Bakıda "Muğam
aləmi" II Beynəlxalq
muğam festivalının
təntənəli açılış
mərasimi keçirilib
Mehriban Əliyeva: "Təbiət hər zaman təkrarsız
canlandığı kimi, muğam sənəti də heç
bir sərhədlərə sığışmayan, azad,
özü-özündən bəhrələnən bir sənətdir"
Dünən Beynəlxalq
Muğam Mərkəzində "Muğam aləmi" II Beynəlxalq
muğam festivalının təntənəli
açılış mərasimi olmuşdur.
Tədbirdə Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak etmişlər.
Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
ƏLİYEVA tədbiri
açaraq qonaqları
salamlayıb:
"Xanımlar və cənablar.
Hörmətli qonaqlar. Sizi II Beynəlxalq muğam festivalının
açılış mərasimində səmimi qəlbdən
salamlayıram. Festivalda iştirak etmək üçün
ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana
xoş gəlmisiniz" deyirəm.
Muğam
festivalının Novruz bayramı ərəfəsində
keçirilməsi heç də təsadüfi deyildir. Muğamla
Novruzu birləşdirən bir çox amillər vardır.
İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə
yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız
canlandığı kimi, muğam sənəti də heç
bir sərhədlərə sığışmayan, azad,
özü-özündən bəhrələnən bir sənətdir.
İki il bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda Birinci Beynəlxalq muğam festivalı keçirilmişdir. Uğurla keçirilmiş bu festival çox geniş əks-səda yaratmışdır. Eyni zamanda, biz bu gözəl, möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin açılışını keçirmişik. Bu gün tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib və bu gündən etibarən burada çox gözəl ölməz musiqi - muğam səslənəcəkdir.
Builki festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Artıq elmi simpozium öz işinə başlayıb. Bu günlər ərzində siz yeni ifalarda klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz, muğam opera tamaşalarına baxacaqsınız, muğam əsasında yaradılmış simfonik əsərlərə qulaq asacaq, etno-caz kimi nadir bir fonemenlə tanış olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama vurğun olan hər bir insan bu günlər ərzində qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin fəlsəfənin şahidi olacaqdır. Festivalımızda Azərbaycan xanəndələri ilə yanaşı, xarici müğənnilər də iştirak edirlər. Mən bir daha onlara "Azərbaycana xoş gəlmiziniz" deyirəm. Onlar həm öz ölkələrində, həm də dünyada çox məşhurdurlar. İnanıram ki, bizim festival onların ümidlərini doğruldacaq və unudulmaz bir hadisəyə çevriləcəkdir.
Bilirsiniz ki, Heydər Əliyev Fondu il ərzində bir neçə musiqi festivalları təşkil edir və keçirir. Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi festivallarıdır. Bu, qədim Qəbələ şəhərində keçirilən Beynəlxalq musiqi festivalıdır. Bu, görkəmli həmyerlimiz Mstislav Rostropoviçin adını daşıyan musiqi festivalıdır. Hər bir belə hadisə, hər bir belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünyanın məşhur musiqiçiləri, sənətkarları ölkəmizə gəlirlər. Mən ümidvaram ki, "Muğam aləmi" festivalı bu sırada layiqli yerini tutub və geniş auditoriyasını formalaşdırıb.
Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin
bərpa olunmasının
20-ci ildönümü ərəfəsində
keçirilir. Biz fərəh
hissi ilə qeyd edə bilərik
ki, bu 20 il ərzində
muğam sənətinin
inkişafında, təbliğində
çox davamlı dinamika müşahidə edilib.
Son illər ölkəmizdə
mədəniyyət sahəsində
dövlət tərəfindən
irimiqyaslı layihələr
həyata keçirilir. Dövlət Proqramına əsasən Azərbaycanın teatrları,
muzeyləri, konsert salonları bərpa olunur, yeni mədəniyyət
ocaqları, regionlarda yeni musiqi məktəbləri
tikilir, muğam və mədəniyyət
mərkəzləri açılır.
Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız,
poeziyamız, musiqimiz,
təkrarsız, nadir xalçaçılıq
məktəbimiz, təsviri
sənətimiz, memarlıq
abidələrimizdir. Bu mədəni irs
bizi millət kimi qoruyub saxlayır.
Bu gün bu
mədəniyyəti qorumaq,
saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.
Bu gün mən üzümu məşhur ustadlarımıza tutub onlara dərin hörmət və ehtiramımı çatdırıram. Siz muğam
sənətimizin korifeylərisiniz.
Eyni zamanda, siz gənc
istedadların müəllim
və məsləhətçilərisiniz,
onların bilik mənbəyisiniz. Mən sizə
uzun ömür və cansağlığı
arzulayıram.
Bu festivalın hazırlanmasında
əməyi olan hər bir insana
öz təşəkkürümü
bildirirəm. Ümidvaram ki, festival uğurla
keçəcəkdir.
Mən bir daha hamınızı
qarşıdan gələn
Novruz bayramı münasibətilə ürəkdən
təbrik edirəm, bütün festival iştirakçılarına
uğurlar, muğamsevərlərə
xoş anlar arzulayıram.
İndi isə "Muğam aləmi" festivalını
açıq elan edirəm.
X X X
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin,
tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.
Festivalın açılış mərasimində
ABŞ, Türkiyə, Çin,
İran, Özbəkistan,
İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş
qonaqlar da iştirak etmişlər.
Səs.- 2011.- 15 mart.- S. 6.