Bakı ən müasir meqapolisə çevriləcək

 

Prezident İlham Əliyev: "Bizim əsas məqsədimiz Bakı qəsəbələrinin inkişafına dair böyük və geniş proqram qəbul etməkdir"

 

Xəbər veridiyimiz kimi, martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Toplantıda Bakıda aparılan tikinti-quruculuq işlərinin gedişi və nəzərdə tutulan layihələr haqda geniş fikir mübadiləsi aparılıb.

“Paytaxtla bölgələr arasında fərqi azaldırıq"

Son illərdə Azərbaycanda aparılan geniş quruculuq işləri ölkənin simasını tamam dəyişib. Sevindiricidir ki, ölkəmiz gündən-günə inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə, həm də gündəlik həyatda görürük. Son illərdə Bakı şəhərində, həmçinin, bütün şəhər və kəndlərdə çox böyük quruculuq və abadlıq işləri aparılır.

Bütün bunlar, təbii ki, Azərbaycan iqtisadiyyatınin sürətli inkiaşfı ilə bağlıdır. Son 5 ildə Azərbaycan dünyanın ən yüksək templəri ilə inkişaf edib. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən dəyərləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər.

Sürətli inkişaf ölkəmizin hərtərəfli yüksəlişi üçün imkan yaratdı. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda son 7 il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb, yoxsulluq 4,5 dəfə, işsizlik 5 dəfə azalıb. Yəni, hər bir ölkənin iqtisadi sosial göstəricilərini nümayiş etdirən əsas makroiqtisadi rəqəmlər bu inkişafın səviyyədə olduğunu əyani şəkildə ortaya qoyur.

Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "...Məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün , hələ ki, bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir.

Ancaq biz bu siyasəti davam etdirəcəyik. Regionlarda hazırda icrada olan layihələr, əminəm ki, bütün bölgələrdə həm sosial, həm sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcəkdir. Elə etməliyik ki, hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə normal yaşamaq, işləmək üçün bütün şərait yaradılsın. Bir daha demək istəyirəm ki, bu məqsədlə çox genişmiqyaslı işlər görülür".

 

"Bakının ekoloji vəziyyəti daha da yaxşılaşdırılacaq"

 

Vurğulamaq yerinə düşər ki, son illərdə Bakıda ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görülür. Azərbaycanda  artıq "Avro-2" standartına keçilib. Növbəti mərhələlərdə "Avro-3", "Avro-4" standartlarına keçilməsi nəzərdə tutulur. Bunun nəticəsində paytaxtın ekoloji durumu daha da yaxşılaşacaq.

Bakının böyük problemlərindən biri uzun müddətdən bəri tam həllinə nail oluna bilməyən məişət tullantıları məsələsidir. Balaxanı poliqonundan şəhəri bürüyən tüstülər daha qalxmır. Həmin zibilxana təmizlənib, indi onun yerində böyük park salınır. Böyük məişət tullantıları zavodu tikilir.

Ekologiyada danışarkən yeni yaşıllıqların salınmasını məsələsinə toxunmamaq olmaz. 2010-cu il Azərbaycanda "Ekologiya ili" idi. Təkcə Bakıda  keçən il 3 milyon ağac əkildi. Müşavirədə bu məsələyə toxunulub. Dövlət başçısı qeyd edib ki, sonrakı illərdə bu proses davam etdiriləcəkdir: "Şəhərimizdə ağacəkmə prosesi sürətlə gedəcəkdir. Mən xüsusi göstəriş vermişəm ki, boş yerlərdə, görkəmli yerlərdə yeni ağaclar əkilsin. Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaqdır. Bakını əhatə edən bu dağlar indi quru dağlardır. Amma o dağlar meşə ilə örtüləcəkdir həm ekoloji vəziyyət yaxşılaşdırılacaq, həm gözoxşayan bir mənzərə yaradılacaqdır".

 

"Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir"

 

Bakıətrafı qəsəbələrin əsas problemlərindən biri yol məsələsidir. İclasda bu məsələyə toxunan dövlət başçısı bu problem tədricən həll olunur. "Bakı-aeroport avtomobil yolunun genişləndirilməsi yenidən qurulması müəyyən dərəcədə qəsəbələrarası yolların da inkişafına xidmət göstərir. Ancaq biz bununla bərabər, xüsusilə, qəsəbələri birləşdirən yollara fikir verməliyik, əlavə vəsait nəzərdə tutulacaqdır.

Bakı-aeroport aeroport-Zığ istiqamətində tikilmiş yollar, əlbəttə ki, qəsəbələrarası yolları da birləşdirir. Nəzərə alsaq ki, bu yolun indi tikintisi davam edir, o, Sumqayıta qədər uzadılacaqdır. Beləliklə, burada bir neçə qəsəbə bir-biri ilə bağlanacaqdır"- İlham Əliyev deyib.

Məlumdur ki, Bakıda evlərin qeydiyyata alınması problemi var. Dövlət başçısı deyib ki, bu problem həll ediləcək: "Biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib".

Ümumiyyətlə, Bakı şəhərinin ətraf qəsəbələrin inkişafı məsələlərinin yüksək səviyyədə müzakirəsi bir çox məsələlərə aydınlıq gətirib. Qəbul olunacaq xüsusi proqramın yerinə yetirilməsi nəticəsində cari ildə gələcək illərdə Bakının böyük meqapolisə çevriləcəyi, dünyanın ən müasir şəhərləri ilə bir sırada dayanacağı şübhəsizdir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 12 mart.- S. 3.