“Azərbaycan xalqına qarşı
1918-1920-ci illər soyqırımı"
Bu mövzuda AMEA-da
elmi-praktiki konfrans keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətində "Azərbaycan
xalqına qarşı
1918-1920-ci illər soyqırımı"
adlı elmi-praktiki konfrans keçirilib. AMEA-nın Tarix İnstitutu və Azərbaycan Respublikasının Baş
Prokurorluğunun birgə
təşkilatçılığı ilə keçirilən konfransda çıxış
edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və
Bakı quberniyasının
müxtəlif bölgələrində,
eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan
və digər ərazilərdə Bakı
Soveti və daşnak erməni silahlı dəstələri
azərbaycanlılara qarşı
qırğınlar törədiblər:
"Həmin dövrdə
azərbaycanlıların kütləvi
şəkildə qırğını,
repressiyalara məruz qalması, doğma yurdlarından sürgün
edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Soyqırımı nəticəsində
50 min azərbaycanlı
qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Azərbaycanın dəhşətli və tarixi faciələrinə ilk hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib.
Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunur". Tədbirdə çıxış
edən AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan xalqına qarşı törədilən
1918-1920-ci illər soyqırımı
barədə geniş
məlumat verib. Y.Mahmudov bildirib ki, Azərbaycana qarşı törədilən
soyqırımlarını sübut etmək üçün müxtəlif
ölkələrədən tarixi sənədlər gətirilib: "Akademiyanın
Tarix İnstitutu və Baş Prokurorluqla birgə elmi istintaq araşdırma
qrupu yaradılıb. Qrup keçən ilin may ayından
etibarən işləyir
və nəticələr
də ortadadır. Məqsədimiz ondan ibarətdir
ki, Azərbaycan torpaqlarında azərbaycanlılara
qarşı həyata
keçirilən soyqırımının
başlandığı gündən
Xocalı soyqırımına
qədər bütün
materialları elmi əsaslarla hazırlayıb,
istintaq araşdırmaları
aparıb, hüquqi sənəd şəklində
bütün dünyaya yayaq
və beynəlxalq Haaqa məhkəməsinə
verməklə erməni
faşizmini ifşa edək". Əldə olunan sənədlərin istintaq araşdırmasına
böyük ehtiyac olduğundan baş prokuror Zakir Qaralovla danışıqların
aparıldığını deyən Y.Mahmudov vurğulayıb ki, Tarix İnstitutu ilə Baş Prokurorluq arasında əldə olunan razılaşmaya əsasən,
birgə elmi istintaq araşdırma qrupu yaradılıb. Bu qrupun ötən ilin may ayından
fəaliyyət göstərdiyini
deyən tarixçi qeyd edib ki,
araşdırmanın məqsədi
Azərbaycan torpağından
bizə qarşı soyqırımların başladığı
gündən - XIX əsrin
əvvəllərindən Xocalı
soyqırımına və
Sumqayıt hadisələrinin
hamısının elmi əsasda
hazırlamaq, istintaq araşdırmalarını aparıb
hüquqi sənəd
şəklində bütün
dünyaya yaymaq, Beynəlxalq Haaqa Məhkəməsinə göndərmək
və dünyada erməni faşizmini ifşa etməkdən ibarətdir: "Mart
soyqırımı zamanı
təkcə Bakıda
12 mindən çox adam qətlə yetirilib. Bolşevik-daşnak
dəstələrinin bu
vəhşilikləri ancaq
Bakı ilə bitmir. Onlar Quba,
Şamaxı, Kürdəmir,
Salyan və Lənkəran qəzalarında
soyqırımını davam
etdiriblər. Ermənilər
bütün Azərbaycanı
işğal etməyə
cəhd göstəriblər.
Onlar Qarabağda yaşayan ermənilərlə
birləşib Gəncəyə
hücuma hazırlaşırdılar.
Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın
ərazi bütövlüyü
uğrunda ölüm-dirim
mübarizəsinin başlanması
işğalçıların bütün planlarını
pozdu. Mart hadisələri, əslində,
bolşeviklərin daşnaklarla
birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı
olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı
məktubunda etiraf edib. Ermənistan dövləti 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni
faşistləri 50 min
azərbaycanlını qətlə
yetirib, 10 minlərlə
insanı öz torpaqlarından qovublar. Həmin hadisə Azərbaycan xalqının
tarixinə qara hərflərlə yazılıb".
Elmi-praktiki konfransda respublika baş prokurorunun müavini Rüstəm Usubov çıxışı zamanı
Azərbaycan xalqına
qarşı 1918-1920-ci illər
soyqırımının istintaq
araşdırmalarına dair
geniş məlumat verib. R.Usubov erməni işğalçılarının
bu gün də Azərbaycan torpaqlarını işğal
etməkdə davam etdirdiklərini söyləyib.
Onun sözlərinə
görə, erməni
cinayətkarları hələ
1918-1920-ci illərdə azərbaycanlılara
qarşı müxtəlif
vəhşiliklər törədərək
onları qırıblar:
"Ermənilər 1918-ci ildə
S.Şaumyanın rəhbərliyi
ilə Bakıda, həmçinin, müxtəlif
regionlarda qırğınlar
törədib, minlərlə
insanı qətlə
yetiriblər. Eyni zamanda, həmin ildə qatı millətçi olan Amazaspın rəhbərlik
etdiyi erməni cinayətkar dəstəsi
Quba şəhərində
cinayətlər törədib.
Orada da 2 minə yaxın əhali məhv edilib. Şamaxıda Amazaspın Lalayan adlı silahdaşı müxtəlif qırğınlar
törədərək, burada
da təxminən 7 minə yaxın insan qırıblar. Bu qatı cinayətkarların
əməlləridir və
istintaq yolu və tarixçilərin əməyi ilə bu faktları üzə çıxarıb,
ifşa edəcəyik".
Baş Prokurorun Ağır Cinayətlərə
dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov isə 1918-1920-ci illər soyqırımının şahid
ifadələri barədə
məlumat verib. O bildirib ki, Ermənistanın
Azərbaycana qarşı
törətdiyi soyqırımlar
nəticəsində əhali
öz ərazilərindən
didərgin düşüb,
minlərlə soydaşımız
məhv edilib. Onun sözlərinə görə, cinayət işlərinin istintaqı
zamanı mühüm
faktlar və sənədlər aşkar
olunub. Tədbirdə,
həmçinin, ziyalılar,
alimlər bu soyqırımın tarixi və nəticələri
barədə ətraflı
məlumatlar veriblər.
R.KAMALQIZI
Səs.- 2011.- 31 mart.- S. 11.