Yeni Azərbaycan Partiyası cəmiyyətdə
nüfuzu olan siyasi təşkilatdır
Ötən 19 il sübut etdi ki, bu təşkilat
regionun ən qüdrətli siyasi partiyalarından biridir
"1992-ci ildə
Naxçıvanda ağır bir şəraitdə,
böyük təzyiqlər altında biz partiyanın
yaranması ilə əlaqədar xeyli işlər
gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan
Partiyası o vaxtkı mövcud vəziyyətdə
bütün Azərbaycan xalqının mənafelərinə
xidmət etmək üçün və xalqın o
ağır dövründə ölkəmizin
qarşısında duran məsələlərin həll edilməsi
üçün zamanın tələblərinə uyğun
olaraq, zərurətdən yaranmış bir partiyadır"
HEYDƏR ƏLİYEV
Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr
Yeni Azərbaycan Partiyası tərəfindən
sədaqətlə həyata
keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri
cənab İlham Əliyev qətiyyətli,
dönməz siyasəti
ilə gerçəkləşdirir.
Bu gün Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir. Söhbət etdiyimiz partiya rayon və şəhər təşkilatlarının sədrləri də bizimlə öz fikirlərini bölüşdülər.
Tarixi zərurətin
ən dolğun və alternativsiz siyasi təşkilatı
YAP Naftalan şəhər təşkilatının
sədri Möhübbət
Bədəlov:
- Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 19 ili ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.
"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".
Xalqın daima dəstəklədiyi partiya
YAP Cəlilabad
rayon təşkilatının
sədri Mirsüleyman
Mirxaslı:
- Ölkədə keçirilən seçkilərdə YAP-ın qələbələri deyilənlərin bariz nümunəsidir. Bütün seçkilərdə qalib olan YAP özünü qalib partiya kimi də daim xalqa tanıdıb və tanıdacaq. Təkcə ötən il noyabr ayının 7-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı şəffaf və möhtəşəm qələbə bir daha isbat etdi ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir.
Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm və tarixi 19 ilə nəzər yetirsək, vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. Hakim iqtidar partiyası olaraq, son illər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası xalq arasında nüfuz qazanmaqla yanaşı, daim qalib partiya olduğunu sübut edir.
Bütün bu deyilənlər YAP-ın Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini artırır. Bir sözlə, YAP 19 yaşını çox güclü, mütəşəkkil və cəmiyyətdə böyük nüfuza malik partiya kimi başa vuracaq.
Hesab edirəm ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün, nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir.
Regionun ən nüfuzlu partiyası
YAP Xaçmaz
rayon təşkilatının
sədri Nazim Ağayev:
- Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 500 mindən artıq üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.
Lakin bu inkişafı gözü götürməyən, özlərini müxalifətçi kimi təqdim edən qaragüruhçu qüvvələr də mövcuddur ki, onların ümumilikdə, hansı amal və ideya uğrunda mübarizə aparmaqları böyük sual altındadır və bu sualı, problemləri özləri-özlərinə yaratmaqla varlıqlarını nümayiş etdirməyə cəhd edirlər. Ancaq xalq onlardan yana deyil. Çünki xalqın inam simvolu olan Yeni Azərbaycan Partiyası mövcuddur və bu təşkilatın formalaşmasında, inkişafında təməl qoyan da məhz bu xalqın nümayəndələridir. Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda və Cənubi Qafqaz regionunda ən mütəşəkkil, nüfuzlu, kütləvi, mütərəqqi siyasi təşkilatdır. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur.
TAPDIQ QURBANLI,
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 30 mart.- S. 6.