Qadınların cəmiyyətdə rolu olduqca böyükdür

 

"Səs" qəzeti qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə dəyirmi masa keçirdi

 

Artıq ənənəvi olaraq ölkəmizin ictimai, siyasi və mədəni həyatında baş verən əhəmiyyətli hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə "Səs" qəzetində dəyirmi masalar təşkil olunur. Məhz mətbu orqanın redaksiyasında keçirilən dəyirmi masanın budəfəki mövzusu da, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.  Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva, YAP Qaradağ rayon təşkilatı qadınlar şurasının sədri Təranə İsmayılova, Səbail rayon icra hakimiyyəti başçısı aparatı təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri İradə Əliyeva, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynənsə Paşayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Laçın Həsənova, "Demokratik Qadın dünyası" İctimai Birliyinin sədri Vəsilə Kərimova iştirak edirdilər.

"Səs" qəzetinin şöbə müdiri Rəfiqə Kamalqızı dəyirmi masada giriş sözü ilə çıxış edərək, kolektiv adından qarşıdan ələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınlarına təbriklərini çatdırdı.  R.Kamalqızı qadınların cəmiyyətdəki çoxşaxəli rolundan bəhs edərək, zərif cinsin nümayəndələrinin ölkəmizin aparıcı sahələrində tutmuş olduğu mövqelərindən, onların milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rolunu vurğuladı. Qeyd etdi ki, bu gün belə bir möhtəşəm bayramı qeyd etməyə Azərbaycan qadınının mənəvi haqqı var. "Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında, müstəqillik dövrümüzün ilk illərində ölkəni mövcud olan xaoslardan xilas edən Ümummilli Lider Heydər Əliyevin qadınlarımıza verdiyi qiymət hər kəsə bəllidir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan qadınına nə qədər zərif, mədəni bir şəkildə yanaşaraq onun incə ruhuna xoş ovqatlar bəxş edirdi. Onu da qeyd edim ki, hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Ümummilli Lider Heydər Əliyev qadınlarla görüş təşkil edir, onların bayramını təbrik edirdi. Bu, qadına dövlət tərəfindən göstərilən qayğının  təzahürü idi. Azərbaycan qadınının adını ən yüksək və layiqli formada  Avropa, Amerika kimi ölkələrdə daha da ucalara qaldıran Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım Əliyevanın timsalında da qadına münasibət, inam tamamilə başqa bir səpkidə olduğunu aydın şəkildə görmək mümkündür"- deyən R.Kamalqızı Ulu Öndər Heydər Əliyevin zəngin irsinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin tərkib hissəsində də, qadın faktoruna böyük önəmin yer almasından bəhs etdi. Məhz dəyirmi masa iştirakçılarına da ölkədə qadınların rolu və cəmiyyətimizin aparıcı qüvvəsi olan zərif cinsin nümayəndələrinin tutmuş olduqları vəzifələrdən asılı olmayaraq, onların bir ana kimi sağlam övlad böyütmələrinə toxunan R.Kamalqızı bu mövzu ətrafında müzakirələrin aparılmasının zəruriliyini vurğuladı.

 

"Azərbaycan qadını dünyanın ən əziz və ən gözəl bir xanımıdır"

   

Sədaqət Vəliyeva:

- İlk öncə, Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıram.  Azərbaycan qadını məncə dünyada ən əziz və gözəl bir xanımıdır. Ölkəmizdə qadın siyasətinə və qadınların cəmiyyətdə ictimai-siyasi proseslərdə daha yaxından və aktiv şəkildə iştirakı məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf siyasətimizin tərkib hissəsi olmuşdur. Çünki Azərbaycan xanımları həm ana, həm bacı, həm də həyat yoldaşı kimi ən yüksək qiymətə, hörmətə layiqdirlər. Bu gün dövlət idarəçilik sistemində ictimai-siyasi həyatımızda qadınların rolunu görməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun ölkəmizədki xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınının öndə gedən nümunəsi olaraq, görmüş olduğu işlərlə, atmış olduğu addımlarla ən yüksək dəyərlərin tərənnümçüsünə çevrilmişdir. Məhz Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizdə mədəniyyət, təhsil, səhiyyə sahəsində təqdirəlayiq addımlar atılmışdır. Bu isə, öz növbəsində, Şərqdə ilk dəfə qadına seçki hüququ verən müstəqil və müasir Azərbaycan dövlətinin qadın siyasətinə, qadınların bir çox sahələrdə aparıcı mövqe tutmasına ən gözəl nümunə hesab edilir. Eyni zamanda, Azərbaycan xanımları özləri ona görə xoşbəxt və mərd qadınlar kimi göstərirlər ki, onlar tarixdə iz buraxmış qəhrəman analarımızdan həmişə örnək götürüblər.

 

"Səs" qəzetinin əməkdaşı:

- Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə dövlət strukturlarında təmsilçiliyi təqdirəlayiq bir hal kimi qiymətləndirilir. Siz necə düşünürsünüz, qadınlar zərif çiyinlərində vəzifə öhdəliyi götürə bilərlərmi?

 

"Azərbaycan qadınına artıq layiq olduğu ən yüksək qiymət verilib"

 

İradə Əliyeva:

- Burada qeyd edildiyi kimi, Azərbaycan qadınına artıq layiq olduğu ən yüksək qiymət verilmişdir. Ümumiyyətlə isə, onu qeyd edim ki, qadınların istənilən prosesdə aktiv iştirakını təmin etmək üçün ona stimulverici bir ruh lazımdır. Əgər qadında bu stimul varsa, o, daha çox geniş, əhatəli fəaliyyətlə məşğul olacaq. Milli-mənəvi dəyərlərimizdən, əxlaqi keyfiyyətlərimizdən bəhs edərkən,  qadınların üzərinə düşən böyük yükü, təbii ki, anlamaq çox çətindir. Çünki istənilən bir qadın çalışdığı sahədə mənsub olduğu ailənin mədəni keyfiyyətlərini, demək olar ki, qorumaqla məşğuldur. Digər bir tərəfdən, zərif cinsin nümayəndələrinin müxtəlif sahələrdə aktiv fəaliyyətinin təmin edilməsi də onlara verilən stimulla bağlıdır.

 

"Azərbaycanda gender bərabərliyinin təmin olunmasında dövlətimizin rolu olduqca böyükdür"

 

Aynənsə Paşayeva:

- Ölkədə qadın hüquqlarının qorunmasında gender bərabərliyinin təmin olunmasında Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri xüsusilə qeyd olunmalıdır. Biz bilirik ki, təqribən, yüz il bundan öncə, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququ məhz Azərbaycanda verilibdir. Bu bərabər hüquqlar və bərabər imkanlar ölkəmizin Konstitusiyası tərəfindən də təsbit edilmişdir. Bu gün müasir Azərbaycanın dövlət idarəçilik sistemində elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsilçilik hüququ əldə ediblər. Qadınlar ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə aktiv iştirak edir. 2009-cu ildə bələdiyyə orqanlarına seçilən qadınların sayı 2004-cü ildəkinə nisbəti ilə müqayisədə 7 dəfə artmışdır. Bu, həmçinin, son parlament seçkilərində də özünü büruzə vermiş oldu. Əvvəlki seçkilərdən fərqli olaraq, son parlament və bələdiyyə seçkilərində qadınlara verilən böyük önəm onların idarəçilik və ali qanunverici orqanlardakı təmsilçilik faizini də əhəmiyyətli dərəcədə yüksəltmişdir. İnanırıq ki, bundan sonra da qadınlarımız, qeyd etdiyimiz sahələrlə yanaşı, digər  sistemilərdə də daha böyük faiz dərəcəsi ilə yüksək təmsilçilik əldə edəcəklər. Mənim təmsil olunduğum komitənin keçirdiyi tədbirlərdə, xüsusilə, 2010-cu ilin 24-25 may tarixində keçirilən konfransda mühüm qərarlar verilmiş, Azərbaycan qadınının ailə, cəmiyyət münasibətindəki mövqeyi daha çox önə çəkilmişdir. Onu da qeyd edim ki, bu konfransın məhz Bakıda keçirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Böyük və mükəmməl formada təşkil olunan bu konfransda dünyanın aparıcı təşkilatlarının nümayəndələri də iştirak etmişdir.

Bir faktı da qeyd edim ki, Azərbaycanda gender bərabərliyinin təmin olunmasında dövlətimizin rolu olduqca böyükdür. Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı 142 sənəd qəbul edilmişdir. Eyni zamanda, ölkəmiz insan və qadın hüquqlarına dair mövcud olan bütün təməl prinsipləri özündə ehtiva edən konvensiyalara qoşulmuşdur. Bundan əlavə, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair konvensiya ratifikasiya edilmişdir.

"Səs" qəzetinin əməkdaşı:

- Bilmək istəyərdik ki, ölkə mətbuatında  qadınlarımızın hüquq və azadlıqlarının tərənnümü, ictimai marifləndirməklə bağlı məsələlər hansı səviyyədə işıqlandırılır?

 

"Qadınlar hər sahədə olduğu kimi, mətbuatda da öndə gedir və daha çevik, peşəkar  olduqlarının nümayiş etdirirlər"

 

Sevil Yusifova:

- Qadınlar haqqında bizim özümüzün və qarşı cinsin nümayəndələrinin istənilən mövzu ilə bağlı məsələni gündəmə gətirməsi və müzakirə aparması olduqca vacib amildir. Çünki qadın cəmiyyətin inkişafında aparıcı sütunlardan biri kimi qiymətləndirilir. Bundan əlavə, statistikaya nəzər salsaq, görərik ki, bu gün Azərbaycan mətbuatında fəaliyyət göstərən insanların say tərkibində 60 faiz çoxluq qadınların tərəfindədir. Beləliklə, ən böyük yük də məhz zərif cinsin nümayəndələrinin üzərinə düşmüş olur. Bir faktı da qeyd edim ki, Azərbaycanda son dövrlər mətbuatın inkişafına dövlət qayğısı digər qonşu dövlətlərlə müqayisədə ən yaxşı örnək və nümunə ola bilər. Yəni bizim də bildiyimiz kimi, bu gün mətbuatımıza dövlətimiz tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Sözsüz ki, bu mətbuata bu dərəcədə qayğı varsa və burada çalışanların 60 faizini də qadınlar təşkil edirsə, demək, bu, sırf zərif cinsin nümayəndələrinin daha da stimulverici bir addımdır. Siz bilirsiniz ki, mətbuatımızın 135 illik yubileyində və ondan sonra da cənab Prezidentimiz İlham Əliyev mətbuatda çalışanların əməyini yüksək səviyyədə qiymətləndirdi və bir çox jurnalistlərə fəxri adlar verildi. Məhz bu siyahıya nəzər saldıqda, dövlət tərəfindən təltif olunan mətbuat nümayəndələri sırasında qadınların çoxluq təşkil etdiyini görmək mümkündür. Bu isə, qadınların, hər sahədə olduğu kimi, mətbuatda da öndə olduqlarını göstərir və daha çevik və peşəkar  olduqlarının bariz nümunəsinə çevrilir.

 

"Səs" qəzetinin əməkdaşı:

- Cəmiyyətimizin aparıcı qüvvəsi olan qadınlarımızın müxtəlif siferalarda təmsilçilik əldə etməsi və onların bu vəzifələri yerinə yetirmək bacarığı hansı səviyyədə qiymətləndirilə bilər?

Laçın Həsənova:

- Azərbaycan xanımı həm elm baxımından, həm də bir ziyalı qadın kimi öz işinin öhdəsindən yüksək peşəkarlıqla gəlməyi bacarır. Bir məsələni də qeyd edim ki, müəyyən müddət öncə, qadınların bir çox sahələrdə təmsilçilik faizi bir o qədər də yüksək deyildi. Bu gün isə, istər ali və orta ixtisas təhsil müəssisələrində, istərsə də, digər aparıcı sferalarda qadınların böyük təmsilçilik hüququna malik olduqlarını görmək mümkündür. Çünki qadınlarımız tutmuş olduğu vəzifəsindən asılı olmayaraq, öz ailəsində bir ana kimi qayğıkeş və nəvazişli olmağı da bacarırlar. Bu, qadınlar üçün bir qədər çətin və şərəfli olsa da, zərif cinsin nümayəndələri bu vəzifənin öhdəsindən layiqincə gələ bilirlər.

 

"Səs" qəzetinin əməkdaşı:

- Yeni Azərbaycan Partiyasının sıralarında qadınlarımızın böyük üstünlüklə təmsilçiliyi mövcuddur. Sizcə, zərif cinsin nümayəndələri siyasi arenada layiqli formada təmsil olunmağın hansı formada öhdəsindən gələ bilirlər?

 

Vəsilə Kərimova:

- Bu gün Azərbaycan cəmiyyətində çoxluq qadınlarımızın tərəfindədir. Bildiyiniz kimi, say tərkibinə görə, əhalimizin 51 faizini qadınlar təşkil edir. Ona görə də, xanımlarımızın bütün sahələrdə fəal olmaları da təbii və labüddür. Ölkəmizin gələcəyi ilə bağlı olan bütün sahələrdə qadınların böyük üstünlüklə təmsilçilik hüququ əldə etməsi təqdirəlayiq bir haldır. Bu isə, cəmiyyətin daha ədalətli və sivil dəyərlərlə əhatə olunmasında öz töhfəsini vermiş olur. Çünki qadın, hər şeydən əvvəl ana, bir ocağın qoruyucusu, adət-ənənənin daşıyıcıdır. Dünyanın qloballaşdığı mədəniyyətlərin bir-birinə inteqrasiya etdiyi zamanda, Azərbaycan mentalitetinin əsas qoruyucusu, təbii ki, qadınlarımızdır.

 

(Ardı var)

 

 

RƏFİQƏ KAMALQIZI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 3 mart.- S. 8-9.