“Azərbaycan! Azərbaycan!

 

Ey qəhrəman övladın şanlı vətəni!..."

 

Azərbaycançılıq ruhunda böyümüş, bir məsləkə, amala xidmət etmiş vətən oğulları bu torpağın müdafiəsində mətin dayanaraq varlığını sübuta yetirməyə, torpaq üstündə tökülən al qanı ilə qəhrəmanlıq nümunəsi göstəməyə nail olmuşlar. Zaman-zaman haray çəkən torpağın səsinə səs verən mərd ərənlər kişilik məktəbinin nəyə qadir olduğunu vətən torpağına dikilən gözləri oyuq-oyuq etməklə sübut etmişlər.

 Üzeyir musiqisinin harayı, Əhməd Cavad fikir dünyasının çağlayan səsi vətənə müsəlləh əsgərlər yetişdirmişdir. Hayqıran səslərin qidasında ruhun çağırışı dayanır. "Səndən ötrü can verməyə cümlə qadiriz" misrası zərb-məsələ çevrilmiş ifadə olsa da bunu bizə zaman diqtə etmişdir. Bu fikrin fəlsəfi düşüncəsində insan özünü dərk edərək torpaqsız bu aləmin, varlığının heç olduğunu dərk edir. Qosqoca dünyanın köksündə dayanan mübarizə əzmi yatmış vulkanların bu aləmə səs salacağına şübhə oyatmır. Əli silah tutan, yaba tutan ərlər ayağa qalxaraq, vətən boyda bir məfhumun yükünü üzərində gəzdirməkdən mənən qida alırlar. Sərhədinə dikilən gözləri dəf etməyə, yox etməyə gücləri çatır. İçində yatmış mübarizə əzmini özlərini Boz Qurd edərək ortaya qoymuşlar. Bir körpəni xilas etmək üçün tank altında parçalanan, xıncım-xıncım olan oğulların vətəni məhz Azərbaycandır! Azərbaycan bu ruhda oğullar yetişdirmiş və müasir dövrümüzdə belə ərənlər tariximizi yazırlar.

 Azərbaycan dövlət müstəqilliyini qazandığı və dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycanlığın bir ideologiya olaraq önə çəkilməsi Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində reallaşmışdır. Azərbaycançılıq ideologiyası şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, arzularını əks etdirir. İdeologiya dövləti yaradır, yaşadır, onun uğrunda ölməyi bacaran nümunəvi övladlar yetişdirir. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin ideologiyasına çevirdi. O deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". 1993-cü ilin sonlarından etibarən milli ideologiyanın, azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri standartlar sayəsində formalaşmasının şahidiyik. Azərbaycançılıq bu gün milli ənənələri özündə birləşdirir. Bütün bunlar Ulu Öndərimizin xalqı qarşısında tarixi xidmətləridir.

Bəli, Azərbaycana bağlılığın, azərbaycançılıq ideologiyasının nəticəsi olaraq zaman-zaman əfsanələşmiş qəhrəmanlar tarixi salnaməmizə ismini həkk etmişlər. Yaşadığımız dönəmlərdə Azərbaycanı düşmən üzərində qələbə sözünü yazmış, dövlətin ərazisinin qorunmasında, torpaqları uğrunda qan tökən oğulları yaşatmışdır. Əbədiyyətə qovuşan koroğluları, nəbiləri, babəkləri, mehdiləri, həziləri ilə qürurlanaq tarixin şanlı səhifələrini yazan simalar Azərbaycanın qəhrəmanlarına çevrilib, onun sərhədlərini qorudular. Son dövr hadisələri bu torpaq yolunda canını fəda edən, vətənpərvərlik nümunəsinə çevrilən simaları ilə torpaq uğrunda ölməyi bacaran və şəhidlik zirvəsinə yüksələn insanların olduğunu göstərdi. Yaşamaq üçün ölməyibacaran oğullar, ölmək üçün yaşamağı daha yüksək tutaraq amal, məqsəd fədailəri olduqlarını göstərdilər. Demək, Azərbaycanın varlığı üçün şəhid olmağı bacaran nümunəvi oğullar yetişməkdədir. Bunu estafet kimi də qəbul etmək olar. Nəsil özündən sonra gələnlərə bu torpağı məsuliyyətlə təhvil verir. Azərbaycanın işğal altında olan torpaqları yolunda ölümə getməyə hazır olan insanlar dövlətimizin müstəqilliyinin əbədiyaşarlığını təsdiqləyirlər. Zaman dayanmadan hərəkətdədir. Odlu-alovlu nər igidlər milli ruhun qarşısında tab gətirmədən döyüşdə qəhrəmanlıq göstərirlər.Bu sırada ismi son dövr tariximizdə qəhrəmanlıq tariximizdə yer alan, Azərbaycan tarixinin milli qəhrəmanları sırasında adını əməlləri ilə həkk edən Mübariz İbrahimov var. O, əməlləri ilə şanlı ordunun mübarizə əzmini göstərdi. Vətən təəssübkeşliyi, vətən sevgisi, vətən aliliyi onun qəhrəmanlıq tariximizdə adını yaşatdı. Mübariz İbrahimov, yaşından asılı olmayaraq, hər kəsə örnək oldu. İndi bu meydanda qəhrəman zirvəsinə yüksəlmək arzusunda olan insanlar Mübariz yolu getməyə hər an hazırdılar.

Mübarizin göstərdiyi igidlik təsadüf olaraq hücuma keçən ermənilərin qarşısını almaq həmləsi zamanı büruzə verilməmişdir. Bu düşünülmüş addım Azərbaycançılıq ideyasının, vətən sevgisinin gənclər arasında təbliğindən irəli gələn amildir. Artıq o, bu şəhidliyə hazır vəziyyətdə olaraq şəhidlik zirvəsinə yüksəldi. Mübariz İbrahimovun özündən sonra bizlərə gəlib çatan məktubundakı sətirlər bunu deyir. O, ölümün gözünə dik baxaraq "Vətən sağ olsun!" deyib ömür yolunu müəyyənləşdirdi. Çox həssaslıqla yazılmış məktubun səhifələrində bir qəhrəman cüssəli Azərbaycan oğlunun simasını görürük. "...Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim". Bu sözlər Azərbaycançılıqideyası ilə böyüyüb tərbiyə almış vətən oğlunun qələbə əzmli sətirlərindəndir. Bu ifadələr çox böyük düşüncənin, Azərbaycançılıq işığının olduğunu göstərir.

Qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimov bizlər üçün qəhrəmanlıq nümunəsidir. Bu ölümdən bütün Azərbaycan danışır. Qısa bir zamanda, əfsanəvilik qazandı, bu ömür yolu ilə. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oradan məhz onun yaşadığı evi, onu böyüdən və tərbiyəni ona verən ana və atanın ziyarətinə gəlməsinlər.

Zaman ən böyük hakimdir. Taleyinə çilənən bu yazı onun ömrünü tamamilə başqa bir səpkidə, başqa bir məcralarda yazdı. Bəlkə də neçə onilliklər yaşayacaqdı. Amma adi bir insan olaraq izsiz torpağa tapşırılacaqdı. Yaşamaq üçün ölməyi bacardı Mübariz. Budur vətən oğlunun haqq səsi! İctimai-siyasi vəziyyət və erməni "oğullarına" qalib gəlmək əzmi Mübarizi qəhrəman etdi. Azərbaycan oğlu qeyrəti, gücü, mərdliyi ilə torpaqlarının müdafiəsində durmağı zaman-zaman şəhidliyi ilə sübut edir. Bəli, Mübarizlərin çiynində Azərbaycan torpağı qorunur. Nə qədər haqsızlıqlar olmuş olsa da, bu torpağa dikilən gözləri müdafiə edən, qoruyan Mübarizlər var. Qısa da olsa haşiyəyə çıxmaq məcburiyyəti Mübariz igidliyinin Azərbaycançılıq ideyasına söykəndiyini ifadə etmək idi.

Bu gün Azərbaycan övladlarına Mübariz İbrahimov bir örnək olmuşdur. Yaşından asılı olmayaraq, hər kəs onun igidliyindən danışır. Bir ailənin oğlu Azərbaycanın oğluna çevrildi. Onun qəhrəmanlığı məktəbdir. Dövlətimiz tərəfindən Mübarizin qəhrəmanlığına xüsusi diqqət ayrıldı. Azərbaycan Prezidenti İlham Əliyev şəhid gizirə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verdi. Biləsuvar rayonunun orta məktəblərindən birinə, eyni zamanda, Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsi qərara alındı.

Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilən gəmi hazırda milli qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "2010-cu ilin adamı" seçildi.

Keçdiyi yolun və göstərdiyi igidliyin nəticəsidir ki, bu gün çoxları "Mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəyəm", -deyə düşünür:

 

Görməmişdi yağı belə tamaşa,

Döyüş etdin düşmən ilə başbaşa.

Hələ yenə səsləyəcək savaşa,

Vətən sən tək neçə-neçə ər oğlu.

Yol açmısan zəfərlərə çatmağa,

Qarabağa bayrağımı saçmağa.

Qoymayacaq qanınızı batmağa,

Baş Komandan ər İlham, Heydər oğlu.

 

Torpaq qəhrəmanlar yetişdirir. Azərbaycanın mayasında yaşayır bu qəhrəmanlıq. Bu torpaq üçün torpağa düşmüş əsgərlər şəhidliyin ən yüksək zirvəsində qalibiyyət nəğməsi ilə dünyaya vida söyləmişlər. Əgər şəhid varsa, demək, vətən var. Şəhidlik Allah hökmü deyil. O, ürəyin hökmüdür, damarda axan qeyrətin əmridir. Hər kəs şəhid ola bilmir. Şəhidlik haqq yolunda qazanılan ölümdür. İnsan uğrunda can verdiyi həqiqətə inanmasa, məqsədinə yetişə bilməz. Ona görə də bu yola baş vuran hər kəs, ilk növbədə, bu gerçəkliyə inanmalıdır. Şəhidlər xalqın milli qürurudur, milli iftixarıdır, əzəmətidir. Vətənimiz Azərbaycan zaman - zaman şəhidlər vermiş, bu duyğuya alışqan olmuşdur. Şəhidlik Azərbaycan xalqına tanış ölümdür. Xalqımızın şəhidliyinin ən yeni səhifəsi 1988-ci il fevral ayının 22-dən başlayır və tarixi müstəqilliyini bərpa etmiş xalqımız 20 ildir ki, öz əzəli mənbəyindən, qaynağından, duyğusundan güc alaraq azadlığını və müstəqilliyini, torpaqlarının toxunulmazlığını qorumaq yolunda şəhidlər verir. Azərbaycanın torpaqları toxunulmazdır, əcdadlarımızın qoruyub bizə çatdırdıqları Vətənimiz bölünməzdir.

Azərbaycanı dilim - dilim, parça - parça etmək arzusunda olan düşməni dəf etmək, bu torpağı qorumaq, onun uğrunda ölmək iqtidarında olan qeyrətli, qəhrəman övladların müqəddəs borcudur.

Azərbaycan övladı ölümün gözlərinə dik baxmış, Vətən uğrunda, ar, namus yolunda şəhidlik yolunu seçmişdir. Əvəzində Azərbaycanda Azərbaycanın özü boyda bir abidə qoyulmuşdur - Şəhidlər Xiyabanı! Tariximizin, əxlaqımızın, dövlətçiliyimizin qan yaddaşıdır şəhidlər. İndi bizim biz olduğumuzu, kim olduğumuzu, təməlimizi göstərən bir rəmzə çevrilib Şəhidlər Xiyabanı! Azərbaycan sərhədlərini qoruyan oğullar onun hər məkanında qan tökərək şəhidlik zirvəsində ucalmışdılar. Ölkəmizin elə bir şəhər, elə bir kənd, elə bir qəsəbəsi yoxdur ki, orda şəhid məzarları olmasın. Yaxşı ki, şəhid məzarlarımız var, yaxşı ki, qanımıza hopmuş qəhrəmanlıq abidələrimiz var, yoxsa bu Vətən Vətən olmazdı. Şəhidlər Xiyabanımız olmasaydı, şəhidlərimiz olmazdı. Şəhidlərimiz olmasaydı, məmləkətimizin sahibi olmazdı.

Dünyanı heyrətə gətirən Üzeyir Hacıbəyli musiqisi və Əhməd Cavad şeiriyyəti Azərbaycanın qəhrəmanlıq tarixini, qəhrəman övladlarını vəsf edən "Himn"də daha parlaq, əzəmətli görünür. Bu torpaq uğrunda yaşamaq üçün ölməyi bacaran oğulların böyüklüyü qan yaddaşımızın salnamələrində öz ifadəsini tapıb. Azərbaycançılıq ideyasının təbliği böyük bir ordunu vətən uğrunda ölümə hazırlayıb və bu ənənə davam etməkdədir.

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2011.- 3 mart.- S. 10.