabat göstərdi ki, Azərbaycan öz inkişaf modelinin doğru olduğunu sübut edib və qlobal böhrana tabe olmayaraq, sürətli inkiaşf tempi nümayiş etdirib. Azərbaycan Prezidentinin dediyi kimi, "bizim öz yolumuz var və bu yol da inkişaf, müasirləşmə, yeniləşmə yoludur".

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 30 mart.- S. 4.