Zərdab: təşəbbüskarlıq
və icra intizamı inkişafı sürətləndirir
Rayonda əvvəlki ildəkindən 2,6 faiz çox -
51,1 milyon manatlıq ümumi məhsul istehsal edilib
İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələri gündən-günə daha da çiçəklənir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir. Zərdab rayonunda da bu inkişaf bütün sahələrdə özünü göstərir.
"Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
genişmiqyaslı işlər görülür
Zərdab rayon icra hakimiyyətindən əldə etdiyimiz məlumata görə, rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı işlər görülür. Dövlət Proqramının uğurla həyata keçirilməsində məqsəd əhalinin sosial təminatını və güzəranını yaxşılaşdırmaqdan ibarətdir. Verilən məlumata görə, proqram çərçivəsində rayonda bütün sahələrdə sürətli inkişaf gedir. Rayon mərkəzində tikinti-quruculuq, abadlıq işləri, demək olar ki, başa çatıb. Ötən il rayonda əvvəlki ildəkindən 2,6 faiz çox - 51,1 milyon manatlıq ümumi məhsul istehsal edilibdir. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 85 faizdən artıq olub. Keçən ilin yaz aylarında yağan güclü yağışlar, Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin qalxması bitkiçiliyə, o cümlədən, taxılçılığa ciddi ziyan vursa da, nəticədə 16464 hektar sahədən 34498 ton taxıl götürülübdür. Sahələrdən əvvəlki ildəkindən 224 ton çox - 721 ton pambıq istehsal olunub. Quşçuluqla məşğul olan "Turac 2008" və "Səma" MMC-lər öz istehsal sahələrini xeyli genişləndirmişlər. Göl balıqçılığı və arıçılıq sürətlə inkişaf edir. Allahqulubağı, Pərvanlı, Qaravəlli, Yarməmmədbağı kəndlərinin ərazilərində yeni balıqçılıq təsərrüfatları yaradılıbdır.
17134 hektar sahədə taxıl, o
cümlədən, 4313 hektar arpa, 12821 hektar buğda əkilib
Rayonda əhalinin
əksəriyyətinin məşğuliyyəti kənd təsərrüfatı
ilə bağlı olduğu üçün əsas diqqət
aqrar bölmənin inkişafına yönəldilibdir. 2010-cu
ildə 32240 hektar sahədə kənd təsərrüfatı
bitkiləri əkilmiş, sahələrin 51,1 faizini
payızlıq dənli, 44,5 faizini yem, 1,9 faizini texniki,
qalanını isə bostan və tərəvəz bitkiləri
təşkil edibdir. 2010-cu ilin məhsulu üçün 17134
hektar sahədə taxıl, o cümlədən, 4313 hektar
arpa, 12821 hektar buğda əkilmişdir. Mart, aprel və may
aylarında Kür, Göyçay və Türyançay
çaylarının həddindən artıq qalxması və
aramsız yağan leysan yağışlar ilə bağlı
baş verən təbii fəlakət nəticəsində
1195 hektar əkin, o cümlədən, 670 hektar taxıl sahəsi
məhv olmuşdur. Qalan 16464 hektar taxıl sahəsindən
34498 ton məhsul istehsal olunub. 2010-cu ildə toxumçuluq
üzrə 4 kəndli fermer təsərrüfatı 188 hektar
sahədə toxumluq taxıl əkmişdir. 530 ton fiziki, 462
ton kondisiyalı çəkidə toxum istehsal edilərək
torpaq mülkiyyətçilərinə satılıbdır. Həmçinin, 3064 ton
kartof, 10758 ton bostan, 3489 ton tərəvəz məhsulları
istehsal olunubdur. Heyvandarlığın inkişaf etdirilməsi
istiqamətində də xeyli iş görülübdür.
Son bir ildə iri malın baş sayı 583 baş artaraq
53110-a, qoyun- keçilərin sayı 1579 baş artaraq 107690-a,
quşların sayı 703 baş artaraq 195116-ya yüksəlibdir.
Rayonda tikinti-quruculuq işlərinə ümumilikdə 1
milyon 725 min manatlıq vəsait sərf olunub
RİH-in məlumatına görə, rayon ərazisində geniş tikinti quruculuq-abadlıq işləri həyata keçirilibdir. Dövlət Proqramına uyğun olaraq Zərdab-Mollakənd yolunun Zərdab rayonu ərazisindən keçən 20,8 kilometr hissəsi tikilib istifadəyə verilmişdir. Heydər Əliyev adına parkda daxili imkanlar hesabına Heydər Əliyev Mərkəzinin tikintisinə, parkın giriş qapısının yenidən qurulmasına başlanılmışdır. 455 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin binasında tikinti işləri davam etdirilmiş, il ərzində 130 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür. Çallı kəndi ərazisində smeta dəyəri 165 min manat olan Telemetrik Seysmik Stansiyanın tikintisi davam etdirilir. Şəhər ərazisində Dövlət Bayrağı Meydanının, rayonun müasir tipli giriş qapısının tikintisinə başlanılmışdır. Şəhərin 11-ci məhəlləsində köhnə, qeyri-qanuni tikililər sökülmüş və əhalinin istirahəti üçün nəzərdə tutulmuş nümunəvi məhəllənin salınmasına başlanılmış, 42,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilibdir.
Zərdabda son 7 ildə 5844 yeni iş yeri
açılıb
"Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən
son 7 ildə Zərdabda 5844 yeni iş yeri
yaradılıbdır. Rayon Məşğulluq Mərkəzində
191 nəfər işaxtaran kimi qeydiyyata alınmış,
onlardan 175 nəfər mərkəzin göndərişi ilə
rayonun müxtəlif idarə və təşkilatlarında
işlə təmin olunublar. 2010-cu ildə rayonda hər
işçiyə hesablanan orta aylıq əmək haqqı
2009-cu ilə nisbətən 3,7 faiz artaraq 163,4 manat təşkil
edir. 2010-cu ildə əhalinin aztəminatlı hissəsinə
ünvanlı sosial yardımın verilməsi davam etdirilir. Onu
da qeyd edək ki, 653 ailəyə 610 min manat məbləğində
ünvanlı sosial yardım verilibdir. 2009-cu ildə bu göstərici
569,2 min manat olub.
Bütün bu nailiyyətlər,
onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı Zərdab rayonunda
böyük uğurla reallaşır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 30 mart.- S. 8.