Bəşəriyyətə qarşı erməni vəhşiliyi- Mart Soyqırımı

 

1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanda həyata keçirilən soyqırımı nəticəsində on minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilib

 

Qafqaza köçürüldükdən sonra ermənilər bu torpaqları özününküləşdirmək, yerli xalqı məhv etmək və bu ərazilərdə öz dövlətlərini yaratmaq amacı ilə çirkin niyyətlərini hər vəchlə həyata keçirməyə cəhd edirdilər. XIX əsrin sonlarından rusların köməyindən bəhrələnməklə, Azərbaycan ərazilərində qırğınlar törədən ermənilər Zəngəzur, Qarabağ, Göyçə və digər mahallarda yerli əhalini didərgin salmaq və öz hakimiyyətlərini qurmağa çalışırdılar. I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər.

Erməni siyasi partiyaları guya "Böyük Azərbaycan" düşüncəsini elə beşikdə boğmaq üçün təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa "Qızıl Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 %-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında erməni daşnakları  Stepan Şaumyanın da ifadə etdiyi kimi savaşa hər cür hazırlığı etmişdi və bütün cəbhə boyu hücuma keçdi.

30 mart axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi. Öncədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri türklərin evlərinə basqınlar edərək, onları öldürür, 3-4 günlük körpələri xəncərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyidi tapılmışdı.

 Cənubi Azərbaycan türklərindən Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: "Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir"

 Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında qeyd edir: "Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- "bolşevikliyinizi tanımırıq, bir halda ki, türksünüz- bu, yetər" deyirdilər. Bolşevik adı altında türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da bunlardan canlarını qurtara bilmədilər".

 Bakıda törədilən bu soyqırıma "vətəndaş müharibəsi" adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 apreldə Moskvaya göndərdiyi məktubda yazır: "Üç gün içində, yəni 30-31 mart və 1 apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və erməni milli ordusu Müsavat Partiyasının liderliyindəki müsəlman "Dikaya Dviziya"sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılır. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə yox edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3000-dən çoxdur. Əgər türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə qətliama məruz qalacaqdılar". Baxın, bu da S.Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi Moskvaya göndərdiyi məktub.

 Mart soyqırımından 1 il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuata yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir.

S.Şaumyandan da qabağa gedərək Baqrat Bakıda mart hadisələri sırasında öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün türk olduğunu iddia edirdi. Bu soyqırımı təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

 Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında  22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və azərbaycanlılar üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başlanılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.

   Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Şamaxıda üstünlüyü ələ keçirən ermənilər buranı Azərbaycan türklərindən təmizləməyə başladılar. Erməni işğalçı ordusunun komandanlığına S.Şaumyanın köməkçiləri və bilavasitə ondan təlimat alan S.Lalayan liderlik edirdi. Qoşunuyla Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi.

Arxivlərdə göstərilir: "...Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış axund molla Cəfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini, ona əl qaldırılmayacağını fikirləşirdi. Amma ermənilər məscidə girərək axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər. Məsciddəki bütün qadınlar öldürüldü".

Quba şəhəri və ona qonşu kəndlərdə etdikləri cinayət və qətliamlara görə Təcili Araşdırma Komissiyası tərəfindən Hamazasp, onun köməkçisi Nikolay, polis Venuntsa, Hartun Hayrapetov, Avakov və Erircanyan məhkməyə verilmişdi. Lakin 27 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının dağılmasından sonra onun qəbul etdiyi bütün qərarlar da 10 oktyabr 1920-ci ildə hakimiyyətə gələn bolşevik hökuməti tərəfindən rədd edildi. Elə bu haqsızlıqlardan ilham alan erməni daşnakları ortaya atdıqları torpaq iddiaları ilə 1988-ci ildən başlayaraq minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salmışlar.

Ermənilər Azərbaycanda mart-aprel aylarında qətliamlar etməklə, Bakı quberniyasında qalibiyyət əldə etdikdən sonra Gəncəyə hücum edərək bütün Azərbaycanı işğala cəhd göstərdilər. Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba və Lənkəranın işğalından sonra sıradakı hədəf Gəncəydi. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib, Gəncəyə hücuma hazırlaşırdılar.

Bunu S.Şaumyan Xalq Komissarları Sovetinə göndərdiyi məktubda da etiraf edirdi. Onun planına görə, sovet ordusu Yevlax körpüsünü ələ keçirib, Kür çayı boyunca müdafiə xətti quracaq, sonra bu ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki ermənilərlə birləşəcəkdilər. Amma 1918-ci ilin mayında ADR-in qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min Azərbaycan türkünü qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. XX əsrin sonlarında ermənilər yenidən rusların yardımı ilə Azərbaycan xalqına qarşı yeni soyqırımı aktı həyata keçirdilər. Xocalı qətliamı bəşər tarixində ən dəhşətli soyqırımı aktı kimi artıq tarixə düşüb.

İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz duruma düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin iç üzünün açılması və vəhşi ermənilərin dünya qarşısında ifaşı edilmələri üçün tam kifayət edir.

Bu məsələ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına da inandırıcı arqumentlər əlavə edə bilər. Dünya Ermənistanın bir dövlət kimi Azərbaycan əraziləri üzərində yaradıldığını və bununla kifayətlənməyərək, Azərbaycan ərazilərinin daha 20 faizini işğal etməsini qəbul etməlidir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 31 mart.- S. 10.