Naftalan şəhəri
sosial-iqtisadi inkişaf yollarında
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla həyata keçirilir
Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Naftalan şəhərinin də timsalında görmək mümkündür. Belə ki, 2010-cu il Naftalan şəhəri üçün uğurlu olub, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilibdir.
Naftalanın dirçəliş
dövrü
2010-cu ilin yekunu onu göstərir ki, regionların inkişafı ilə bağlı dirçəliş dövrünü yaşayan Naftalan şəhəri ötən ili yüksək göstəricilərlə başa vurubdur. Naftalan Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata görə, 2010-cu ildə Naftalan şəhərində ümumi daxili məhsulun həcmi 2009-cu illə müqayisədə 14 faiz artaraq 13406,8 min manat, sənaye məhsulunun həcmi 5 faiz artaraq 344,1 min manat, tikinti sektorunda əsas kapitala yönəldilən investisiya 498,1 min manat, şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 18,4 min manat, rabitə sahəsində göstərilən xidmətlər 199,3 min manat olub. İstehlak bazarında əhaliyə 10979,3 min manatlıq mal satılıb və 1274,4 min manatlıq pullu xidmətlər göstərilibdir. Bir işçiyə hesablanmış orta əmək haqqı isə 165 manat təşkil edib.
Sosial sahədə uğurlu nailiyyətlər
2009-2013-cü illəri əhatə edən "Regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci ili uğurla başa çatıb. İstər birinci, istərsə də ikinci dövlət proqramları ölkəyə çox şey verdi. İlk növbədə isə, analoqu olmayan iqtisadi inkişaf, yeni-yeni iş yerləri. Bunun nəticəsidir ki, az müddətdə regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksələn xətt üzrə inkişafı təmin edilib. Ən əsası isə odur ki, ölkə iqtisadiyyatının neft amilindən asılılığı aradan qaldırılaraq, qeyri-neft sektoru daha sürətlə inkişaf etməyə başladı. Naftalan şəhərində bu proqramın həyata keçirilməsi istiqamətində əldə olunan uğurları rəqəmlər də təsdiqləyir. Belə ki, şər məşğulluq mərkəzində 253 nəfər işsiz qeydə alınıb, onlardan 172 nəfəri müvafiq işlə təmin edilib. 2010-cu ildə təkcə tikinti və quruculuq işlərində 574 nəfər müvəqqəti, 116 nəfər isə yeni yaradılmış və mövcud idarə, müəssisələrdə işlə təmin olunubdur. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ildə 56 ailənin 222 ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardımı təyin edilib, sosial-məişət xidməti sektorunda qeydiyyatda olan 48 nəfər tənha, ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərilib, 7 nəfər əlilə isə pansionat və kurorta getmələri üçün putyovka verilibdir.
Naftalan kurort şəhəridir
Bildiyimiz kimi, Naftalan şəhərinin iqtisadiyyatının əsasını kurort xidməti təşkil edir. Çünki Naftalan dünyada analoqu olmayan kurort şəhəri kimi tanınır. Belə ki, 1970-1980-ci illərdə Naftalan kurort şəhərinin inkişafı Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. 19 fevral 1982-ci ildə Azərbaycan KP MK-nin "Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında" xüsusi qərar qəbul etməsi bir daha onu göstərdi ki, şəhərin inkişafı hələ 1980-ci illərdə artan templə irəliləməyə başladı. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görülmüş, gələcəkdə yeni kurortların salınması və şəhərin sosial-iqtisadi inkişafı nəzərdə tutulubdur. Bu gün dünya standartlarına cavab verən iki sanatoriya - "Çinar" və "Qaşaltı" sanatoriyaları yüksək səviyyədə qurulmuşdur. Bu sanatoriyalar müvafiq olaraq 200-312 çarpayılıq olmaqla dünya standartlarına uyğun inşa edilmişdir. Bu sanatoriya komplekslərində 400 nəfər işlə təmin olunacaq. Bütün bu görülən işlər yalnız və yalnız əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçündür. Həmçinin, 2010-cu il bizim üçün bir də ona görə əlamətdar ildir ki, Naftalan şəhərinin ərazisi xeyli artırılıbdır. Bu gün Naftalan şəhərinin ümumi sahəsi 3572,63 ha təşkil edir. Eyni zamanda, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhərimizin bütün infrastrukturlarının inkişafına diqqət artırılmışdır. Demək olar ki, Naftalan tamamilə yenidən qurulur. Dövlət Proqramı ilə əlaqədar təsdiq edilmiş tədbirlər planının Naftalan şəhərinə aid hissəsində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhərin elektrik şəbəkəsinin yenidən qurulması, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanalarının tikintisi, şəhərdə yeni salınmış yaşayış massivinin qazlaşdırılması, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssisələrinin yenidən qurulması və tikintisi nəzərdə tutulmuşdur. 2010-cu ildə Dövlət Proqramı"nın icrası ilə əlaqədar geniş tədbirlər həyata keçirilibdir. Belə ki, Dövlət Proqramına uyğun olaraq yerüstü elektrik xətləri yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilməsi işlərinə başlanılmış, 2300 ədəd smart-kart tipli sayğac, yeni transformator məntəqələri quraşdırılmış və 33 km SİP tipli kabel xətti çəkilibdir.
İnfrastrukturda müasir
inkişaf tendensiyaları
Dövlət tərəfindən kurort şəhərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün şəhərin giriş hissəsindən Heydər Əliyev parkına və Şirvan prospektinə qədər uzunluğu 3300 m olan yolun hərəkət hissələri genişləndirilib, yeni istinad divarları çəkilmiş və işıqlandırılıbdır. Şəhər daxilində yeni yolların çəkilməsi, parkları və səkilərin salınması işləri davam etdirilir. Həmçinin, 2009-cu ildə sel suları nəticəsində uçmuş körpülərdə əsaslı şəkildə yenidən qurulub istifadəyə verilibdir. Naftalan şəhərindən Bakı-Gəncə magistral yoluna qədər uzunluğu 18 km olan magistral yolun 9 km-i əsaslı şəkildə təmir olunmuş və yeni tanıtma lövhəsi qurulub. Ş.Qurbanov, D.Qorqud, İ.Nəsimi küçəsi və Şirvan prospektində 12000 metrdən artıq səki daşları yenisi ilə əvəzlənmiş və yeni asfalt örtüklər salınıb. Həmçinin, yolların, küçələrin işıqlandırılması üçün müasir işıq dirəkləri quraşdırılır. Küçələrin işıqlandırılması üçün 100 kva gücündə 4 ədəd transformator stansiyası quraşdırılıbdır.
Şəhərdə doqquz mərtəbəli yaşayış binalarının 1994-cü ildən sıradan çıxmış liftləri müasir tipli yeni liftlərlə əvəz edilib. Bütün çoxmərtəbəli yaşayış binalarının fasadı milli memarlıq üslubuna uyğun ağlayla üzlənməsi, işıqlandırılması, hər bir mənzilə yeni plastik pəncərənin quraşdırılması, eyvanların əsaslı təmir olunması və dam örtüklərinin yenidən qurulması işləri uğurla davam etdirilir, eləcə də, sakinlərin müraciətlərini nəzərə alaraq 113 ədəd zibil qutusu alınaraq bütün binaların qarşısına, yaşayış massivlərinə və küçələrə yerləşdirilibdir.
9 noyabr 2010-cu il tarixdə "Dövlət Bayrağı Günü" Naftalan şəhərində yeni Dövlət Bayrağı meydanının açılışı oldu. 65 metr hündürlükdə dalğalanan bayrağın eni 10 metr, uzunluğu isə 20 metrdir. Bayraq meydanı 2 hektar ərazini əhatə edir. Bundan əlavə, şəhər Qaz İstismarı Sahəsi üçün 2 mərtəbəli inzibati binanın, Vergilər Nazirliyinə birmərtəbəli postterminal binasının tikintisi başa çatdırılıb, şəhər icra hakimiyyəti üçün 3 mərtəbəli yeni inzibati binanın tikintisinə başlanılıbdır.
2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Ekologiya ili" elan edilməsi və dövlət başçısı tərəfindən yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması ilə verilən tapşırıqlar bütün bölgələrdə olduğu kimi Naftalan şəhərində də uğurlu işlər görülübdür. Belə ki, şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nərimam Nərimanov parklarında, Şirvan prospektində, Dövlət Bayrağı Meydanı və yol kənarlarında 25000-ə yaxın Eldar şamı əkilibdir. Həmin ağacların suvarılması üçün 5500 metr uzunluğunda metal borularla yeni su xətləri çəkilmiş, 3 ədəd yeni subartezian quyusu qazılmış, 4 ədəd köhnə quyu isə təmir edilərək istismara verilibdir.
Bu gün Naftalana MDB məkanı ilə yanaşı Almaniyadan, Polşadan, İrandan, Türkiyədən, Macarıstandan və digər xarici ölkələrdən də müalicəyə gəlirlər.
Bütün bu nailiyyətlər bir daha onu göstərir ki, dünya əhəmiyyətli Naftalan kurortu inkişaf etdikcə şəhər də öz simasını tamamilə dəyişir və yeniləşir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 12 mart.- S. 8.