Yardımlıda uğurlu inkişaf və tərəqqi

 

Dövlət Proqramı çərçivəsində əldə olunan nailiyyətlər

 

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra olunması nəticəsində rayonun iqtisadi imkanları genişlənib, sosial problemlər həll olunub, infrastrukturlar yenilənib. Yardımlı rayonu Talış dağlarının şimal-qərb ərazisini əhatə edir. Şimaldan, qərbdən və cənub-qərbdən İranla həmsərhəd olan rayon əhalisinin sayı 56500 nəfər, ümumi sahəsi 667 kvadrat kilometrdir. Mərkəzi şəhər tipli Yardımlı qəsəbəsi olan rayonun ərazisi 90 kəndi əhatə edir.

Bakıdan 300 km aralıda yerləşən Yardımlı Talış və Peştəsər dağ silsilələrinin şimal-qərbində, Peştəsər və Buravar silsilələri arasındakı çökəklikdə geniş bir ərazidə yerləşir. Şinunkələk və Tarakən dağ zirvələrinə malik ərazi yayı quraq keçən mülayim isti iqlimə malikdir. Kollu və seyrək meşələrin əhatə etdiyi 20536 hektara yaxın ərazidə adları "Qırmızı Kitab"a düşmüş palıd, fısdıq, vələs, azat, dəmirağacı kimi nadir ağaclar üstünlük təşkil edir. Yardımlı-Lerik aralığındakı Zuvand yasaqlığına daxil olan Qız Qalası tarixi abidəsi dəniz səviyyəsindən təxminən 2200 metrdən çox yüksəklikdə yerləşir. Ötən il ərzində rayon üzrə 57,8 milyon manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da 2003-cü illə müqayisədə 3 dəfə çoxdur. Rayonda ötən il ərzində 549,6 min manatlıq sənaye, 20,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq ticarət, 938 min manatlıq nəqliyyat, 242,7 min manatlıq rabitə xidməti göstərilibdir. Rayon üzrə il ərzində əsas kapitala yönəldilən investisiyaların  həcmi 8,3 milyon manat təşkil edibdir ki, bu da 2003-cü illə müqayisədə 33,5 dəfə   artıqdır. Həmçinin, 2010-cu ildə rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3,2 dəfə artaraq 210,8 manata çatmışdır.

 

Sahibkarlara siyasi və maddi dəstək

 

Son illər dövlət tərəfindən regionların sürətlə inkişafına göstərilən xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsi artaraq sahibkarlıq fəaliyyəti genişlənməkdədir. Sürətlə inkişaf edən ölkəmizin, bütün regionlarında olduğu kimi, Yardımlıda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılıbdır. Hazırda bu sahədə işlər davam etdirilir. Xüsusilə ötən il 27 sahibkara, o cümlədən, rayonumuzun 4 sakininə güzəştli kredit verilibdir. İl ərzində 2 hüquqi və 80 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmişdir. Ötən ildə sahibkarlıq subyektləri tərəfindən 57,2 milyon manatlıq məhsul istehsal olunubdur ki, bu da rayon üzrə istehsal olunan ümumi məhsulun 97 faizini təşkil edir. Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı bir daha sahibkarlara dövlət qayğısı və diqqətin olduğunu bir daha təsdiqləyir. Rayonun təsərrüfatlarında torpaq islahatı aparıldıqdan sonra 36776 ha torpaq sahəsi dövlət mülkiyyətinə, 12567 ha torpaq sahəsi xüsusi mülkiyyətə, 17377 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilibdir. İl ərzində dövlət mülkiyyətində olan torpaqlardan 27 fiziki və hüquqi şəxsə 760 ha torpaq sahəsi  təhkim olunub.

 

Əhalinin sosial rifahı yüksəlir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublikamızın digər rayonlarında olduğu kimi, Yardımlı rayonunda da uğurla həyata keçirilir. RİH-in məlumatına görə, Yardımlı rayonunda inkişaf tempi daha da artıb, insanların rifah halı və maddi vəziyyəti yüksəlib. Belə ki, cari ilin yanvar ayında rayonda 6495 nəfər əmək haqlarını, 3936 nəfər kənd təsərrüfatı üzrə birdəfəlik yardımlar, 2551 nəfər ünvanlı sosial yardım, 2732 nəfər sosial pensiya və 6445 nəfər əmək pensiyalarını plastik kartlar vasitəsi ilə almışlar. Rayon üzrə 860 ailənin 4664 nəfər üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunub, onlara 1 milyon 486 min manat həcmində vəsait ödənilibdir. Bu isə hər bir ailəyə ayda 100 manat, hər bir ailə üzvünə 18,4 manat yardım deməkdir. Rayon üzrə Qarabağ müharibəsi əlillərindən 19 nəfəri, şəhid ailələrindən 3 nəfəri mənzillə təmin olunub. 3415  nəfərə 2 milyon 134 min manat sosial müavinat və təqaüd,  8133 nəfərə 9 milyon 44 min manat əmək pensiyası ödənilibdir. Ödənilən əmək pensiyasının orta həddi 104,9 manat təşkil edibdir ki, bu da 2003-cü illə müqayisədə 88.3  manat və yaxud 6,3  dəfə artıqdır.

Eyni zamanda, il ərzində  əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə mütəmadi olaraq vakant iş yerləri barədə məlumatlar toplanmış, rayon məşğulluq mərkəzi tərəfindən keçirilmiş əmək yarmarkalarında 180 nəfər işlə təmin olunubdur. Rayon üzrə təbii artım 1065 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 125 nəfər çoxdur. Ümumiyyətlə, son 7 il ərzində rayon üzrə 4442 yeni iş yerləri açılmışdır ki, onlardan da 2239-ü daimi iş yerləridir.

 

Təhsil və səhiyyənin inkişafı bu rayonda da sərgilənir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Yardımlı rayonunun Ərus kəndində 360, Honuba kəndində 220, Horavar kəndində 200, Osnakəran kəndində 180 şagird yerlik orta, Ləzir kəndində 24 şagird yerlik ibtidai məktəb binaları tikilib istifadəyə verilibdir. Əlavə olaraq qəzalı vəziyyətdə olan 15 məktəb binası əsaslı təmir olunubdur. Məktəblərin  tikintisində  bütün  müasir  tələblər  nəzərə  alınaraq  əlavə  kompüter, kitabxana    digər xidmət otaqları  nəzərdə  tutulubdur. Bununla da, son 5 il ərzində rayon üzrə 52 məktəb yenidən tikilib, əsaslı təmir olunub və əlavə sinif otaqları tikilibdir. İstifadəyə verilmiş bütün məktəblər yeni avadanlıq və inventarlarla, kompüter dəstləri ilə  təmin olunubdur. Tikilən və əsaslı təmir olunan məktəblərdən 33-ü "Yeniləşən Azərbaycana yeni məktəb proqramı" çərçivəsində Heydər Əliyev Fondu hesabına inşa olunub. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq təkcə 2009-2010-cu illərdə məktəblərimizə 20 ədəd kompüter dəsti verilibdir.

Əhaliyə göstərilən səhiyyə və mədəni xidmətin səviyyəsi də əvvəlki illərə nisbətən yaxşılaşıbdır. Rayon mərkəzi xəstəxananın əsaslı təmir olunması və rayona ən müasir avadanlıqlarla təmin ejilibdir. Eyni zamanda, mərkəzi rayon xəstəxanasına bir ədəd müasir avadanlıqlarla təchiz olunmuş təcili yardım maşını verilibdir ki, bu da çağırışların vaxtında icrasını, yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsini təmin edir. Görülən tədbirlər nəticəsində ötən il ərzində rayonda ana  və uşaq ölümünün səviyyəsi azalmış, peyvəndlə əhatə olunan əhalinin sayı 95 faiz təşkil edibdir ki, bu da ümumrespublika göstəricisindən 3 faiz çoxdur.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 3 may.- S. 11.