Qədim Şamaxı müasir
inkişaf yolunda
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı çərçivəsində rayonda bir sıra
uğurlu layihələr həyata keçirilib
Sürətli
sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu
sferada bütün əsas istiqamətlər üzrə qəbul
edilən konkret dövlət proqramları və onlardan irəli
gələn vəzifələrin icrasını təmin etmək
üçün lazımi maliyyə mənbələrinin, o
cümlədən, texniki imkanların vaxtında səfərbər
olunmasına da xüsusi diqqət yetirir.
Təsadüfi deyildir ki,
regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramında nəzərdə tutulan vəzifələr
müvəffəqiyyətlə başa
çatdırıldı. 2009-2013-cü illəri əhatə
edən ikinci Dövlət Proqramının icrası da
uğurla davam etdirilir. Ölkənin regionlarında müasir
infrastruktur yaradılması məsələlərinə
toxunan Prezident İlham Əliyev demişdir: "Regionlarda
müasir infrastrukturun yaradılması məsələsi
öz həllini tapdı. Regionların siması dəyişdi,
şəhərlərimiz öz qədim simasını
saxlamaqla müasirləşdi, gözəlləşdi,
abadlaşdı. İnsanlar üçün çox gözəl
şərait yaradıldı, infrastruktur layihələri icra
edildi, sosial obyektlərin tikintisinə böyük diqqət
göstərildi. Bir sözlə, bölgələrdə, ən
ucqar yerlərdə yaşamaq üçün daha da
yaxşı şərait yaradılmışdır".
Azərbaycanın ən
qədim mədəniyyət və elm mərkəzlərindən
olan Şamaxı rayonu da son illər yüksək sürətlə
inkişaf edir. Rayon icra hakimiyyətinin verdiyi məlumatlar bu
faktın obyektivliyini təsdiqləyir. Belə ki, ötən
il adambaşına düşən ümumi məhsul
buraxılışının həcmi 243 manat təşkil edib
ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 4,3 faiz çoxdur. Əsas kapitala yönəldilən
investisiyalar da əvvəlki ildəkindən 4,5 faiz çox
olub.
Həmçinin, ötən
il Şamaxıda 211 daimi iş yeri açılıb. Rayonda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət
alıb. Olimpiya İdman Mərkəzinin,
"Şamaxı" mehmanxanasının yenidən
qurulması və genişləndirilməsi işləri,
"Xalq Bank"ın rayon filialı üçün inzibati
binanın, Nağaraxana kəndinin ərazisində Vergilər
Nazirliyinin tədris və istirahət kompleksinin tikintisi davam
etdirilir.
Tarix və mədəniyyət şəcərəsi
Şamaxının tarixi keçmişini əks etdirən 70-dən çox mədəniyyət və arxeoloji abidə qeydə alınıb. Bu abidələr içərisində təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədi kimi 743-cü ildə inşa edilmiş Şamaxı Cümə Məscidinin xüsusi yeri var. Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası, nəinki respublikamızda, eləcə də, dünyada unikal elm ocaqlarından hesab olunur. Prezident İlham Əliyevin 5 sentyabr 2008-ci il tarixli və 21 iyul 2009-cu il tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılıb. Ötən ildən etibarən rəsədxanada başlanan tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
Heydər Əliyev Fondunun şamaxılılara hədiyyəsi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırılan bu layihələr Prezident İlham Əliyevin digər bölgələr kimi, Azərbaycanın qədim tarixinin, zəngin maddi-mədəni dəyərlərinin bariz nümunəsi olan Şamaxıya göstərdiyi diqqət və qayğının parlaq nəticəsidir. Bu sahədə, əlbəttə, Heydər Əliyev Fondu da rayonda çox işlər görür. Belə ki, son illərdə rayonda təkcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 780 şagird yerlik 5 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 480 yerlik texniki, humanitar, təbiət fənləri üzrə liseyin, 200 şagird yerlik Qaleybuğurd kənd orta məktəbinin binaları əsaslı təmir edilmişdir. Fondun təşəbbüsü və dəstəyi ilə Şahmat Məktəbi yüksək səviyyədə əsaslı təmir edilərək müasir inventar və avadanlıqla təchiz olunmuşdur. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə qədim Şamaxı məscidi əsaslı təmir və bərpa edilərək yenidən quruldu.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması, dini memarlıq abidələrimizin bərpası istiqamətində həyata keçirdiyi layihələr və tədbirlər, ilk növbədə, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Fondun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxıdakı Cümə Məscidində aparılan yenidənqurma işləri Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Qeyd edək ki, hər gün respublikadan və müxtəlif xarici ölkələrdən onlarla qonağı olan bu məscidin yenidən qurulmasına və bərpa olunmasına ciddi ehtiyac duyulurdu. Bu, nəzərə alınaraq 24 dekabr 2009-cu ildə Cümə Məscidinin yenidən qurulması və bərpası ilə əlaqədar Prezident İlham Əliyev Sərəncam imzalamış və bu iş üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılmışdır. Hazırda Cümə Məscidinin yenidən qurulması və bərpası ilə əlaqədar tikinti işləri sürətlə davam etdirilir.
Verilən məlumata görə, məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin üstündəki günbəz qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcəkdir. Məscidin 36 metr hündürlüyündə olacaq iki minarəsinin artıq özülü qoyulmuşdur. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül-bərkitmə işləri aparılmışdır. Məscidin ərazisində, həmçinin, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar tikiləcəkdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Yeni layihəyə görə, məscidin qarşısında üstündə günbəz olan dörd metrlik giriş qapısı da olacaqdır. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaqdır.
Bəli, yüksək dövlət qayğısı sayəsində qədim Şamaxı tikilir, qurulur, müasirləşir. Bu isə rayonun turizm imkanlarını artırır. Turizmin geniş perspektivi isə həm də sosial-iqtisadi inkişafın sürətləndirilməsindən xəbər verir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 3 mart.- S. 4.