Sosial-iqtisadi inkişaf davamlı xarakter daşıyır

 

Dünən Səbail rayon icra hakimiyyətində ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədən irəli gələn vəzifələrə həsr olunmuş toplantı keçirilib. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Bakı şəhəri və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədəki nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunub.

İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirə barədə ətraflı məlumat verib. A.Əsgərov onu da vurğulayıb ki, qısa müddət ərzində Bakı şəhəri və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair proqram hazırlanaraq hökumətə təqdim olunacaq. İlin sonuna kimi proqramın icrasına başlanacağını və 2-3 il ərzində proqramın icrasına nail olunacağını deyən icra başçısı vurğulayıb ki, yeni proqram  2011-2013-cü illəri əhatə edəcək: "Son illər ərzində dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində respublikamızın paytaxtında çox böyük işlər görülüb, iri layihələr həyata keçirilib. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin 97 faizi qazlaşdırılıb, şəhərin yol-nəqliyyat sektorunda ciddi işlər görülüb, 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilib, 32 piyada keçidi tikilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində yaxın vaxtlarda Bakı sakinlərinin 70 %-i keyfiyyətli su ilə təmin olunacaq. Şəhərin bütün əsas parkları yenidən qurulub, böyük abadlıq işləri aparılıb. Son illərdə Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir olunmuş, 11 idman və sağlamlıq ocağı, 2 Olimpiya İdman Kompleksi istifadəyə verilib. "Ekologiya ili" çərçivəsində Bakı şəhərində 3 milyon yeni ağac əkilib. Hazırda bir sıra yeni lahiyələr icra olunmaqdadır", - deyə o əlavə edib.

Tədbirdə icra başçısı bu gün rayon sakinlərini daha çox narahat edən məsələlər, onların həlli yolları, nəzərdə tutulan işlər barədə də məlumat verib. O qeyd edib ki, bütün sahələr üzrə ehtiyac duyulan problemlər hökumətə təqdim olunacaq tədbirlər planında öz əksini tapacaq.

Onun sözlərinə görə, bu gün Səbail rayon ərazisində həm təhsil, həm də bəzi səhiyyə ocaqlarının tikinti və təmirinə ehtiyac var. Tezliklə bu tipli obyektlər rayon ictimaiyyətinin istifadəsinə veriləcək. İcra başçısı mədəniyyət sahəsində də görüləsi işlər barədə danışaraq Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirinə, 3 saylı musiqi məktəbinin sökülüb yenidən tikilməsinə ehtiyac duyulduğunu bildirib. A.Əsgərov kommunikasiya sistemində də yeniliklərdən danışıb: "Badamdar qəsəbəsində 1, 2, və 3-cü yaşayış massivlərində yeni elektrik paylayıcı transformatorların qurulması, Badamdar və Bibiheybət qəsəbələrinin, 20-ci yaşayış sahəsinin küçə və məhəllədaxili yollarının işıqlandırılması, Badamdar qəsəbəsində 1, 2, və 3-cü yaşayış massivlərində, Bayıl və 20-ci sahə ərazisində, Bibiheybət qəsəbəsi Salyan 32 ünvana yeni qaz xəttlərinin çəkilməsi, Bayıl və 20-ci sahə, Badamdar və Bibiheybət qəsəbələrin ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərinin yeraltı kabellərlə əvəz edilməsi, Badamdar qəsəbəsi və 20-ci sahə ərazilərindəki su və kanalizasiya şəbəkələrinin DNŞ-nin balansından çıxarılaraq "Azərsu" SC-nin balansına verilməsi və həmin şəbəkələrin yenidən qurulması, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində su anbarlarının inşasının sürətləndirilməsi, Badamdar qəsəbəsində 1, 2 və 3-cü yaşayış massivlərinin su və kanalizasiya şəbəkəsinin qurulması, 20-ci sahə-Bayıl yaşayış sahəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, 32 saylı kanalın dənizə tökülən yerində təmizləyici qurğunun tikintisi, 20-ci sahə ərazisində açıq kanalizasiya kanallarının boruya alınması, Bibiheybət qəsəbəsində kanalizasiya şəbəkəsinin yenidən qurulması, Lökbatan dairəsindən Bayıla uzanan 500 mm-lik əsas su xəttinin yenisi ilə əvəz olunması, Səbail rayonunda şəhid ailələri, müharibə veteranları və əlillər üçün yeni yaşayış binasının inşası və məcburi köçkünlərin kompakt məskunlaşdığı yataqxana və inzibati binalarının əsaslı təmirinə tələbat var".

Yığıncağın davamında rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elbrus Əhmədov və RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov qəsəbələrin sosial-iqtisadi inkişafına bağlı ətraflı məlumat veriblər. Tədbirin sonunda əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin təşkilinin vəziyyəti və Novruz bayramına hazırlıq işlərinin vəziyyəti haqqında müzakirələr aparılıb və hər iki məsələ ilə bağlı təkliflər proqramı təsdiqlənib.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 12 mart.- S. 9.