Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamları...

 

Beynəlxalq Mətbuat Mərkəzində "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının təqdimatı keçirilib

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV rəhbərləri, ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təqdim olunan kitabda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamlardan bəhs olunduğunu bildirib. Rəşad Məcid qeyd edib ki, tarixşünaslıq üçün yenilik sayılacaq faktlar, məqalələr kitabda öz əksini tapıb: "Azərbaycan", "İstiqlal", "Hümmət" kimi mətbuat orqanları ilə yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən 1918-ci ildə Tiflisdə nəşr olunan "Qardaş qayğısı" qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb".

Baş redaktor kitabda əslən Maştağa qəsəbəsindən olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan"mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918-ci il..." kitabının da müasir əlifbada işıq üzü görərək, kitaba daxil edildiyini xatırladıb.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu və bu baxımdan da hazırda təqdim olunan kitabın əhəmiyyətli sənəd olduğunu  bildirib: "Biz erməni vəhşiliyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Azərbaycanlılara qarşı tarix boyu soyqırımı aktları törədən ermənilər indiyə kimi cəzalandırılmayıblar. Ermənilər ən azından tarix qarşısında cavab verməli olacaqlar".

Q.Paşayeva çıxışının sonunda bildirib ki, "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabı ən azından rus və ingilis dillərinə tərcümə olunaraq, dünya ictimaiyyətinə çatdırılmalı, həmçinin, pulsuz olaraq orta və ali məktəblərdə yayılmalıdır.

Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında Azərbaycan mətbuatının parlaq  dövrü olan 1918-20-ci illər mətbuatının kifayət qədər araşdırılmadığını diqqətə çatdırıb. Həmin dövrün ziyalılarının indiki dövrün ziyalıları ilə müqayisədə milli məsələlərə yanaşma mövqeyi baxımından daha vicdanlı olduğunu deyən millət vəkili, eyni zamanda, paytaxt Bakıda  soyqırımı muzeyinin yaradılmasına ehtiyac olduğunu qeyd edib: "Bakıda soyqırımı muzeyi yoxdur. Görünür, öz içimizdə bu hadisələrin üzə çıxmasını istəməyənlər var. Buna görə də mətbuatımız bu məsələdə hücum mövqeyində olmalıdır".

Millət vəkili Fazil Mustafa da çıxışında Bakı şəhərində soyqırımı muzeyinin yaradılmalı olduğunu vurğulayıb: "1905-ci ildən bu yana törədilən soyqırımı aktlarına kompleks yanaşılması vacibdir. Bu baxımdan da 31 mart soyqırımına  bu kontekstdə yanaşmaq lazımdır."

Tədbirdə iştirak edən digər qonaqlar da öz çıxışlarında A.Aşırlının qələmə aldığı kitabın 31 mart soyqırımı ilə bağlı həqiqətlərin ortaya çıxarılması və ictimaiyyətin diqqətinə çatdırılmasında önəmli mahiyyət daşıdığını qeyd ediblər. Tədbirin sonunda ümumi rəydə formalaşan  fikirlərdə vurğulanıb ki, ermənilərin məkrli siyasətinin, qəddarlığın dünya ictimaiyyətinə çatdırılması üçün bu və bu kimi digər kitabların xarici dillərə tərcümə edilməsinə ehtiyac duyulur.

 

 

R.RƏSULOV

 

Səs.- 2011.- 30 mart.- S. 11.