Erməni vəhşiliyinin növbəti qurbanı...

 

Mübariz Qurbanlı: "9 yaşlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsinə YAP sərt münasibətini bildirmişdir"

 

- Mübariz müəllim, Soçi görüşünün nəticələrini necə şərh edərdiniz?

- Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən Soçi görüşü proseslərin danışıqlar müstəvisində qalmasına imkanlar yaradır. Əslində, Ermənistana lazımi səviyyədə təzyiq olunmadığına görə, Azərbaycan tərəfi danışıqlardan imtina edə bilərdi və dövlətimizin buna tam haqqı da vardı. Çünki neçə illərdir ki, Azərbaycan tərəfi danışıqlar aparır, münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Bu istiqamətdə də beynəlxalq hüququn norma və təməl prinsipləri Azərbaycan dövlətinin tərəfindədir. Təcavüzə məruz qalmış ölkə kimi Azərbaycan tərəfi danışıqlara gedir və məsələnin sülh yolu ilə həll etmək istəyir. Təbii ki, bu, dövlətimizin Ermənistana güzəşti sayıla bilər. Bununla belə Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən, Ermənistana lazımi dərəcədə təzyiq göstərməməsindən narazıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan danışıqlardan imtina etmir və ölkə başçısı cənab Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək xəttinə üstünlük verir. Cənab Prezident İlham Əliyev Soçi şəhərində də aparılan danışıqlarda da bu istiqamətdə fəaliyyətini davam etdirdi. Prezident İlham Əliyev çevik, praqmativ, elmi əsaslara söykənən xarici siyasət yürüdür və bu xarici siyasətin də məqsədi sülh yolu ilə işğal olunmuş torpaqları azad etməkdən ibarətdir. Lakin qarşı tərəf hər zamankı kimi qeyri-konstruktivlik nümayiş etdirir. Buna görə də, danışıqlar istənilən nəticəni vermir. Əslində, Soçi görüşünün baş tutmasını müsbət hal kimi dəyərləndirmək lazımdır. Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə bu danışıqların davam etdirilməsi münaqişənin sülh yolu ilə həlli istiqamətində prosesə rəvac verilməsini bir daha aydın şəkildə göstərməkdədir. Ermənistan münaqişənin həllinə müsbət mənada təkan vermək istəyirsə, mütləq konstruktiv mövqedən çıxış etməlidir. Bu gün Soçidə əldə olunmuş bəzi razılaşmalar növbəti mərhələdə danışıqların davam etməsinə müsbət təsir göstərə bilər. Amma danışıqların getdiyi bir vaxtda 9 yaşlı Azərbaycan uşağının erməni snayperi tərəfindən qətlə yetirilməsi danışıqlarda əldə olunmuş cüzi razılaşmaları da kölgə altına salır. Çünki danışıqların getdiyi mərhələdə ermənilərin uşaq qatili simasında çıxış etməsi onların məsələnin heç də sülh yolu ilə həll edilməsinə meyilli olmadığını göstərir. Əlbəttə ki, 9 yaşlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsi Azərbaycan cəmiyyətində çox böyük etiraz yaradıbdır. Bu məsələdə YAP öz etirazını, xüsusi olaraq, bildirmişdir və bunu KİV-lər vasitəsilə yaymışdır.

- Son zamanlar Rusiya  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırıb. Sizcə, rəsmi Moskva bu fəallığında nə dərəcədə səmimidir?

- Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq, yaranmış Dağlıq Qarabağ problemi və onun  həlli bu gün bir çox hallarda kənar qüvvələrin bu məsələ ilə əlaqədar tutacağı mövqedən asılıdır. Rusiya, ənənəvi olaraq, Cənubi Qafqazda böyük marağı olan dövlətlərdəndir. Təbii ki, Rusiyanın Ermənistan üzərində təsir imkanları ABŞ və Fransa ilə  müqayisədə daha çoxdur. Çünki bu gün Rusiyanın bir çox şirkətləri Ermənistanda fəaliyyət göstərməkdədir. Ermənistanın iqtisadi potensialının 80%-ə qədəri xarici kapitaldan asılı vəziyyətdədir. Xüsusilə də, Rusiya kapitalının Ermənistanda həlledici rol  oynadığı hamıya bəllidir. Ermənistanın ağır sənayesi, (artıq heç o da qalmayıb) rabitə və telekommunikasiya sistemi Rusiyanın nəzarətindədir. Hətta Ermənistanın dövlət sərhədləri belə Rusiya hərbiçiləri tərəfindən qorunur. Bütün bu amillər onu göstərir ki, Rusiya Ermənistan üzərində psixoloji, iqtisadi, mənəvi, sosial nəzarətə malikdir və Ermənistan Rusiyanın Cənubi Qafqazda vassal bir ərazidir. Bunu Rusiya siyasətçiləri gizlətmirlər və dəfələrlə qeyd ediblər ki, Ermənistan Rusiyanın forpostudur. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın Ermənistana təzyiq göstərməsi çox vacib məsələdir. Dövlətlərarası münasibətlərdə və maraqlarda, xüsusilə də, dövlətlərin həyata keçirdiyi xarici siyasətdə səmimiyyətin axtarılması o qədər də doğru deyil. Burada səmimiyyət deyil, praqmatizm, maraqların uzlaşmasını axtarmaq lazımdır. Siyasətdə səmimiyyət çox nadir hallarda mövcud olur. Xüsusilə, bu, daha çox maraqları üst-üstə düşən ölkələrdə müşahidə oluna bilər. Amma Rusiya hazırda MDB məkanında müəyyən bir siyasəti həyata keçirməkdədir. Bu siyasətin tərkibində iki xətt görürük. 1-ci xətt  qonşu ölkələrlə iqtisadi münasibətləri dərinləşdirərək, onları Rusiyaya daha sıx bağlamaq, 2-ci xətt isə, Rusiyanın hərbi-sənaye kompleksinin maraqlarını müdafiə edərək, bu ölkələrə təzyiqi artırmaqdan ibarətdir. Rusiyanın xarici siyasət doktrinasının bir istiqaməti mehriban qonşuluq yolu ilə iqtisadi münasibətləri dərinləşdirmək vasitəsilə ətrafında olan ölkələri özünə daha sıx bağlamaq xəttidir. Lakin hələlik, bu xətt Rusiya xarici siyasətində aparıcı rol oynamır. Hələ də Rusiya xarici siyasətində siyasi, iqtisadi və hərbi təzyiq yolu ilə məqsədə çatmaq tərəfdarları mövcuddur. Bu da hərbi-sənaye kompleksinin maraqlarını ifadə edir. Ona görə də, Rusiyanın Dağlıq Qarabağın həllində səmimiyyətini deyil, praqmativliyini təhlil etmək və bundan nəticə çıxararaq, adekvat  addım atmaq daha doğru olardı. Cənab Prezident bütün bu məsələlər ətrafında kifayət qədər çevik bir diplomatiyanı həyata keçirməkdədir. Bu gün Azərbaycanın xarici siyasəti hücum diplomatiyası prinsipinə və eyni zamanda, balanslaşdırılmış xarici siyasətə əsaslanır. Buna uyğun həyata keçirilən siyasət də Azərbaycan üçün müəyyən nəticələr verməkdədir. Dağlıq Qarabağ məsələsi bizim xarici siyasətin aparıcı mövzusudur və bunun həlli istiqamətində tutduğumuz yol uzun sürən yol olsa da, nəticə etibarı ilə Azərbaycanın xeyirinə baş verəcək hadisələrlə müşahidə olunacaq. Zaman Azərbaycanın xeyirinə işləyir.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyəti sizi qane edirmi?

- ATƏT-in Minsk Qrupu, əslində, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin nəticəsi olaraq, meydana çıxıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə başladığı dövrdən ATƏT bu missiyanı yerinə yetirmə prosesini öz üzərinə götürüb. ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu gün dünyada sülhün və təhlükəsizliyin qorunması BMT Təhlükəsizlik Şurasının başlıca funksiyasıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar hətta BMT üzvü olmayan ölkələr üçün də məcburi xarakter daşıyır. Bu təşkilat dünyada yeganə qurumdur ki, təcavüzkarı cəzalandırmaq üçün iqtisadi, siyasi və hərbi xarakterli sanksiyalar tətbiq edə bilər. Əslində, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən narazılığımız haqqa söykənir. Lakin bütövlükdə, Minsk Qrupunun həmsədrlərindən imtina etmək, yaxud onun fəaliyyətini dondurmaq diplomatiyada mövcud olan təbliğat baxımından  bizim xeyirimizə işləməzdi. Bu zaman erməni tərəfi "Azərbaycan sülh istəmir, məsələni danışıqlar yolu ilə həll etməyə çalışmır" deyərək, Ölkəmizə qarşı təbliğat apara bilər və biz ATƏT səviyyəsində bir tribunanı itirə bilərik. Çünki ATƏT səviyyəsində hər zaman erməni təcavüzünü ifşa edirik və bununla bağlı faktları gündəmə gətiririk. Amma indiki şəraitdə ATƏT-in Minsk Qrupunun formatı bizi qane etməsə də, ideoloji təbliğat baxımından davam edir və etməlidir də. Çünki bu üç dövlət dünyada təhlükəsizliyə cavabdeh olan dövlətlərdir. ABŞ, Rusiya və Fransa vasitəçilərdir, lakin vasitəçi heç də poçtalyon rolunu oynamır. Beynəlxalq münasibətlər sistemində hələ də boşluq var. Beynəlxalq hüququn norma və təməl prinsiplərini yerinə yetirməyən ölkələr var və həmin ölkələri məcbur edən mexanizmlər kifayət qədər güclü deyil.

- İraqda, Əfqanıstanda, Kosovoda sülhyaratma missiyasında iştirak edən Azərbaycan eyni dəstəyi Dağlıq Qarabağda separatçı qüvvələrin zərərsizləşdirilməsi prosesində ala bilərmi?

- Azərbaycan antiterror koalisiyasına daxildir. Doğrudur, artıq Kosovoda iştirak etmirik, amma Əfqanıstan və İraqda bizim antiterror koalisiyaı ilə bağlı fəaliyyətimiz davam edir. Azərbaycan 2001-ci ildə antiterror  koalisiyasına qoşulub və beynəlxalq miqyasda terrorun qarşısının alınması ilə bağlı proseslərdə iştirak edir. Azərbaycan erməni terrorundan kifayət qədər əziyyət çəkib. Lakin bir məsələni digərləri ilə qarışdırmaq lazım deyil. Azərbaycan ərazisi ermənilər tərəfindən işğal olunubdur. Bu gün Dağlıq Qarabağda mövcud olan rejim də qanunsuzdur. Ermənistan etnik baxımdan eyni xalq ola bilər, amma orada olan ermənilərin heç də hamısının Ermənistanın işğalı ilə barışdığını söyləmək mümkün deyil. Ona görə də, Azərbaycanın Dağlıq Qarabağda aparacağı əməliyyatlar antiterror yox, işğal olunmuş ərazilərin azad edilməsi əməliyyatı olacaq.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 12 mart.- S. 6.