Azərbaycan dövlətində uğurlu qadın siyasəti həyata keçirilir

 

- Sədaqət xanım, qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu bayram ərəfəsində, istərdik ki, Azərbaycanda gender siyasəti ilə bağlı məlumat verəsiniz. Dövlətimizin qadın siyasəti haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, gender məsələsi cəmiyyətdə hər bir sahədə kişilərin və qadınların bərabərliyinin təminatını özündə ehtiva edir. İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda qadınlar tarixin hər bir dönəmində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməyiblər. Hətta elə qadınlarımız olub ki, onlar siyasi xadim kimi olduqca yüksək diplomatik qabiliyyətə malik olublar, qəhrəmanlıqları ilə tarixin yaddaşına həkk olublar. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın inkişafında da kişilərin və qadınların rolunun əhəmiyyətinin dərəcəsi kəskin fərqlənmir, hətta mən deyərdim ki, eynidir. Təbii ki, bu prosesdə qadınların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi ölkəmizdə gender bərabərliyi məsələsinə dövlətin münasibətini əks etdirirdi. Daha sonra, bu bərabərliyin daha da inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin belə həyata keçirilməsinə başlanıldı. 2000-ci ilin martında Ulu Öndərimiz Heydər Əliyev tərəfindən dövlətimizin qadın siyasəti, bu sahəyə daha çox diqqət ayrılması ilə bağlı Fərman imzalandı. Bu Fərmanın imzalanmasında əsas məqsəd Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaq və onların dövlət strukturlarında, digər strukturlarda təmsilçiliyini daha yüksək səviyyədə təmin etməkdən ibarət idi. Təbii ki, qeyd olunan bu siyasət Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. Bu gün artıq həmin siyasətin daha genişləndirilmiş düsturu özünü üç istiqamətin birləşdiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasında göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı ildə yaradılan bu qurum qeyd olunan istiqamətlərdə siyasətin inkişaf etdirilməsini təmin edir. Nəzərə almaq lazımdır ki, qadın ictimai işlə məşğul olmaqla yanaşı anadır, övladlarını həm tərbiyə, həm də cəmiyyətə təqdim edən valideyndir. O baxımdan, qadının fəaliyyət göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə düşən məsuliyyət paralel şəkildə inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane olmamalı, əksinə, kömək etməlidir. Bu səbəbdəndir ki, Azərbaycanda qadınların ictimai fəaliyyətlə məşğul ola bilməsi üçün ailə problemlərinin yaranmamsı istiqamətində mühüm siyasət aparılır. Biz regionlarımızda bu istiqamətlərdə maarifləndirici proqramlar, tədbirlər həyata keçiririk. Bu, çox vacib bir məsələdir. Mən xatırlayıram ki, Yeni Azərbaycan Partiyası tərəfindən millət vəkilliyinə namizədliyim irəli sürüldüyü zaman Ulu Öndərimiz Heydər Əliyevlə görüşüm olmuşdu və bu görüşdə Onun qadın siyasəti ilə bağlı fikirləri mənim xatirimdə dərin izlər buraxıb.

Hesab edirəm ki, qadınlar vəzifələrə irəli çəkildiyi, icitimai məsuliyyətli işlərə başladıqları zaman onların ailə problemləri ilə maraqlanmaq lazımdır. Bu amil mütləq şəkildə nəzərə alınmalıdır. Bizim regionlarda keçirdiyimiz görüşlərdə də bu məqam qırmızı xətlə vurğulanır ki, qadınlar da ictimai fəaliyyətlə məşğul olduqda, öz müqəddəs missiyalarını-analıq missiyalarını unutmamalıdırlar.

- Bəs Azərbaycan qadınları ictimai proseslərdə nə dərəcədə fəaldır?

- Ölkəmizdə gender bərabərliyi siyasəti olduqca uğurla davam edir. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 4 faizdən 27 faizə qədər artıb. Bu qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Digər tərəfdən, bu, həm də, bizim komitənin yerlərdə qadınlar arasında apardığı maarifləndirmə işinin müsbət nəticəsi sayıla bilər. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllimə, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərdilər. Bizim bələdiyyələrə seçilən qadınlarımızla bu gün də çox yaxşı əlaqələrimiz var, bu əlaqələri davam etdiririk, onların problemləri ilə yaxından tanış oluruq, müəyyən mənada dəstək olmağa çalışırıq. Qadınların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nigahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qalxmasında həmin qadınların böyük rolu ola bilər.

Ölkəmizdə keçirilən sonuncu parlament seçkisinin nəticələrində də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bəzən gender balansı dedikdə, həmin anlayışı yarı-yarıya kimi qavrayırlar. Bu, heç də belə deyil. Məsələyə kompleks şəklində yanaşılmalıdır. Əsas odur ki, qadınlar ictimai fəaliyyətlə məşğul olmağı tam varlıqları ilə istəsinlər, öz işlərinə can yandırsınlar. Bu istək olduğu halda həmin qadın həm evindəki analıq, həyat yoldaşı olmaq kimi məsuliyyəti tam həyata keçirər, həm də tutduğu postda öz işini uğurla icra edər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hər bir dövlət postu qadın üçün ikiqat məsuliyyətdir. Bu baxımdan, gender məsələsinə incə yanaşma sərgilənməlidir.

- Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən necə dəyərləndirilir?

- Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub, biz qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya üzv olmuşuq, hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat veririk. Təsadüfi deyil ki, artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən dövlət kimi görür və bu dövlətdə qadınlara qarşı münasibətin yüksək olması təqdir edir. Yeri gəlmişkən, bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın ardından bizə yeni tövsiyələr də verilib.

- Bu sahə ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirmək mümkündür?

- Öncə vurğulamaq istəyirəm ki, gender bərabərliyi məsələsi araşdırılması zəruri olan böyük bir elmdir. Azərbaycanda gender bərabərliyi məsələsi ilə bağlı yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi təsadüfi deyil. Bir müsəlman ölkəsi olaraq qadınlar və kişilər arasında sosial bərabərlik məsələsi bizim dinimizdən başlayır. Allahın insanlara bəxş etdiyi müqəddəs kitabların sonuncusu olan Quranda ailəyə və qadına çox yüksək dəyər verilib. Hətta qadınların cəmiyyətdə və ailədəki rolu ilə bağlı ayrıca surə də var. Bu gün islamdan danışarkən, bəzi hallarda qadınlara müəyyən qadağaların qoyulduğunu söyləyirlər, bu, belə deyil. Sadəcə, dinimizə elmi cəhətdən yanaşılsa, gender bərabərliyinin əsasının oradan gəldiyini görərlər. Bu baxımdan, elm adamları, QHT nümayəndələri, o cümlədən, dinə bağlı olan insanlarımız bu məsələyə daha dərindən yanaşmalı, daha elmi mövqe nümayiş etdirməlidirlər. Bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi ilə haqqında qanun qəbul olunub. Ötən il isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Hesab edirəm ki, bu qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan streotiplərin aradan qalxmasına böyük imkanlar yaradacaq.

- Dövlət Komitəsi ardıcıl olaraq bölgələrdə qadınlarla görüşlər keçirir. Onlar üçün aparılan maarifləndirmə işləri hansı səviyyədədir?

- Qeyd etdiyim kimi, 2000-ci ildə əsası qoyulan dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərman gender bərabərliyinin ölkəmizdə təminatının təməlini qoydu. O zaman hələ bu məsələ ilə bağlı xüsusi qanun qəbul olunmamışdı. Bu gün qadınlarımızın istər dövlət, istərsə də digər strukturlarda təmsilçiliyi mövcuddur. Cəmiyyətdə müəyyən streotiplər, fərqli yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca çətindir. Bunun üçün davamlı iş aparmaq lazımdır. O baxımdan, regionlarda maarifləndirmə işləri daha da gücləndirilib, bölgələrdə insanlarla görüşürük. Digər tərəfdən, aparılan maarifləndirmə proqramlarında hədəflərin seçilməsi də vacib şərtdir. Bu hədəflər düzgün seçilməlidir. Bəzi hallarda bu müzakirələr həmin problemi bilən insanlarla aparılır, yəni, özümüz özümüzlə disskusiya edirik. Problemdən çıxış yolunun həlledici variantının seçilməsi üçün görüşlərin kəndlərdə keçirilməsi qərarına gəlmişik. Problemlə yaxından tanış olmaq, ondan çıxış yolu tapmaq üçün mütləq kəndlərdə yaşayan qadınlarla görüşmək lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün gənc ailələrdə gender nöqteyi-nəzərdən yaranan fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş aparır. Ümumiyyətlə, maarifləndirmə məsələsi o qədər incə bir məsələdir ki, auditoriya genişləndirilməlidir. Biz regional televiziyalar vasitəsilə təbliğat kampaniyaları aparırıq, fikirlərimizi bölgələrdə yaşayan insanlarla bölüşürük.

- Bu maarifləndirmə tədbirləri nə dərəcədə effekt verir?

- Əlbəttə ki, tədbirlərimiz müsbət nəticələr verir. Əgər beş il öncə regionlarda apardığımız görüşlərdə passiv auditoriya ilə qarşılaşırdıqsa, bu gün əksinə, keçirdiyimiz görüşlərdə dinləyici rolunda çıxış edirik. Yəni, artıq qadınlarımız problemlərdən danışırlar. Bütün sahələr üzrə qadınların təşkilatlanması prosesi olduqca intensiv şəkil alıb, regionlarda qadın sahibkarların assosiasiyası yaradılıb. Yəni artıq bölgələrdə fəal qadınlar yetişir. Vətəndaş cəmiyyəti səviyyəsində inkişaf olduqca yüksək səviyyədədir, qadınlar təşkilatlanırlar. Bu gün biz qadınlarımızın ayrı-ayrı istiqamətlərdə QHT-lərdə birləşdiklərini, ümumi bir problemin həllində yaxından iştirak etdiklərini görürük. Belə demək mümkündürsə, problemin həlli istiqamətindəki ideyalar mərkəzdən regionlara köçür və bu məsələlər orada inkişaf etdirilir. Hətta kəndlərdə fəal qadınlar tərəfindən müəyyən təşəbbüslər irəli sürülür. Aparılan işin də nəticəsi budur. Demək qadınlarda artıq özünəinam yaranıb. Biz hər il TQDK ilə iş aparırıq və rayonlardan ali məktəblərə qəbul üçün sənəd verən qızlarımızın sayı ilə maraqlanırıq. Bəzi rayonlarda qızların sayı oğlanların sayını üstələyir. Bunların hamısı o deməkdir ki, apardığımız iş öz bəhrəsini verir.

- Dövlət Komitəsinin qadın məsələləri ilə məşğul olan QHT-lərlə əməkdaşlığı hansı səviyyədədir?

- Bu gün Azərbaycanda qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyət göstərir. Bu təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə layihələr həyata keçirirlər. Bu layihələr çoxşaxəlidir. Onların arasında qaçqın və köçkün düşmüş, əsir və ya girovluqda olan qadınlarla bağlı layihələr də var. Bununla yanaşı, gənc qızlarla bağlı, onların təhsil almaları üçün həyata keçirilən layihələr də mövcuddur. Bu gün həmin layihələri həyata keçirən təşkilatlara da dövlət tərəfindən yüksək səviyyədə dəstək verilir, onlara maliyyə dəstəyi ayrılır. Həmin təşkilatlar öz layihələrini Dövlət Komitəsi ilə birgə həyata keçirirlər. Bu QHT-lərin bəziləri bir sıra beynəlxalq təşkilatlarla da çox sıx əməkdaşlıq həyata keçirirlər. Komitəmiz bu məsələləri diqqət mərkəzində saxlayır.

 

 

Səs.- 2011.- 5 mart.- S. 7.