Tarixi faciələrimiz
hər zaman mətbuatın diqqət mərkəzindədir
Zaman-zaman ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib. Bu siyasətin həyata keçirilməsi ilə on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məskəni yer üzündən silinmişdir. Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həyata keçirdikləri soyqırımı siyasəti, onların tarixən azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli siyasətin davamı olmuşdur. Söhbət etdiyimiz Azərbaycanın mətbu orqanlarının bəzi baş redaktorları ermənilərin Xocalıda törətdikləri soyqırımı bəşəriyyətə və insanlığa qarşı həyata keçirilən cinayət olduğunu bildilər.
Elçin Mirzəbəyli,
“Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Azərbaycan mətbuatı
hər zaman Xocalı soyqırımı ilə bağlı məsələlərə
yetərincə yer ayırır. Bu, ilk növbədə, hər
bir mətbuat orqanının vətəndaşlıq borcudur
ki, bu hadisəni geniş şəkildə mətbuatda
işıqlandırsın. O cümlədən də,
"Xalq Cəbhəsi" qəzeti də Xocalı hadisəsilə
bağlı faktları və məlumatları mütəmadi
olaraq işıqlandırır.
Azərbaycan mətbuatının beynəlxalq arenada əlaqələrinin gücləndirilməsinə ehtiyac var. Xarici mətbuat orqanlarında Xocalı həqiqətləri ilə bağlı yazıların dərc olunması, missiyasını təkcə mətbuatı üzərinə qoymaq olmaz. İlk növbədə, həmin ölkələrdə fəaliyyət göstərən diaspora qurumları, Xocalı hadisəsilə bağlı geniş şəkildə fəaliyyət göstərməlidilər. Diaspora quruculuğu prosesindən müəyyən qədər fərqli bir istiqamətə getməlidilər. Məsələn, hər hansı bir xarici ölkədə fəaliyyət göstərən diaspora təşkilatları xarici dili təmiz bilən peşəkar jurnalistlərin hazırlanmasına çalışmalıdılar. Bir sözlə, diaspora təşkilatları dünyanın nüfuzlu mətbuat orqanlarında çalışmaq üçün, xarici dili bilən mütəxəssis jurnalistlər yetişdirməlidilər ki, Xocalı ilə bağlı həqiqətləri dünya KİV-lərinə geniş şəkildə çatdırsın.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Təbii ki, ölkə
mətbuatı Xocalı soyqırımı ilə
bağlı məsələlərə kifayət qədər
yer ayırır. Bildiyiniz kimi, 1992-ci ildə, fevralın 25-dən
26-na keçən gecə ermənilər tərəfindən
Xocalıya divan tutulub. Əlbəttə ki, heç vaxt Azərbaycan
mətbuatı və xalqı ermənilər tərəfindən
törədən bu hadisəyə biganə qala bilməz.
Xocalı hadisəsilə
bağlı faktları və həqiqətləri həm QHT-lər,
həm də ölkədə fəaliyyət göstərən
rus və ingilis dilindəki saytlar kifayət qədər
işıqlandırır. Təbii ki, həmin saytlar vasitəsilə
bütün dünya bu hadisədən xəbərdar olur. Bu
da təsadüfi deyil ki, keçən ildən fərqli
olaraq, daha çox ölkələrdə Xocalı
soyqırımı ilə bağlı tədbirlər
keçirilir. Xocalı ilə əlaqədar olaraq, yeni tədbirlərin
aparılması əsas ondan başlamalıdır ki, burada,
ilk növbədə, diaspora təşkilatları həmin
yaşadığı xarici ölkələrdə Azərbaycanpərəst
lobbilərilə iş aparmalıdır. Həmin diaspora təşkilatlarının
lobbiləri vasitəsilə bu məsələ dünya
parlamentinə çıxarılmalıdır.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Azərbaycan KİV-ləri,
mütəmadi olaraq, Xocalı soyqırımı ilə
bağlı materialları ətraflı şəkildə
işıqlandırır. KİV-lər tərəfindən
Xocalı soyqırımı ilə bağlı müxtəlif
tədbirlər keçirilir.
Xocalı
soyqırımının xarici ölkələrdə daha
geniş şəkildə işıqlandırılması
üçün, ölkədə fəaliyyət göstərən
KİV-lərin internet resurs və yaxşı xarici dil də
fəaliyyət göstərən saytlar olmalıdır. Bununla Xocalı soyqırımı ilə
bağlı bütün həqiqətlər və gerçəklər
dünya KİV-lərində yayımlansın. Təəssüf
ki, bizim qəzetlərimizin heç birinin xarici dildə
internet saytları yoxdur.
Tapdıq Abbas,
"Paralel" qəzetinin
baş redaktoru:
- Əvvəlki illərdən
fərqli olaraq, son illər Azərbaycan mətbuatı
Xocalı soyqırımı ilə bağlı yazılara
daha geniş şəkildə yer ayırır. Yəni, ilboyu
Xocalı faciəsinin işıqlandırılması prosesi
gedir. Buna misal olaraq, demək olar ki, həm ölkəmizdə,
həm də xaricdə bu faciə ilə bağlı
keçirilən tədbirlərin
işıqlandırılmasına geniş yer verilir.
Ümumiyyətlə,
son illər istər ölkəmizdə, istərsə də
xaricdə, həm Dağlıq Qarabağ münaqişəsi,
həm də Xocalı soyqırımı geniş şəkildə
işıqlandırılır.
Xoşqədəm Bəxşəliyeva,
"Üç nöqtə" qəzetinin baş
redaktoru:
- Azərbaycanda fəaliyyət
göstərən mətbu orqanlar və elektron KİV-lər
Xocalı faciəsinə yetərli qədər yer
ayırır. Hesab edirəm ki, ölkə mətbuatı
Xocalı soyqırımı ilə bağlı həqiqətləri
və faktları kifayət qədər
işıqlandırır.
Bildiyiniz kimi, fəaliyyət
göstərən mətbu orqanlarmızın həm ingilis
dilində, həm də rus dilində internet saytları var. Həmin
internet saytlarında da bu məsələlərlə
bağlı bir çox yazılar üstünlük təşkil
edir. Yəni, Azərbaycan mətbuatı bu kimi məsələləri
dünya KİV-lərinə çatdırmaq
üçün əlindən gələni edir. Son vaxtlarda
dövlətimizin bu sahədə apardığı işlər
kifayət qədər ürəkaçandır. Xüsusilə
də, Heydər Əliyev Fondunun Xocalı soyqırımı
ilə bağlı hazırladığı materialların və
keçirdiyi tədbirlərin dünya ölkələrində
yayılması çox təqdirəlayiq bir haldır. Bir
sözlə, Xocalı soyqırımı həqiqətləri
xarici ölkələrdə kifayət qədər
yayımlanır və yayımlanmaqda davam edir.
GÜLYANƏ
Səs.- 2011.- 3 mart.- S. 5.