Dövlət Proqramının uğurlu nəticələri

 

Biləsuvar ilbəil inkişaf edən diyara çevrilir

 

Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin çox müsbət və ürəkaçan olması regionlarda da görünməkdədir. Respublikamızın bütün regionlarında olduğu kimi, Biləsuvar rayonunda da sosial-iqtisadi inkişaf sahəsində ötən illərdə sanballı uğurlar əldə edilib, yeni-yeni istehsal və emal müəssisələri işə salınıb, müasir infrastrukturun formalaşmasına nail olunubdur. Ölkə Prezidenti İlham Əliyev cənabları Biləsuvarda olarkən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə burada görülən işləri təqdir edib. Məhz rayon haqqında ən yüksək səviyyədə söylənən fikirlər biləsuvarlıları hədsiz sevindirib, onların yaradıcılıq-quruculuq əzmini daha da artırıb.

 

Yüksək nailiyyətlər, uğurlu nəticələr

 

Biləsuvarın inkişafında Dövlət Proqramı üzrə aparılan işlər, qazanılan nailiyyətlər nəticəsində rayonda 12 kilometr uzunluğu olan dolama yolda 27 qurğu, 2 körpü və asfalt-beton örtük tikilərək istifadəyə verilib. Yolun istifadəyə verilməsi həm şəhər daxilində nəqliyyat sıxlığının qarşısını alıb, həm də cənub rayonlarına gedib-gələn adamların rahatlığını təmin edib. Eyni zamanda, regionda analoqu olmayan "Biləsuvar AQRO" MMC-nin yeni tikilmiş süd zavodu ən müasir avadanlıqla təmin edilib. Burada quru süd, kərə yağı istehsal olunur. Gözəl perspektivi olan zavod tikilən, böyüyən və gözəlləşən Biləsuvarın tərəqqi nümunəsidir. Əzəmətli Heydər Əliyev parkı, Ulu Öndərin möhtəşəm abidəsi, buradakı muzey, istirahət guşələri, Gənclik mərkəzi yüksək zövqlə yaradılıb. Biləsuvar Olimpiya İdman Kompleksi müasirliyi və gözəlliyi ilə diqqət çəkir. Bu yeni kompleksin rayonda idmanın inkişafına tezliklə güclü təkan verəcəyi şübhəsizdir. "Zirvə" istirahət mərkəzi biləsuvarlıların mədəni tədbirlərinin ünvanına çevrilib. Ötən ilin yaz aylarında Kür və Araz çaylarının daşqını ilə əlaqədar Araz çayının tarixi qolunun bərpası məqsədi ilə Ələt-Astara magistral yolunun Biləsuvar rayonun ərazisindən keçən hissəsində uzunluğu 175 metr olan 19 aşırımlı körpü tikilərək istifadəyə verilibdir. Bəhramtəpə-Biləsuvar avtomobil yolunda körpünün tikintisi isə davam etdirilir. İsmətli kəndində 640 şagird yerlik orta məktəb binası tikilərək yeni dərs ilində istifadəyə verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dördmərtəbəli 16 mənzilli yaşayış binası, 10 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evləri, Səmədabad kəndində Yanğından Mühafizə Bölməsi üçün inzibati bina, "Bayraq Meydanı" və 2 hektar ərazidə yeni park tikilir.

 

Uğurlu sosial göstəricilər

 

Ölkə başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dövlət Proqramının əsas hədəfləri region əhalisinin həyat səviyyəsinin yaxşılaşması, sahibkarlığın durmadan inkişaf etdirilməsidir. Son altı ildə Biləsuvarda işləyən vətəndaşların aylıq əməkhaqqı dinamik şəkildə artıb. Əgər 2004-cü ildə bu göstərici 51,5 manat idisə, ötən il 189,1 manat olub. Rayonda sahibkarlar təbəqəsi sürətlə formalaşır. Hazırda 3124 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onlardan 51-i sənaye, qalanı isə xidmət və kənd təsərrüfatı yönümlüdür. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 42 belə subyektə 2 milyon manata yaxın güzəştli kredit verilib. Regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən proqramlar Biləsuvarda abadlıq-quruculuq işlərinin daha da genişlənməsini təmin edir. 2009-2013-cü illəri əhatə edən cari proqrama görə, bu il rayonun elektrik şəbəkələri yenidən qurulacaq, hava elektrik xətləri izolyasiyalı naqillərlə əvəz olunacaq. Proqram üzrə qarşıdakı üç ildə Biləsuvarın bütün yaşayış məntəqələrinin qazlaşdırılması həyata keçiriləcək. Hazırda 7 kəndin qaz təsərrüfatı bərpa edilməkdədir. 2012-ci ilə qədər rabitə sistemi də bütünlüklə elektronlaşdırılacaq.

 

Rayonda il ərzində 54,2 min ağac əkilib

 

Bütün regionlarda olduğu kimi, Biləsuvarda da "Ekologiya ili" ilə əlaqədar geniş işlər görülüb və bu gün də bu işlər davam edir. Belə ki, il ərzində 54,2 min ağac əkilib. Təkcə yanvar ayında rayonda 4 min ağac əkilib. Şəhərin küçələrində çoxlu qızılgül kolu və dekorativ bitki basdırılıb. Bütün bunlar rayona xüsusi yaraşıq verir.

Məlum olduğu kimi, kənd təsərrüfatı Biləsuvarın iqtisadiyyatında əsas yeri tutur. Təkcə ötən il hər bir ailə bu sahədən 4386 manat gəlir əldə edib. Həmçinin, 5430 ton pambıq, 91514 ton dənli və dənli-paxlalı, 34585 ton tərəvəz, 3273 ton bostan bitkisi, 2939 ton kartof, 1007 ton günəbaxan, 25544 ton şəkər çuğunduru, 67908 ton quru yonca otu və digər məhsullar istehsal edilib. Rayonda taxıl istehsalını artırmaq üçün toxumçuluğun inkişafına diqqət artırılıb. Ötən il 91,5 min ton dənli bitki istehsal olunub. Bu, rayonun tarixində ilk belə nailiyyətdir. Ümumiyyətlə, kənd təsərrüfatında məhsul istehsalının həcmi 55,4 milyon manatlıq olub. Bakının satış-yarmarkalarına 2009-da 3 min ton, son dörd ildə isə 10380 ton məhsul çıxarılıb. Heyvandarlıq sahəsi genişlənib.

"Azərsun-Holdinq" Şirkətlər Qrupu Biləsuvarın ərazisində 3400 hektar torpağı icarəyə götürərək müasir texnologiyanın tətbiqi ilə yüksək məhsuldarlığa nail olub. Şirkətin konserv zavodunda buraxılan kənd təsərrüfatı məhsulları yerli və xarici ölkə bazarlarına ixrac edilir. Burada 1000-dən çox adamın məşğulluğu təmin olunub.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 31 mart.- S. 8.