Kənd təsərrüfatının inkişafına dövlət qayğısı gücləndirilir

 

Kənd təsərrüfatının inkişafına dövlət qayğısı ilbəil artırılır. Faktlara diqqət yetirək. Ölkə Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncamına əsasən göstərilən tarixdən bu günə kimi mineral gübrələr istehsalçılara güzəştli şərtlərlə satılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il satıcı təşkilatlar tərəfindən istehsalçılara güzəştlə 68435,8 ton mineral gübrə satılıbdır ki, onun da dövlət büdcəsindən ödənilən 50 faizlə dəyəri 6 milyon 724 min 284 manat təşkil edibdir. Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına əkin sahələrinin becərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına yanacaq və motor yağları güzəştli şərtlərlə verilibdir. Eyni zamanda, 505303,54 hektar sahədə aparılan buğda səpininə görə 154330 istehsalçıya 62 milyon manat maddi yardım göstərilməsi də planlaşdırılıbdır.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" ölkə Prezidentinin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə buğda istehsalı ilə məşğul olan toxumçuluq təsərrüfatlarına idxal buğda toxumunun satış qiymətinin 50 faizinə, mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilmişdir. Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədilə də istehsalçılara bir sıra güzəştlər edilmişdir.

Aqrar sahənin inkişafında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan "Aqrolizinq" Səhmdar Cəmiyyətinin rolu da danılmazdır. Son iki ildə adı çəkilən cəmiyyət təsərrüfatlara vermək üçün 1090 ədəd traktor, 100 ədəd ekskavator, 2268 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası, 26 kompleks texnoloji avadanlıq, 165160 ton müxtəlif mineral gübrələr və pestisidlər almışdır. Kənd təsərrüfatında bu il üçün də bol məhsulun əsası qoyulmuşdur.

2011-ci ilin birinci rübündə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün dövlət büdcəsindən vəsait ayrılıbdır. Bu məqsədlə "Aqrolizinq" ASC-yə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait yönəldilibdir.

 

Əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı uğurla yerinə yetirilir

 

Son illər aqrar islahatlar nəticəsində kənd təsərrüfatı sürətlə inkişaf etmiş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmışdır. Kənd təsərrüfatı bitkilərinin becərilməsində fermerlərə dövlət tərəfindən hərtərəfli dəstək və qayğı göstərilməsi də öz bəhrəsini vermişdir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ötən il əkin sahələrinin tam uçotu keçirilibdir. Uçot məlumatlarına görə, dənli və dənli-paxlalı bitkilərin əkin sahələri 2009-cu ildə 2008-ci ilə nisbətən 125,3 faiz, texniki bitkilərin əkin sahələri 58 faiz, kartof, tərəfəz və bostan bitkilərinin əkin sahələri 96,5 faiz, yem bitkilərinin əkin sahələri 103,4 faiz artırılıb. Cari ilin əvvəlindən ötən dövr ərzində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz, o cümlədən, bitkiçilik üzrə 9,2 faiz, heyvandarlıq məhsulları üzrə 2,1 faiz artmışdır.

 

Aqrar bölmənin müsbət nəticələri

 

Azərbaycanın iqtisadi uğurlarında, göründüyü kimi, aqrar bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, dövlət başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın kənd təsərrüfatına, eləcə də, Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, rəqabət qabiliyyətinin qorunması, birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür və bu, hazırda da davam etdirilir. Məhz bunun nəticəsidir ki, ötən ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilibdir. Əhalinin vergi yükünün azaldılması məqsədilə ötən ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə qədər azaldılıb.

Qeyd edək ki, respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədi ilə 2011-ci ilin məhsulu üçün ötən ilin payızından bir sıra hazırlıq işlərinə başlanılıb. 915,2 min hektar sahədə dən üçün payızlıq taxıl əkilibdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa təşkil edir. Bu da 2010-cu ildəkindən 6,6 min hektar artıqdır. Bəs kənd təsərrüfatı sahəsində vəziyyət necədir? Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ildə əvvəlki ilə nisbətən ət istehsalı (diri çəkidə) 7,1 faiz artaraq 439,9 min ton, süd istehsalı 6,7 faiz artaraq 1 milyon 529 min ton, yumurta istehsalı 1 milyard 178,6 milyon ədəd, yun istehsalı 2,4 faiz artaraq 15,6 min ton təşkil edib. Ölkə üzrə ötən il qaramalın sayı 2,64 milyon baş, o cümlədən, inək və camışların sayı 1,3 milyon baş, qoyun və keçilərin sayı 8,46 milyon baş, quşların sayı 22 milyon olubdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli artıqdır.

Aqrar bölməyə, ümumilikdə, qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, kənd təsərrüfatı istehsalçılarının, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Buna görə də, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilib 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır. Adıçəkilən fondun vəsaiti hesabına bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 729 layihənin maliyyələşdirilməsinə 1244,4 min manat, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 4 layihənin maliyyələşdirilməsinə 5,300 min manat güzəştli kredit vəsaiti ayrılmışdır.

Ümumiyyətlə, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla reallaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli və əlverişli şərait yaradılmış, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilmiş, fermerlərə traktor, kombayn və digər maşın və avadanlıqlar, toxum, gübrə, habelə, pestisidlər verilibdir.

Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı aqrar sektorun indiki durumunu geniş təhlil etmiş, fermerlərə bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulamışdır: "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir..."

Bütün bunların nəticəsidir ki, bu il qarğıdalı da daxil olmaqla taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən, buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, ötən ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir. Son məlumata görə, 70 min hektardan çox sahədə kartof, 80 min hektara yaxın sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri və s. əkilmişdir. İndiyədək 260 min tondan çox kartof, 270 min tondan çox tərəvəz, 70 min tona yaxın meyvə, 12 min tondan çox bostan məhsulları yığılmışdır. Hazırda məhsul yığımı davam etdirilir.

Göründüyü kimi, ölkə iqtisadiyyatında əldə edilən uğurların böyük hissəsi aqrar bölmənin payına düşür. Bu isə dövlətin kənd təsərrüfatına göstərdiyi diqqətin getdikcə artırılması ilə bağlıdır.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 4 may.- S. 8.