Merilend ştatında "Azərbaycan irsi ayı" elan edilib

 

ABŞ-dakı Qarabağ Fondunun təşəbbüsü ilə bu ilin martı Merilend ştatının Montqomeri dairəsində "Azərbaycan irsi ayı" elan edilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, Montqomeri dairəsinin başçısı Ayza Legget Azərbaycanda Novruz bayramının mart ayında qeyd olunduğunu nəzərə alaraq təd.biri məhz bu aya təyin etmiş və bütün sakinləri ABŞ-ın Azərbaycan icmasının ölkəyə verdiyi töhfələri alqışlamağa çağırmışdır.

A.Leggetin bununla bağlı imzaladığı xüsusi bəyannamədə Azərbaycanın mühüm nailiyyətləri sırasında 1918-ci ildə dünyanın ilk müstəqil müsəlman respublikasının qurulması və qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkə olduğu göstərilmişdir. Bildirilmişdir ki, Qafqaz bölgəsinin mədəniyyət beşiyi Azərbaycan böyük sənətkarlar, o cümlədən, şairə Xurşid Banu Natəvanın, müsəlman dünyasının ilk operasını yaradan bəstəkar Üzeyir Hacıbəylinin Vətəni, zəngin şeir və musiqi ənənələrinin qaynaqlandığı yerdir. Bəyannamədə o da qeyd edilmişdir ki, Azərbaycanın musiqi ənənələri Amerikanın caz musiqisinə ruhən yaxındır və Azərbaycan musiqiçiləri Amerika caz ustaları ilə həmişə musiqi mübadiləsi aparmışlar.

Azərbaycanı ABŞ-ın strateji müttəfiqi adlandıran Ayza Legget etiraf etmişdir ki, uzaq məsafə və mürəkkəb tarixi şəraitlə əlaqədar amerikalıların çoxu Azərbaycanla, hələ ki, yaxından tanış ola bilməmişlər. Lakin Azərbaycan mənşəli amerikalılar ABŞ-ın vətəndaş cəmiyyətinə böyük töhfələr vermişlər. "Qeyri-səlist məntiq" nəzəriyyəsinin müəllifi Lütfi Zadəni, mühüm incəsənət irsi qoyub gedən musiqiçi Mstislav Rastropoviçi və başqalarını belələrinə misal göstərmək olar.

Montqomeri dairəsində "Azərbaycan irsi ayı" elan edilmiş mart bayram tədbirləri ilə qeyd ediləcək. Həmçinin, martın 24-də və 28-də Vaşinqtonun tanınmış Linkoln Teatrında Azərbaycan mədəniyyəti və musiqisini nümayiş etdirən konsert proqramları təşkil ediləcək. Fondun təşəbbüsü ilə Amerikanın "New World Radio" dalğasında efirə çıxan "Azərbaycan Radio Saatı" martda Novruz bayramının tarixi, ənənələri və Azərbaycan mədəniyyətində yeri barədə proqramlar təqdim edəcək.

 

 

Zümrüd

 

Səs.- 2011.- 12 mart.- S. 12.