Milli ideya özünün həqiqi təcəssümünü müstəqil Azərbaycanın mövcud olduğu 20 ildə tapıb

 

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da “Buta” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir:“Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.  Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”. (“Azərbaycan” qəzeti, 12 may 2011-ci il). Məqalənin mövzusunun açılmasında bu fikirlər əsas rol oynayır.

“SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaqlar dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdi, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər”. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” adlı məqaləsi bu fikirlərlə başlayır. Akademik Azərbaycan tarixinin son iki yüz ilində baş vermiş hadisələri, dövlətçilik tariximizin ən parlaq səhifələrini oxucuların diqqətinə çatdırmaqla onlara kimliyimizi anladır, tarixin ən vacib anlarında bir olmağa, yumruq kimi birləşməyə çağırır.

Bu illər ərzində həll edilən məsələlərin xarakterinin əvvəlki illərlə əsla müqayisə olunmadığını izah edən müəllif XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideyanın özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapdığını bildirir.

Akademik məqaləsində qeyd edir ki, Azərbaycanda inqilabaqədərki milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik ideologiyası kimi inkişaf edirdi. Bu ideologiya öz milli hüquqlarının müdafiəsi işində bütün türkdilli xalqların birliyi və həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin, perspektivdə isə dövlətinin yaranmasını təmin etməli idi. Azərbaycanda genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin kvintessensiyası idi.

Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. “Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə, anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşamışlar. Yeri gəlmişkən, deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və çoxları üçün nümunədirsə, bu, yalnız və yalnız onun daxili insan resursları və istedadı sayəsindədir”, - deyə müəllif qeyd edir.

XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi “azərbaycançılıq” milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən, xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu. 1918-ci ilin mayında Azərbaycan dövlətinin yaradılması Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması prosesinin obyektiv yekunu oldu. XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət Bayrağının üç rəngində təcəssüm olunur.

Məqalə müəllifi 1918-ci ilin may ayının 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin o dövr üçün xarakterik olan cizgilərini verərək, 23 ay yaşamış və Şərqdə ilk demokratik dövlətin qurulması və məğlubiyyətini şərtləndirən parametrləri açıb göstərib. Təəssüf ki, bir sıra obyektiv və subyektiv daxili və xarici səbəblər üzündən birinci Azərbaycan Respublikasının liderləri dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə keçən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqı dağılana qədər müstəqillik ideyaları boğuldu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı milli ideyanın həyata keçirilməsi - müstəqil milli dövlətçiliyin qurulması üçün daha bir tarixi şans əldə etdi. XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi dərslərinin təkrarlanması təhlükəsi 1993-cü ildə özünü aşkar şəkildə göstərməyə başlamışdı. Dövlətin qurulmasında, onun qorunub saxlanmasında milli ideologiyanın mühüm yer tutduğunu yazan müəllif bunun məhz 1993-cü ildən başlayaraq bərqərar olduğunu qeyd edir. Milli ideologiya bütün millətin mənafelərini ifadə etdikdə, onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin əksəriyyətinin dünyabaxışının mühüm hissəsinə çevrildikdə öz məqsədini doğrulda bilər. 

Son 20 ildəki siyasi inkişaf göstərib ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, “azərbaycançılıq” ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürüb. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir.

Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri də şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar: Mustafa Kamal Atatürk, Konrad Adenauer, Şarl de Qoll, Li Kuan Yu, Franklin Ruzvelt.

Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət Ümummilli Lider Heydər Əliyev, sözün həqiqi mənasında, millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olub.

Tarixi miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli düşünülmüş şəkildə qiymətləndirərək, Azərbaycan dövlətinin varlığının özü üçün gərəkli təcili və həyati əhəmiyyətli məsələlərin - hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi.

Heydər Əliyev bütün dövlət quruculuğu prosesinin həyata keçirilməsinin yeganə təminatçısı olmuşdur. Azərbaycanda dövlətçiliyin və milli şüurun, iqtisadiyyatın və sosial quruluşun, siyasi sistemin və identikliyin durğunluq və tənəzzül keçirdiyi həmin dövrdən təqribən 20 il ötəndən sonra cəsarətlə deyə bilərik ki, 1993-2003-cü illərdə Heydər Əliyevin on illik prezidentliyinin əsas uzunmüddətli hədəfləri bütün sahələri əhatə etmişdir.

Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilib. Dövlətçilik quruculuğu tarixi prosesinin məntiqi müasir dövrün çağırışlarını başa düşməyin keyfiyyətcə yeni səviyyəsinə keçməyi tələb edirdi. Bununla belə, sistem dəyərləri dəyişməz qalmalı idi. İlham Əliyev Azərbaycan milləti üçün hər iki tələbi təmin edən seçim oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı bütün uğurlardan danışarkən, ilk növbədə, ölkə iqtisadiyyatının vəziyyətinin kökündən dəyişməsini vurğulayıb, 1993-2003-cü illərdə həyata keçirilmiş islahatların bütün spektrini, o vaxta qədər ölkəyə cəlb edilmiş investisiyaların ümumi həcminin 15 milyard dollar olmasını, bu proseslərdə ictimai-siyasi sabitliyin mühüm rol oynamasını xatırladıb. İlham Əliyev yeni vəzifədə elə ilk nitqində müasir Azərbaycanın ən mühüm probleminə - Dağlıq Qarabağın işğal edilməsinə yeni səpkidə münasibətini bildirmiş, dünya birliyini “ikili standartlardan” imtina etməyə çağırmış, dünyanın və regionun əsas aktorlarının təcavüzkara təzyiq göstərməkdə öz rollarını fəallaşdırmasının zəruriliyini vurğulayıb.

İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürdü. Həmin məsələnin başa düşülməsi dünya birliyinə inteqrasiyanın strateji məqsədi ilə ahəngdar şəkildə uzlaşırdı. Sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını “cavanlaşdırmadan”, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün olmazdı.

Prezidentin strateji baxışları çərçivəsində qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan verib. 2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin mədaxil hissəsi 7,6 dəfə artıb. Həmin dövrdə ümumiyyətlə 900 minə yaxın iş yeri, o cümlədən, 700 min daimi iş yeri açılıb.

Akademik məqalədə iqtisadiyyatın bütün sahələrində baş verən dirçəlişin məhz qarşıya qoyulan məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu vurğulayır. Rayonlarda və kəndlərdə sahibkarlığın dövlət tərəfindən təşviqi prosesinin indi də davam etdiyini qeyd edir.

Müəllif Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi barədəki qeydlərində vurğulayır ki, işlər davam edir və bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. Bütün bunlar onu göstərir ki, artıq bu gün yeni texnologiyalar sahəsində gələcək uğurların təməli qoyulur. Bu, Azərbaycan iqtisadiyyatına nəinki çox güclü təkan verəcək, həm də Prezidentin həyata keçirdiyi strateji layihələrə uyğun olaraq, gəlirlərin şaxələndirilməsini təmin edəcəkdir. 

Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin çoxvektorluluğuna, regionda ən yüksək döyüş qabiliyyətinə malik ordu yaradılmasına və ölkənin geostrateji mövqeyinin maksimuma çatdırılmasına yönəlmiş fəaliyyət xətti bu gün də davam etdirilir.

İlham Əliyevin prezidentlik dövrü, ilk növbədə, müstəqil xarici siyasət təşəbbüslərinin, o cümlədən, iqtisadi və nəqliyyat-energetika təşəbbüslərinin sayı ilə fərqlənir. 2003-cü ildən bəri dövlət başçısı dünyanın 45 ölkəsinə 146 səfər etmişdir və buraya yalnız dövlət səfərləri və rəsmi səfərlər daxildir. Xarici ölkələrin liderlərinin və siyasi xadimlərinin Azərbaycana səfərlərini də buraya əlavə etsək, görərik ki, bu gün ölkəmiz Cənubi Qafqazda regional liderə çevrilmişdir, onun fikri nəzərə alınmasa, istənilən regional layihələr ya bəri başdan səmərəsizliyə məhkum olacaq, yaxud da açıq-aşkar utopiya olaraq qalacaqdır. Bu gün Azərbaycan təkcə xammal ixracatçısı və nəqliyyat dəhlizi deyil, həm də Avropa geoiqtisadiyyatının və regional siyasətin mühüm vəsiləsidir.

Beləliklə, Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin və qarşılıqlı intellektual fəaliyyətin prioritet amilinə çevrilir. Müxtəlif dillərdə yayımlanan və çox geniş analitik və xəbər spektrini əhatə edən informasiya resurslarının sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir.

Bu gün vətəndaşlıq şüuru lazımi səviyyədə olan hər bir azərbaycanlı müasir Azərbaycan dövlətçiliyinin inkişafına dair tarixi layihəyə özünün şəxsi töhfəsini real şəkildə hiss edə bilər. Məhz son illərdə təkamül yolu ilə Azərbaycan fərdlərin ölkədə həyata keçirilən bütün tədbirlərin mənasını başa düşmək, dərk etmək imkanına malik şüurlu vətəndaşlara çevrilməsi üçün rahat şərait yaradan ölkə olmuşdur.

Azərbaycanda yaranmış iqtisadi inkişaf və dövlət idarəçiliyi modeli, modernləşmə xəttinin seçilməsi, heç şübhəsiz, bundan sonra yalnız təkmilləşəcək və bu mənada Azərbaycan demokratiyasının təkamülü istiqamətində səylər davam etdiriləcəkdir. Lakin artıq indidən demək olar ki, Azərbaycanın inkişaf vektorları barədə Prezidentin strateji planları özünü tamamilə doğruldub.

İndi bütün siyasi ssenarilər və müzakirələr yalnız inkişaf məcrasında nəzərdən keçirilir və bu fakt son illərdə qazanılmış nailiyyətlərin nəticəsidir. İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynamışdır və əgər belə demək mümkündürsə, Azərbaycan millətinin və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilib. İllər, onilliklər keçəcək, inkişaf etmiş müstəqil Azərbaycanın vətəndaşlarının nəsilləri bir-birini əvəz edəcək, yeni çağırışlar yaranacaqdır. Lakin 1993-cü ilin yayından başlanmış və bütün sonrakı illərdə gələcək nəsillər üçün azad və insana layiq həyatın təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər millətin kollektiv yaddaşında həmişəlik qalacaqdır. “Bizim ən yaxşı vətəndaşlarımızın” yeni nəsilləri dövlət idarəçiliyi sükanını əldə saxlayacaq, bu gün Prezident İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək formalaşdırdığı səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və açıq cəmiyyətin bünövrəsinə əsaslanacaqlar.

 

 

VƏLİ VƏLİYEV

 

Səs.- 2011.- 27 may.- S. 5-6.