XX əsrdə
azərbaycanlılara qarşı törədilən
cinayətlərdə 2,5 milyon nəfər qətlə
yetirilib
Müsahibimiz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
direktor müavini Cəbi Bəhramovdur
- Cəbi müəllim, bildiyimiz
kimi tarix boyu ermənilər azərbaycanlılara qarşı
qırğınlar törədiblər. Bunların
sırasında miqyasına görə 1918-ci ilin mart ayında
törədilmiş qətliamlar daha dəhşətlidir.
Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə
31 mart tarixi hər il azərbaycanlıların
soyqırımı günü kimi anılır.
İstərdik ki, bu sənədin əhəmiyyəti
haqqında fikirlərinizi bildirəsiniz...
-
Ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanın dövlət müstəqilliyinin
bərpası ilə bağlı mühüm siyasi və elmi
əhəmiyyət kəsb edən fikirləri var. Ulu
öndərimiz vurğulayırdı ki, Azərbaycan
xalqının XX əsrin sonunda əldə etdiyi ən
böyük nailiyyətlərdən biri dövlət
müstəqilliyinin bərpasıdır. Həqiqətən
də, müstəqillik istənilən xalq, o
cümlədən Azərbaycan xalqı üçün
böyük nemətdir. Azərbaycan xalqı
müstəqilliyini qazandıqdan sonra öz keçmişini
öyrənmək, tarixini araşdırmaq,
üzləşdiyi faciələri xatırlamaq və onlara
işıq salmaq imkanı əldə etdi. Bu
mənada XX əsrin 18-20-ci illərində yaşanmış
faciələrə də siyasi, elmi və tarixi
nöqteyi-nəzərdən işıq salmaq imkanı
yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin
1998-ci ilin martın 26-da imzaladığı
"Azərbaycanlıların soyqırımı
haqqında" Fərman biz tarixçi alimlərə, o cümlədən,
bu sahədə tədqiqat işi aparan insanlara hüquqi
əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi
hadisələri unutmaması, keçmişimizin
xatırlanması üçün çox mühüm bir
sənəddir. Dediyim kimi Azərbaycan
dövləti müstəqillik qazandıqdan sonra öz
tarixinə müraciət etməyə, tarixini
araşdırmağa, tarixdə olan qara ləkələri
ayırd etməyə haqq qazandı. Bu baxımdan
əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti
vardır.
- Qeyd etdiniz ki, tariximizdə
baş verən faciələrin, soyqırımların
araşdırılması istiqamətində ciddi işlər
aparılmaqdadır. Ümumiyyətlə, xalqımıza
qarşı törədilmiş soyqırımın tarixi
kökləri nədən ibarətdir?
- Əgər soyqırımından söhbət
gedirsə, ilk növbədə bu terminin özünə
aydınlıq gətirilməlidir. İlk dəfə
"soyqırımı" beynəlxalq hüquqi termininin
mahiyyəti 1948-ci ildə BMT-nin İnsan hüquqları
komissiyasının qəbul etdiyi 264 saylı konvensiyaya
uyğun olaraq müəyyən edilib və bu
anlayış bir millətin, xalqın, etnik qrupun
qəsdən, bilərəkdən irqi, dini, milli
mənsubiyyətinə görə məhvə məhkum
edilməsini ifadə edir. Məhz bu məqamları
nəzərə alsaq, söyləyə bilərik ki,
azərbaycanlıların etnik təmizləməyə,
deportasiyaya, soyqırıma məruz qalmasının 200 illik
tarixi var. Erməni kilsəsinin fitvası
ilə, ermənilərin əli ilə, erməni terror
təşkilatlarının - daşnaksütyun, ASALA və
digər təşkilatların iştirakı ilə
azərbaycanılara qarşı etnik təmizləmə,
deportasiya və soyqırımı həyata keçirilib
və çar Rusiyası, Sovet hökuməti, eləcə
də bəzi qərb dövlətləri onların
ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv
sənədləri ilə təsdiq olunub.
1918-ci
ildə, o cümlədən, 1920-ci ilin mayından 1991-ci
ilə kimi və 1991-ci ildən bu günə qədərki
dövrdə Azərbaycan xalqına qarşı
törədilən cinayətlər mahiyyət etibarı
ilə soyqırımı cinayətləridir. Ona görə
də, biz konkret olaraq mart qırğını ilə
bağlı danışarkən bu hadisələrə
aydınlıq gətirilməlidir. Onu bildirim ki, bu problemin
əsası ermənilərin bizim tarixi torpaqlarımıza
köçürülməsindən başlayır. Bu
barədə tarixdən kifayət qədər faktlar
məlumdur ki, hansı xarici qüvvələrin dəstəyi
ilə haradan ermənilər bizim ərazilərimizə
köçürülüb. Bundan əlavə, ötən
əsrin əvvəllərində beynəlxalq güclər
dünyanın bölüşdürülməsi uğrunda
mübarizəyə girişdilər və bu da Birinci dünya
müharibəsi ilə nəticələndi. Müharibə
ərəfəsində iki hərbi-siyasi blok yaranmışdı-
Dördlər İttifaqı və Antanta. Antanta bloku daha
fəal və hərtərəfli strategiya işləyib
hazırlamışdı. Onların əsas
məqsədlərindən biri də Osmanlı
dövlətini parçalayıb onun mülklərinə sahib
çıxmaq idi. Qafqaz isə iki dövlət-Rusiya və
İran arasında bölünsə də, İranın
cənub hissəsi İngiltərənin, şimalı isə
çar Rusiyasının nüfuz dairəsində idi.
Bütövlükdə Osmanlı dövlətinin və
Azərbaycanın əraziləri artıq hücum obyekti idi.
Türkiyəni bölmək üçün 1911, 1912, 1913,
1914-cü illərdə Antantaya daxil olan ölkələrin
başçıları və xarici işlər nazirləri
dəfələrlə görüşmüşdülər.
O zamanlar Türkiyəni bölüşdürmək qərb dövlətlərinin
əsas məqsədləri idi. Azərbaycanı isə ilk
növbədə diqqət mərkəzində saxlayan onun
nefti idi. Bu, o dövrün beynəlxalq münasibətlər
sistemində ən aparıcı yerlərdən birini tuturdu.
- Bu proseslər isə
ermənilərin bölgədə fəallaşması və
1918-ci ilin mart ayında azərbaycanlılara qarşı
soyqırımın törədilməsi ilə nəticələndi...
- Rusiya
imperiyasının 1917-ci ildə dağılması Bakı
neftinə olan marağın getdikcə artmasına
səbəb oldu. Həmin il dekabrın 16-da Bakı
Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə
Qafqazda fövqəladə və səlahiyyətli komissar
təyin olunur və ona 500 min rubl pul ayrılır.
Növbəti ilin yanvar ayında isə yenə Leninin
imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000
tüfəng, 2 aeroplan və 2 zirehli maşın
ayrılır. Onu da qeyd edim ki, Ərzincan
müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən
Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının
tərkibində Türkiyəyə qarşı vuruşan
erməni hərbi birləşmələri, onların 5000
əsgəri Bakıya gəlmişdi. Deməli,
bolşevik hökumətinin ayırdığı 5000
tüfəng Bakıya yerləşdirilən erməni
hərbçiləri üçün nəzərdə
tutulubmuş. Nəzərə alsaq ki, o zaman Bakıda heç
bir hərbi birləşmə yox idi, bu hərbi
qüvvələr isə azərbaycanlıların qətlə
yetirilməsinə, soyqırımına məruz qalmasına
yönəldilmişdi. 1918-ci il martın 24-də
Şaumyanın başçılığı ilə
azərbaycanlılara qarşı başlanmış
soyqırımı bir neçə gün davam etdi.
Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən yaradılmış
fövqəladə təhqiqat komissiyasının
açıqladığı rəqəmlərə
görə, həmin hadisələr zamanı Bakıda 12 min
nəfərdən artıq azərbaycanlı qətlə
yetirilmişdi. Başqa mənbələrdə isə bu
rəqəmin daha da artıq olduğu göstərilir.
Məsələn, "Azərbaycan" qəzetinin həmin
dövrlərdə işıq üzü görən
saylarında mart hadisələri zamanı Bakı və
ətraf kəndlərdə 30 mindən artıq
azərbaycanlınının qətlə yetirildiyi qeyd olunur.
Bolşeviklər qorxurdu ki, bu ərazilər ingilislərin
əlinə keçə bilər. Eyni zamanda,
xalq arasında böyük nüfuza malik olan ictimai-siyasi
təşkilatları neytrallaşdırmaq, milli
elementlərdən təmizləmək üçün bu yola
və fikrə əl atıldı ki, Bakı neft
mərkəzi olaraq Azərbaycan milli demokratik
qüvvələrinin əlinə keçməsin.
Həmin zamanlarda hətta Şaumyan da bildirirdi ki, Bakı
azərbaycanlıların əlinə keçsəydi, yarana
biləcək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı
elan oluna bilərdi. Etiraf edirdi ki, Moskva hərbi
dairəsindən tapşırıqla göndərilən
həmin iki aeroplandan şəhərin bombardman
edilməsində istifadə olunub. Bütün bunlar isə yerli
azərbaycanlılara qarşı əvvəlcədən
təşkil olunmuş ağır cinayət hadisəsi idi.
Ermənilər qoca, qadın, uşaq fərq qoymadan
qətlə yetirmişdilər. Bütövlükdə
götürəndə, Cənubi Azərbaycanda 150 min
nəfər, təkcə Urmiya şəhərində 10 min
nəfər qətlə yetirilmişdi, Şamaxının 75
kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi
ermənilər tərəfindən tamamilə məhv edilib.
Bütövlükdə isə həmin dövrdə
Azərbaycan ərazisində 700 min nəfər
soyqırımına məruz qalıb. Bizim
hesablamalarımıza görə, bu rəqəm bir milyon
nəfərə çatır. Hazırda bu istiqamətdə
araşdırmalar davam etdirilir. Qeyd edim ki, tarixən
qətliamlar törədən ermənilərin arxasında
çar Rusiyası, bəzi qərb dövlətləri və
Sovet hökuməti dayanıb.
- Bəs Sovetlər hakimiyyəti
dövründə azərbaycanlıların soyqırıma
məruz qalması hansı faktlarla öz əksini tapır?
- 1920-ci ildən 1953-ci ilə qədər
dövrə nəzər salsaq həmin zamanlarda da
soyqırımın başqa forması həyata keçirilib.
1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər
Azərbaycanda 48 min nəfəri
güllələmişdilər. Eləcə də,
1930-37, o cümlədən, 1953-cü ilə qədər
baş verənlərə baxanda da, bu hadisələrin
analogiyasını görmək mümkündür. Bu proses
1941-1945-ci illər müharibəsində də davam edib. Bu
müharibədə Azərbaycandan 700 min nəfər
iştirak edib. Onların yarısı geri qayıtmayıb.
Müharibəyə gedənlərin 80 faizi rus dilini bilmirdi. O
zaman ordududa olan ermənilər, rus şovinistləri əmri
yerinə yetirməmək bəhanəsi adı altında
azərbaycanlıları güllələyirdilər. Belə
olan halda, Azərbaycanın rəhbəri Mircəfər
Bağırov vəziyyətə müdaxilə etdi və
milli diviziyalar təşkil olundu. Azərbaycanlılar sübut
etdi ki, digər xalqlardan da döyüşkəndirlər
və müharibədə qəhrəmanlıqlarla bunu
sübut etdilər. Brest qalasının müdafiəsində
44 nəfər azərbaycanlı iştirak edib, amma onların
adını sovet hökuməti heç yerdə
çəkməyiblər. Bizim apardığımız
araşdırmalarda bunlar aşkara çıxarılıb.
Bildiyiniz kimi
sovet hökuməti 1948-53-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından
köçürülməsi ilə bağlı iki qərar
qəbul edib. Bu məsələ ilə bağlı Ulu
öndər Heydər Əliyev 1997-ci il 18 dekabr tarixində
Fərman imzalayıb. Bu sənəddə göstərilir ki,
sovet hökumətinin qərarları xalqımıza
qarşı deportasiya siyasəti idi və deportasiya isə
soyqırımına aparan ən böyük cinayət
aktlarından biridir. Onu da deyim ki, soyqrımı
siyasəti sovet hökumətinin zamanında bitmədi. 1988-ci
ildən 1994-cü ilə qədər 30 min azərbaycanlı
ermənilər tərəfindən öldürülüb.
1992-ci ilin fevralında ermənilər tərəfindən
törədilmiş Xocalı qətliamı
bütövlükdə insanlığa qarşı
cinayət hesab edilir.
- Cəbi müəllim, tarixdə
baş verən hadisələr açıq şəkildə
sübut etmirmi ki, ermənilər hər zaman xarici
qüvvələrin əilndə bir alət olub? Məhz ermənilərin
vasitəsilə müəyyən təxribatlar həyata
keçirilib?
-
Əlbəttə ki, bu, belədir. Xatırladım ki, II
Dünya müharibəsi dövründə
yəhudilərə qarşı törədilən
soyqırımı çox ağır nəticələr
verdi. Amma bu cinayəti törədən cinayətkarlar öz
cəzalarına çatdılar. Təsəvvür edin ki, bu
cinayətdə də ermənilərin əli var. O zamanlar
faşistlər tərəfindən erməni legionları
yaradılmışdı. Dünya müharibəsi
başlandığı dövrdə alman reyxinə 27 min
erməni qulluq edirdi ki, onlardan 3 mini SS, almanların agent
kəşfiyyatının xidmətində idi. Həmin 3 min
nəfər Ukrayna ərazisində yəhudilərin məhv
edilməsində xüsusi fəallıq göstərib.
Onların xüsusi fəallığı
nəticəsində 1941-ci ilin 16 noyabr-15 dekabrında 17 min 645
yəhudi, 2504 karain (tövrat inanclı xəzər
türkləri), 824 qaraçı, 212 partizan
güllələnib. Onların başında isə vaxtilə
Vedibasarı, Zəngəzuru talan edən Nışte və
Dro dayanırdı. Göründüyü kimi II Dünya
müharibəsində ermənilər yəhudilərə
və digər millətlərə qarşı
cinayətlər törədiblər.
- Cəbi müəllim, hazırda
bu hadisələrlə bağlı aparılan elmi
araşdırmalar hansı səviyyədədir?
- Qeyd etdiyimiz kimi Ulu öndər Heydər Əliyevin
1998-ci ilin mart ayında imzaladığı fərmanda
qarşıya qoyulan əsas məqsədlərdən biri bu
məsələlərin, soyqırımı
hadisələrinin mahiyyətinin geniş şəkildə
xalqa çatdırılıması və bu faktların
dünya miqyasına çıxarılmasıdır.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən də bu barədə elm adamlarına
müvafiq tövsiyələr verilib. Hazırda AMEA-nın
Tarix İnstitutunda bu işlər geniş şəkildə
aparılır, bir çox sənədlər toplusu
hazırlanıb. Xatırladım ki, 2003-cü
ildə ermənilərin Azrəbaycan torpaqlarında
törətdikləri cinayətlərlə bağlı kitab
nəşr etdik. İnstitut tərəfindən Azərbaycan
xalqına qarşı törədilən cinayətlər
öyrənilir və bu cinayətlərin kim
tərəfindən törədildiyi geniş şəkildə
araşdırılır. Tarix İnstitutu bu məsələlərlə
bağlı kitablar nəşr edib və araşdırmalar
nəticəsində gələcəkdə yeni
nəşrlər də işıq üzü
görəcək.
Səs.- 2011.- 30 mart.- S. 7.